"Brexit": Hələlik hər şey proqnoz üzrə gedir - TƏHLİL

brexit helelik her sey proqnoz uzre gedir tehlil

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı keçirilən referendumdan ("Brexit") bir neçə gün keçib, amma artıq indidən demək etmək olar ki, bu hadisə maliyyə bazarlarına neqativ təsir edəcək. Düzdür, gələcək barədə hələlik heç kəs proqnoz vermir, amma fakt odur ki, hazırda maliyyə bazarlarında mənfi dinamika müşahidə olunur. Ən azından bunu fond indeksləri sübut edir.

 

Məlum olduğu kimi, referendum iyunun 23-də keçirilib. Beləliklə, o gündən bütün fond indekslərində eniş müşahidə olunur. Əsas indekslərə nəzərə salaq. Əsas Avropa məcmu fond indeksi olan "Euro Stoxx 50" iyunun 23-də 3 038 bənd təşkil etdiyi halda, iyunun 27-də 2 776 bəndə enib. Başqa sözlə, eniş 8,6% olub. İngiltərənin fond indeksi "FTSE 100" 6 338 bənddən 6 024 bəndədək (5,2% azalma), Almaniyanın DAX indeksi 10 257 bənddən 9 351 bəndədək (8,8% azalma), Fransanın "CAC 40" indeksi 4 466 bənddən 4 023 bəndədək (9,9% azalma), İsveçrənin SMI indeksi 8 023 bənddən 7 637 bəndədək (4,8% azalma) eni. Siyahını uzatmaq da olar... Maraqlıdır ki, sizə misal olaraq göstərdiyimiz rəqəmlər iki ticarət günündə formalaşıb.

 

Referendumdan sonra Britaniya funtu, demək olar ki, bütün valyutalara qarşı, avro isə funtdan başqa bütün valyutalara qarşı ucuzlaşıb. Məsələn, funt dollara qarşı 11,5%, avroya qarşı 9,2%, İsveçrə frankına qarşı 9,6%, Yapon yeninə qarşı 15,2% itirib; avro dollara qarşı 3,6%, İsveçrə frankına qarşı 1,6%, Yapon yeninə qarşı 7,6% ucuzlaşıb. Göründüyü kimi, Britaniyanın milli valyutası Aİ-nin valyutasından daha böyük itkilərə məruz qalıb. Qısamüddətli və ya primitiv nəticələr onu göstərir ki, "Brexit" hələlik Aİ-dən çox Böyük Britaniyaya daha ciddi ziyan vurur. Fond indekslərində vəziyyət fərqlidir - orada daha böyük zərbə Almaniya və Fransa bazarlarına dəyib. Bunun sadə izahı var. Belə ki, valyuta bazarı daha həssasdır, burada kütlənin təsiri daha əyani görünür, çünki valyuta hər yerdə satılır, onun tələb-təklifi hər yerdə müşahidə olunur. Buna görə, valyutalar bu cür çaxnaşmalara daha həssasdır. Bundan başqa, valyuta bazarı çox nadir hallarda perspektivi nəzərə alır, çünki bu bazarda yalnız "indi və burada" prinsipi hökm sürür. Fond bazarına müxtəlif amillər, o cümlədən proqnozlar təsir edir. Qısası, Aİ-də aparıcı rola malik olan Almaniya və Fransanın fond bazarları cəmi iki gün ərzində kapitallaşmasının 8-10%-ni itirib və investorların gözləntiləri heç də müsbət deyil. Burada bazar faktiki olaraq kütləvi satışlar şəraitində fəaliyyət göstərir. Buna səbəb odur ki, ticarət olunan (əsasən, yerli şirkətlərin səhmləri) səhmlər kütləvi şəkildə satılır. İndiki halda şirkətlərin maliyyə və digər vəziyyəti artıq heç kəsi maraqlandırmır. Bazarda əsas təsiredici amil siyasi və onun ardınca gələn makroiqtisadi qeyri-müəyyənlikdir və inamsızlıqdır. Bu isə ilk növbədə investorların inamını kəskin şəkildə azaldır.

 

Qeyd edək ki, Avropadan kənar olan iki vacib fond bazarında da vəziyyət yaxşı deyil. Düzdür, etiraf etmək lazımdır ki, orada durum Avropadakından yaxşıdır. Məsələn, ABŞ-ın əsas indeksləri olan "Dow Jones" və "S&P 500" müvafiq olaraq 3,4% və 3,6%, Yaponiyanın əsas indeksi olan "Nikkei" isə 5% enib. Göründüyü kimi, "Brexit" Britaniyadan çox-çox uzağa da təsir edib. Birbaşa təsir nisbətən az olduğundan okeanın o biri tayındakı indekslərdə azalması nisbətən azdır.

 

Müəyyən mənada bunu həmçinin neft bazarı barədə demək olar. Belə ki, “Brent” markalı neftin qiyməti iki ticarət günü ərzində 5,9%, WTI markalı neftin qiyməti isə 6% ucuzlaşıb. Bunun əsas səbəbi yaşanan qeyri-müəyyənliyin xammal bazarına da təsir göstərməsidir.
 

Maraqlıdır ki, eyni sözləri qızıl barədə deyə bilməyəcəyik. Bu bazara təsir birbaşa və güclü olub. Belə ki, iyunun 23-dən qızılın qiyməti 5,8% qalxıb. Bu, yalnız psixoloji və dolayı amillərlə izah olunmalı deyil. Qızılın bahalaşması ilk növbədə onunla izah olunur ki, səhm bazarında çıxarılan vəsaitlər dərhal qızıl bazarına, qızılın və qızıl üzrə fyuçerslərin alışına yönəldilib. Belə addımlar dünya maliyyə bazarlarında baş verən sarsıntılar və qeyri-müəyyənlik şəraitində, demək olar ki, həmişə baş verir. Səbəbdən asılı olmayaraq, maliyyə alətləri üzrə qeyri-müəyyənlik yarananda, tələbat azalanda vəsaitlər ehtiyatlı aktiv hesab olunan qızıla yönəldilir. Bu, həmişə belə olub, belə də olacaq. Qızılın bahalaşmasında qətiyyən anormal bir hal baş verməyib. Əksinə, əgər bu baş verməsə idi, deməli dünya maliyyə və xammal bazarlarında iqtisadi qanunauyğunluqlar tamamilə pozulardı. Hələlik isə hər şey təbii qaydada gedir: Avropanın maliyyə alətləri ucuzlaşır (burada tələbat təklifdən kəskin aşağıdır), valyutaların məzənnələri enir və əks mütənasib olaraq qızıl bahalaşmaqdadır.

Hələlik demək olar ki, maliyyə bazarlarında Brexit-dən dərhal sonrakı dövrdə vəziyyət ən pis proqnozlara uyğun gedir. Başqa bir sual yaranır: ən pis burumu? Bu suala cavab vermək çox çətindir. Nikbin yanaşma ondan ibarətdir ki, müşahidə olunan indekslərin azalması, valyutaların və neftin ucuzlaşması daha kəskin hal ala bilərdi. Bunu nə etiraf, nə də inkar etmək olar. Çünki dəqiq proqnozlar verilməyib. Hamı sona qədər inanırdı ki, Avropa İttifaqından çıxmaq istəməyən britaniyalıların sayı daha çoxdur...
 

İnanmaq çətindir ki, Brexit Aİ-nin rəhbərliyi üçün sürpriz olub. Belə olmasaydı, Brexit-dən sonrakı dövr üçün təbdirlər planı və sair addımlar hazırlanmazdı. Əlbəttə, Aİ ölkələrinin rəhbərləri müxtəlif səviyyədə danışıqlar aparacaqlar, vahid bir ssenarisi hazırlanacaq. Amma yenə də Brexit-in mərkəzdənqaçma qüvvəsinin yaranma səbəbi olduğuna inananlar çoxdur. Məhz bu ehtimalların təsiri altında Avropanın bütün fond birjalarında eniş baş verir. Əgər Aİ rəhbərliyi vəziyyətin nəzarət altında olduğunu nümayiş etdirə bilsə, birjalarda eniş dayanacaq. Yox, əgər birjalar müəyyən tərəddüd hiss etsə, bu, daha faciəvi ola bilər və maliyyə, fond bazarlarının enişi qaçılmaz olacaq...

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:20 21 İyul
12:55 20 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • deputat novbeti defe secicilerini qebul edib
    Deputat növbəti dəfə seçicilərini qəbul edib
  • turkiyede guclu zelzele olub 70 dek sakin xesaret alib yenilenib
    Türkiyədə güclü zəlzələ olub, 70-dək sakin xəsarət alıb - YE...
turkiyede guclu zelzele olub 70 dek sakin xesaret alib yenilenib turkiyede guclu zelzele olub 70 dek sakin xesaret alib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ