Yunanıstanın Avrozonadan çıxması kimə sərf edir? - TƏHLİL

yunanistanin avrozonadan cixmasi kime serf edir tehlil
Bakı-APA. Yunanıstanda əvvəlcədən ehtimal olunan iqtisadi və siyasi böhranın səbəblərindən uzun müddət inandırıcı və bir o qədər də mənasız söhbətlər etmək olar.

Daxili və siyasi səbəblər çoxdur, lakin onlar hətta yunanları belə artıq maraqlandırmır. Onları narahat edən böhranın yaratdığı nəticələr və mümkün çıxış yollarıdır. Digər ölkələrə gəldikdə isə, nə qədər utancverici səslənsə də, onları Yunanıstandakı böhranın ölkə iqtisadiyyatının mövcud durumunun özlərinə mümkün təsirləri maraqlandırır.

 

Yunan kollapsının ilk növbədə Avrozonaya və ümumilikdə Avropa Birliyinə təsir edəcəyi tamamilə aydındır. Bundan daha aydın olan isə bu təsirin neqativ olacağıdır. Bunu hamı anlayır və buna görə də tam iflasdan yaxa qurtarmaq üçün bu günlərdə Yunanıstana 86 milyard avro həcmində yeni kredit proqramı təsdiqləndi. Proqramı Avrozonaya daxil olan bütün ölkələr dəstəklədilər, vəsaiti isə Avropa Birliyi, Avroma Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu ayıracaq. Vəsaitin büdcə borclarının bağlanmasına, ehtiyat fondların formalaşdırılmasına, bank və maliyyə sisteminin yenidən kapitallaşdırılmasına yönəldiləcəyi gözlənilir. Digər gözlənti isə ölkədə iqtisadiyyatın möhkəmləndirilməsi üçün struktur islahatlarının aktivləşdirilməsidir. İki sual ortaya çıxır. Birincisi: Avropa nə üçün Yunanıstanı maliyyələşdirməkdə davam edir? İkincisi: Vəsait olmayacaqsa, struktur islahatları necə aparılacaq? (Bir daha xatırladaq ki, ayrılan kredit qısamüddətli borcların ödənilməsi üçün istifadə olunacaq). Birinci sualın cavabı var, ikinci sualın cavabı isə yoxdur. Yunanıstana kredit verilməsə, alternativ variant ölkənin iflas elan edilməsi, Avrozonadan çıxması olacaqdı. Bu addımların Avropa İttifaqının özü üçün necə ağır nəticələrə səbəb olacağını tam təxmin etmək çətindir. Üstəlik yeni presedent yarana bilərdi – Yunanıstanın borc yükü çəkilməyəcək qədər ağır olacaq, yenidən dövriyyəyə buraxılacaq milli valyuta – draxma ilk andaca dəyərinin itirəcək, avro ilə olan xarici borcların vəziyyəti isə daha da pisləşəcəkdi. Avropalı kreditorlar isə çox güman ki, milyardlarla avro borcu silməyə məcbur qalacaqdı. Avropalılar həm də təkcə dövlət borclarını deyil, korporativ borcları da silməli olacaqdılar. Ən pisi də budur, çünki korporativ borclar avropalılara heç siyasi təzyiq üçün də imkan vermir. 

 

Struktur islahatlarına gəldikdə isə, Aleksis Çipras hökuməti onlara gözlənildiyi kimi, çox “orijinal” yanaşdı - dövlət mülkiyyətinin total satışı... Artıq ilk anlaşma imzalanıb – 14 regional aeroport, yaxud yerli ekspertlərin qeyd etdiyi kimi ölkənin turizm sənayesinin sütunu 1,239 milyard avroya Almaniyanın Fraport şirkətinə satıldı. Ehtimal olunur ki, üçüncü maliyyə yardımı paketini dəstəkləmək müqabilində Almaniya rəsmi Afina qarşısında özəlləşdirməni davam etdirmək tələbi qoyacaq. Nəzərə alsaq ki, özəlləşdirmədə mütləq xarici investorlar iştirak edəcək, bu, faktiki olaraq Yunanıstanın dövlət mülkiyyətini dəyər-dəyməzə xaricilərə satılması deməkdir. Nə qədər paradoksal, nə qədər kədərli olsa da, indiki vəziyyətdə Yunanıstan üçün borc quyusundan tək çıxış yolu budur. Əks təqdirdə yunanlar ömür boyu o quyunun dibinə yuvarlana bilər. Digər tərəfdən prinsipcə burada pis bir şey yoxdur, baş verənlər yalnız yunanların milli heysiyyətinə toxunur, vəssalam. Görünür istefa verən, növbədənkənar seçkilər elan edən, öz siyasi taleyini xalqın öhdəsinə buraxan Çiprasın üzləşdiyi əsas çətinlik də bu olub. Lakin praktiki olaraq çıxılmaz vəziyyətdə qərarları qəbul etmək hüququ və məsuliyyətini xalqın öhdəsinə buraxmaq, eyni zamanda problemləri özünü deyil, başqasının həll edəcəyinə ümid bəsləmək – kifayət qədər məsuliyyətsizlikdir. İstənilən halda bu gün situasiya belədir – ölkə hələ Avrozonada qalır, cari xərclər üçün bir az pul verilib, sonrası isə necə deyərlər “Kor dedi ki, “baxarıq”...

 

Hamıdan əvvəl isə “baxarıq” sözünü Yunanıstanda iqtisadi maraqları olan, Yunanıstanla müəyyən layihələrlə bağlılığı olan ölkələr deməli olacaq, amma bu ölkələr Yunanıstanda vəziyyətə heç cür təsir etmək imkanına malik deyillər. 

 

Və biz baş verənlərin digərlərinə necə təsir edəcəyi nöqtəsinə yaxınlaşırıq. “Digərləri” dedikdə Avrozonada olmayan ölkələr və iri sərmayədarlar nəzərdə tutulur. Avrozona ölkələri ilə hər şey aydındır – biz sizə pul veririk, siz isə bizə istədiyimiz hər şeyi. Yunanıstandakı vəziyyətin digər ölkələrə və sərmayədarlara təsirini dəyərləndirmək hələlik çətindir. Yalnız portfel investorlarından başqa. Onların vəziyyəti aydındır, bu investorlar külli miqdarda pul itirirlər, çünki Yunanıstan aktivlərinin və paralel olaraq səhmlərin qiyməti sürətlə aşağı düşür. Nəticədə Yunanıstanın qiymətli kağızlarına pul yatırmış portfel investorları açıq-aşkar zərərdədir. Mənzərə belədir. Avqustun əvvəlində bir aylıq fasilədən sonra Afina Fond Birjası fəaliyyətini bərpa edən kimi əsas indeks nə az, nə çox, düz 25 faiz aşağı düşüb. 

 

Əsasən dövlət şirkətlərindən ibarət strateji investorlar isə hələlik heç nə itirməyiblər, bundan başqa onların prosesdən zərərdən çox, qazancla çıxacağı ehtimalı daha çoxdur. İzah edək. İki mühüm məqam var. Birincisi, Yunanıstanın borclarının həcmi ümumi daxili məhsulun həcmindən iki dəfə artıqdır, bu isə o deməkdir ki, yeni kredit proqramı ölkəni böhrandan çıxarmağa qadir deyil. Verilən kreditlər yalnız özünəməxsus möhlətdir və əminliklə proqnozlaşdırmaq olar ki, bir müddət sonra Yunanıstan yenidən defolt elan edəcək. Ölkə hətta struktur islahatlarına başlasa belə, bu islahatlar böhranı aradan qaldıra bilməyəcək. Deməli, Yunanıstanın yenidən Avrozonadan çıxması təhlükəsi yaranır, çünki ölkə öz pul kredit siyasəti ilə ilk növbədə maliyyə böhranından çıxmağa cəhd etmək məcburiyyətində qalır. Bu hadisə gözlənildiyindən də tez baş verə bilər, əgər növbədənkənar seçkilərdən sonra hakimiyyətə xalqa öz taleyini öz əlinə almağı vəd edən radikal qüvvələr gələrsə... Avrozonadan çıxmaq yeni hökumət üçün başağrısı olacaq, lakin pul emissiyasını müstəqil həyata keçirmək və pul-kredit siyasətini müstəqil nizamlamaq Yunanıstan üçün yeganə çıxış yolu ola bilər. Bu halda Avropa Birliyinin siyasi təsiri kifayət qədər azalır və əgər yeni hökumət strateji investisiyaları siyasi şərtlər olmadan cəlb etmək kursu götürərsə, o zaman qeyri Avropa Birliyi ölkələri Yunanıstanın cəlbedici aktivlərinə çıxış imkanı əldə edəcəklər. İndi bunu etmək mümkün deyil, çünki siyasi nəzarət mexanizmi Avropa Birliyinin, ilk növbədə isə Almaniyanın əlinə keçib. ARDNŞ-in timsalında bu mexanizmi nəzərdən keçirək. Xatırladaq ki, SOCAR Yunanıstanın DESFA qazpaylayıcı şirkətinin səhmlərinin 66 faizini formal olaraq almışdı, amma Avropa Birliyinin antiinhisar orqanlarının ucbatından anlaşmanın reallaşması ləngiyir. Artıq SOCAR-ın aldığı səhm paketinin bir hissəsini Avropa şirkətlərinə satacağı və bununla da öz payını 49 faizədək azaldacağı barədə söhbətlər gedir. Lakin atılacaq addımlara Avropa Birliyi deyil, Yunanıstan özü müstəqil qərar versə, onda Azərbaycan, Türkiyə, Rusiya, Çin kimi dövlətlər Yunanıstanın aktivlərinə geniş çıxış imkanı əldə edəcəklər. Hələlik isə Avropa Birliyi bu imkanın qarşısında geniş sipər çəkib. Başqa sözlə desək, Yunanıstanın Avrozonadan çıxması ilk növbədə Avrozonanın özünə ziyandır. Eyni zamanda bu, presedent yarada bilər, vahid məkanda özünü narahat hiss edən İspaniya və Portuqaliya kimi ölkələr də Avrozonadan çıxmaq haqqında düşünməyə başlayar. Bundan sonra isə Avropa Birliyində mərkəzdənqaçma prosesi qarşısıalınmaz xarakter ala bilər. 

 

Maliyyə itkilərini, müxtəlif formalı maliyyə, borc, kredit əlaqələrinin pozulması bir kənara qoysaq, bütün bunlar YUNANISTAN ÜZƏRİNDƏ BÖYÜK SİYASİ TƏSİRİN İTMƏSİ DEMƏKDİR. Təkcə Avropa Mərkəzi Bankının əlində 50 milyard avro məbləğində Yunanıstanın borc səhmi var. Yüz faiz əminliklə demək olar ki, Yunanıstan Avrozonadan çıxsa, bu borcun böyük hissəsi avropalılara qaytarılmayacaq.

 

Dramxa dövriyyəyə buraxıldıqdan sonra yaranacaq makroiqtisadi vəziyyəti də unutmaq olmaz. Arxasında real sektor və kifayət qədər vəsait dayanmayan draxma sürətlə dəyərsizləşəcək, gəliri avro ilə deyil, draxma ilə əldə edəcək əhalinin alıcılıq qabiliyyəti azalacaq, ticarət sektoru qiymətləri qaldıracaq və sair və ilaxır. Bütün bunlar avro ilə borclanan əhalinin və özəl sektorun öz kredit borclarını qaytarmaq qabiliyyətini aşağı düşməsin gətirib çıxaracaq. Draxmanın kursunu saxlamaq üçün hökumətə əlavə maliyyə lazım olacaq, çünki dayanmadan pul çap etmək çox təhlükəlidir. Buna görə hökumət strateji aktivlərin müqabilində sərmayə cəlb etmək məcburiyyətində qalacaq. Həm də heç bir siyasi şərt irəli sürmədən. Və bu zaman üçüncü ölkələr, həmçinin siyasətlə bağlılığı olmayan iri və orta avropalı sərmayədarlar hakim mövqeyə sahib olacaqlar. DESFA nümunəsində bu göz qabağındadır. Bu şirkət satışa çıxarılanda əsas alıcıları SOCAR və “Qazprom” idi, yəni, üçüncü ölkələrdən olan şirkətlər. Belə çıxır ki, Yunanıstanın Avrozonadan çıxması, Avropa Birliyinin, ilk növbədə isə əsas maliyyə donoru olan Almaniyanın təsir dairəsini tərk etməsi bu ölkədə iqtisadi maraqları olan üçüncü ölkələrə sərf edir. Hələlik isə vəziyyət tükdən asılıdır və üçüncü dövlətlərə hadisələrin inkişafını gözləmək qalır. Yunanıstanda baş verənlərin üçüncü ölkələrə neqativ təsiri olmasa da, “mənfəət” anlayışını hələlik heç kim ləğv etməyib.

 

Düzdür, artıq Yunanıstanda maraqları olan üçüncü ölkələrin strateji investorları üçün təhlükə kəsb edən daha bir məqam var. DESFA misalına qayıdaq.

 

Nə qədər təəccüblü olsa da, SOCAR-ın payını 49 faizədək azaltmaq, qalan 17 faizi Avropa şirkətlərinə vermək tələbi (yaxud təklifi) Avropa İttifaqının orqanlarından deyil, Yunanıstan hökumətindən gəlir. Çoxsaylı hökumət dəyişiklikləri ilə müşayiət olunan iqtisadi böhran dönəmlərində saziş və müqavilələrə yenidən baxılması ehtimalını inkar etmək olmaz. Hazırda üçüncü ölkələr üçün əsas təhlükə budur. Elə Azərbaycanı götürək. Trans-Adriatik qaz kəməri (TAP)qaz idxalının diversifikasiya elementi kimi Avropa İttifaqı tərəfindən hərtərəfli dəstəklənir. Lakin artıq müəyyən dəyişikliklər başlayıb, çünki Yunanıstan, Albaniya və İtaliyanın ərazisindən keçən bu qaz kəmərinin əsas komponentlərindən biri DESFA-dır. Və məsələ SOCAR-dan 17 faizi almaq və Avropa şirkətlərinə verməklə bitərsə, bu, zərərin yarısıdır. Bir sözlə, ölkədə böhran strateji investisiya cəlb etmək üçün potensial baxımdan cəlbedicidir, çünki böhran - sərfəli ticarət imkanıdır. Lakin siyasi qeyri-müəyyənlik və Avropa Birliyinin qərarlarından tam asılılıq sözsüz ki neqativ faktordur. Əgər Yunanıstanın müstəqil hökuməti olmasa, böhrandan çıxış üçün üçüncü ölkələrdən iri strateji investorlar cəlb etmək yumşaq şəkildə desək, çətin olacaq. Əlbəttə, yunan aktivlərinin avropalılara satışı çıxış yolu ola bilər, amma Çiprasın partiyasında parçalanma göstərir ki, hamı çıxış yolunu bunda görmür. Hələliksə Yunanıstan Avropa Birliyindən borc almaqda davam edir. Bu isə çıxış yolu deyil, aqoniya vəziyyətini uzanmasıdır.

 

Vahab Rzayev, xüsusi olaraq APA Analitik Mərkəzi üçün

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • iki vaz 2107 toqqusub 3 nefer xesaret alib
    İki "VAZ 2107" toqquşub, 3 nəfər xəsarət alıb
  • bakida qeyri qanuni taksi fealiyyeti gosteren suruculer cezalandirilib
    Bakıda qeyri-qanuni taksi fəaliyyəti göstərən sürücülər cəza...
bakida qeyri qanuni taksi fealiyyeti gosteren suruculer cezalandirilib bakida qeyri qanuni taksi fealiyyeti gosteren suruculer cezalandirilib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ