Beynəlxalq Valyuta Fondundan iqtisadi hava proqnozu: duman, çiskin... - TƏHLİL

beynelxalq valyuta fondundan iqtisadi hava proqnozu duman ciskin tehlil

Dünya iqtisadiyyatında bərpa prosesi davam edir, amma bu əvvəlki dövrlərlə müqayisədə daha kiçik və dəyişkən templərlə baş verir. Son iki-üç ayda dünya aktivlər bazarında dəyişkənlik, inkişaf etmiş ölkələrdə artımın zəiflənməsi, inkişafda olan və aşağı gəlirli ölkələrdə isə müəyyən maneələrin saxlanması müşahidə olunub. Bundan əlavə bəzi qeyri-iqtisadi xarakterli amillər iqtisadi fəallığı üçün təhlükələr yaradır. Bu tezislər Beynəlxalq Valyuta Fondunun son “Dünya iqtisadiyyatının inkişafının perspektivləri” icmalında yer alıb. BVF hazırda müşahidə olunan vəziyyəti ehtiyatlı optimizmlə qiymətləndirir.

 

BVF-nin proqnozuna əsasən, 2016-cı ildə dünya iqtisadiyyatında artım tempi 3,2%-ə bərabər olacaq ki, bu da ötən ilin göstəricisindən 0,1 faiz bənd çox, yanvar proqnozundan isə 0,2 faiz bənd azdır. BVF-nin qiymətləndirməsinə əsasən, inkişaf etmiş ölkələrdə iqtisadi fəallıq 2015-ci ildə aşağı düşüb və bu günə kimi hələ də bərpa olunmayıb. Rəqəmlərə gəlincə, inkişaf ölkələr üzrə iqtisadi artım 1,9% səviyyəsində proqnozlaşdırılır ki, bu da ötən ilin göstəricisinə bərabərdir. Yəni, artım tendensiyaları gözlənilmir. Maraqlıdır ki, inkişaf etmiş ölkələr sırasında (şərti bölünməyə əsasən) ABŞ-da artım 2,4%, Avrozonada isə 1,5% gözlənilir. Beləliklə, inkişaf etmiş ölkələr üzrə əsas artım ABŞ-ın hesabına formalaşacaq, Avrozonada isə artım ortalama göstəricisindən aşağıdır. İnkişaf etmiş ölkələrdə artımın kiçik səviyyədə qalmasını gözləyən BVF bir neçə ləngidici amilləri qeyd edir. Belə ki, əlverişli olmayan demoqrafik tendensiyalar, məhsuldarlığın kiçik artımı və dünya böhranın “qalıqları” iqtisadi fəallığın lazımı səviyyədə artıma mane olur. Yumşaq pul-kredit siyasəti və neftin ucuz olması daxili istehlakı dəstəkləyəcək, amma xarici tələbat, bəzi valyutaların möhkəmlənməsi və maliyyə şəraitin sərtləşdirilməsi bərpa tendensiyalarını saxlayacaq.

 

Lakin əsas narahatlıq inkişafda olan ölkələrlə bağlıdır. Buna BVF daha böyük diqqət yetirir. Dünya iqtisadiyyatının böyük payına malik olan bu ölkələrdə 2016-cı il üzrə perspektivlər qeyri-sabitdır. O cümlədən, bir neçə iri ölkələr, Braziliya və Rusiya daxil olmaqla, dərin geriləmə şəraitindədir. Digər ölkələr, o cümlədən neft ixracatçıları, ticarətin pisləşməsi və xarici maliyyə vəziyyətinin kəskinləşməsi ilə üzləşərək, mürəkkəb makroiqtisadi vəziyyətə düşüb. Çin və Hindistanda artım əsasən proqnozlara uyğun olacaq, lakin ticarətin artımı zəifləyib ki, bu da ilk növbədə investisiyaların azalması və Çin iqtisadiyyatının struktur dəyişməsi ilə əlaqədardır. Hazırda Çində tarixi bir proses başlayıb ki, burada iqtisadiyyatın konfiqurasiyası sırf ixracdan istehlak, xidmət və investisiyalar yönümlü iqtisadiyyata keçib. Bu proses müəyyən vaxt tələb edir və alıcılıq pariteti üzrə ən iri dünya iqtisadiyyatı olan Çinin dünya iqtisadiyyatına təsiri hələ də böyükdür. Buna görə də həmin prosesin həyata keçməsində baş verən və ya baş verəcək natarazlıqlar dünya ticarət sisteminə mənfi təsir edir. İcmalda bir məqam xüsusən vurğulanır ki, xammal ixrac edən inkişafda olan ölkələrə əvvəlki artım templərini bərpa etmək çətin olacaq, çünki bunun üçün ixrac bazası və iqtisadiyyatı difersifikasiya edilməlidir ki, bu da vaxt tələb edir. Bu məqam, məsələn, Azərbaycan kimi ölkələrə birbaşa aiddir, çünki neftin ucuz olması problemlər yaradıb və neftin qiymətinin aşağı səviyyədə qalması ehtimalları iqtisadiyyatda ciddi islahatların sürətləndirilməsini kəskin aktuallaşdırıb.

 

Ümumilikdə, Beynəlxalq Valyuta Fondu yaxın zamanlarda dünya iqtisadiyyatında tendensiyaları bir neçə əsas məqam və ehtimalla əlaqələndirir:

 

  • hazırda stress şəraitində olan ölkələrdə bu şəraitinin tədricən yaxşılaşması;
  • Çində iqtisadi islahatların uğurla keçməsi;
  • Xammal ixrac edən ölkələrdə fəallığın artması;
  • Digər inkişafda olan ölkələrdə şoklara davamlı artımın bərpa olunması.

 

Amma qeyd edək ki, bu baza ssenarisinin inkişafı reallıqda bəzi amillərə görə tədricən azalır:

 

  • İnkişaf etmiş ölkələrdə iqtisadi fəallıq 2015-ci ilin ikinci yarısında zəifləyib, aktivlərin ucuzlaşması və faiz dərəcələrin artması maliyyə şəraitlərinin mürəkkəbləşməsinə səbəb olub. Əgər bu tendensiyalar qalsa, belə ölkələrdə iqtisadi artım zəifləyə və staqnasiyanın yaranması müşahidə oluna bilər.
  • İnkişafda olan ölkələr daha ciddi stresslərə məruz qala bilər ki, bunlar daxili amillərlə bağlı ola bilər. Məsələn, valyutaların zəiflənməsi yerli şirkətlərinə zərbə vuracaq, kapital axınının kəskin azalması isə daxili istehlakın tez bir zamanda “sıxılmasına” səbəb olacaq.
  • Neftin uzun müddət ərzində ucuz səviyyədə qalması neft ixrac edən ölkələrdə destabilizasiyanı gücləndirəcək. Bəzi ölkələr müəyyən ehtiyatlara malikdir, lakin bu ehtiyatlar tədricən azalmaqdadır və ölkələr xərcləri azaltmaq zərurəti ilə üzləşir.
  • Çində baş verən islahatlar nəzərdə tutulandan rahat keçməyə bilər ki, nəticədə burada zəiflənmə tendensiyaları daha uzun müddət qalacaq. Bu isə dünya ticarətinə, birja indekslərinə mənfi təsir edə bilər ki, bu da öz növbəsində dünya iqtisadiyyatında artımın sürətinin azalmasına səbəb olacaq.
  • Nəhayət, qeyri-iqtisadi amilləri ilə bağlı mənfi gözləntilər. Buraya qeosiyasi münaqişələr, siyasi fikir ayrılıqları, terrorizm, qaçqınlar, epidemiyalar kimi amillər aid edilir. Bəzi ölkə və regionlara təhlükə yaradan bu amillər dünya iqtisadiyyatında fəallığın azalmasına təsir edə bilər.

 

Lakin bütün bunlar reallaşmaya da bilər, çünki vəziyyətin daha optimist şəraitində inkişaf etməsi də istisna olunmur. Amma bunun üçün bir neçə tədbir görülməlidir:

 

  • Artımın möhkəmləndirilməsi. İnkişaf etmiş ölkələrdə davamlı və daha yüksək artımın təmin edilməsi üçün üç əsas istiqamətdə iş aparılmalıdır. Bunlar struktur dəyişiklikləri, yumşaq pul-kredit siyasəti və büdcə dəstəklənməsidir. İndiki şəraitdə ən faydalı məhz büdcə dəstəklənməsi görünür ki, bu da həm vergi yükünün azaldılmasına, həm də dolayı yolla əmək bazarında fəallığın dəstəklənməsinə yönəldilməlidir. Bundan əlavə vacib məqam kimi mal və xidmət bazarlarına çıxışı asanlaşdıran islahatları da qeyd etmək lazımdır, çünki bu, daxili istehlakın artmasına səbəb olur. Nəhayət, bəzi ölkələrdə, daha dəqiq faktiki və potensial məhsuldarlıq arasında mənfi fərqə və aşağı inflyasiyaya, deflyasiyaya malik olan ölkələrdə, yumşaq pul-kredit siyasəti zəruridir.
  • Dayanıqlığın təmin edilməsi. İnkişafda olan ölkələrdə hökumətlər makroiqtisadi və maliyyə zəifliyini azalmalı və iqtisadiyyatı məhsuldarlığın artması hesabına artırmalıdır. Qısa desək, burada diversifikasiyaya istiqamətlənən islahatlar tələb olunur. Ənənəvi addımlardan başqa burada üzən məzənnə siyasətinin tətbiqi təkli olunur, çünki bu, əlverişsiz olan ticarət şəraitini müəyyən dərəcədə tarazlaşdıra bilir. Həmçinin qeyd etmək lazımdır ki, məsələn, neft ixrac edən ölkələrdə həmin islahatların uğurlu keçməsi üçün və iqtisadiyyatın aşağı qiymətlərə uyğunlaşması üçün böyük rol büdcə və ya digər ehtiyatlar oynamalıdır.
  • Bundan əlavə BVF-nin fikrincə, lazımı olan halda dünya miqyasında da bəzi tədbirlər aparıla bilər. Buraya iri ölkələrində stimullaşdırıcı addımlar, dünya miqyasında maliyyə müdafiə sistemlərin tətbiqi və nəhayət lazımı ehtiyatlara malik olmayan ölkələrə, o cümlədən BVF vasitəsi ilə dəstəklənmə aid edilir. BVF hesab edir ki, dünyada qeyri-iqtisadi xarakterli bəzi risklər mövcuddur ki, onlar dünya səviyyəsində təhlükə yaradır və onlar yalnız beynəlxalq koordinasiya əsasında həll olunmalıdır.

 

Ümumilikdə, qeyri-iqtisadi amillərə BVF çox ciddi yanaşır. Hazırda bir neçə əsas məqam seçilir. Məsələn, bildirilir ki, hazırda ABŞ və Avropada siyasi diskussiyalar və proseslər daha çox daxili məsələlərə bağlanır. Bundan əlavə terrorizm qarşısında qorxu xüsusən qeyd edilir ki, bunun nəticəsində tədricən milliyətçiliyə dönüş baş verir və ölkələrdə izolyasiya və proteksionizm meylləri başlayır. Bu ilin iyununa Böyük Britaniyada nəzərdə tutulan Avropa İttifaqında üzvlük barədə referendum investorlar arasında qeyri-müəyyənlik yaradıb ki, bu da ümumdünya risklərindən daha biridir. Çünki ölkənin Aİ-dən çıxışı həm regional, həm dünya ticarətinə ciddi zərbə vuracaq. Hətta demək olar ki, miqrasiya böhranın ilə üzləşən Avropa İttifaqı üçün bu əlavə bir zərbədir.

 

Yuxarıda bir neçə dəfə qeyd edilən neft ixrac edən ölkələrdə problemlərin Azərbaycana böyük aiddiyyəti var. Neft ucuzlaşıb, strateji ehtiyatlar azalıb, valyuta devalvasiya edilib, büdcə xərcləri azalıb, hər şey mənfiyə doğru dəyişib. Buna görə təəccüblü deyil ki, BVF-nin proqnozuna əsasən, 2016-cı ilə Azərbaycanda 3% səviyyəsində geriləmə gözlənilir. Müqayisə üçün, 2015-ci ildə iqtisadi artım 1,1%-ə bərabər olub. BVF gözləyir ki, artıq 2017-ci ildə iqtisadi artım bərpa olunacaq və 1% təkil etməlidir. Ümumilikdə, bunu ehtimal etmək olar, çünki neft bahalaşdığı halda iqtisadi artım bərpa ediləcək, ya da bu baş verməzsə, hazırda aparılan iqtisadiyyatın diversifikasiya tədbirlərinin nəticələri güclənəcək, ya da bu hər iki amil öz müsbət rolunu oynayacaq. Mənfi göstərici kimi inflyasiyanı qeyd etmək lazımdır. BVF-nin proqnozuna görə, bu il inflyasiya 12,8%, gələn il isə 9,8% təşkil edəcək. Nəhayət, bu il müasir zamanda ilk dəfə olaraq mənfi cari hesab balansı gözlənilir – ÜDM-in 0,2% səviyyəsində. Qeyd edək ki, bundan əvvəl Azərbaycanda həmişə müsbət cari hesab balansı müşahidə olunurdu, amma neftin ucuzlaşması nəticəsində neft gəlirləri azalıb və bu da həmin göstəriciyə mənfi təsir edib.

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • moskvada 28 may respublika gunu munasibeti ile tenteneli qebul kecirilib
    Moskvada 28 May-Respublika Günü münasibəti ilə təntənəli qəb...
  • 174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib
    ® “Nar” abunəçiləri arasında keçirilən lotereya qaliblə...
174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib 174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ