"Cənub Qaz Dəhlizi" - Avropanı enerji asılılığından qurtaracaq uzunmüddətli layihə - TƏHLİL

cenub qaz dehlizi avropani enerji asililigindan qurtaracaq uzunmuddetli layihe tehlil

Çoxdan gözlənilən və Azərbaycanın iqtisadi və siyasi həyatında son dərəcədə vacib olan növbəti layihə reallaşıb. Mayın 29-da Cənub Qaz Dəhlizinin rəsmi açılışı keçirilib, bununla da Azərbaycandan Avropaya qaz nəqli layihəsinin iki mərhələsinin ilkinə start verilib.

 

Cənub Qaz Dəhlizi vasitəsi ilə ilk mərhələdə 16 mlrd. kubmetr qaz nəql olunacaq ki, bunun da 10 mlrd. kubmetri Türkiyəyə, 6 mlrd. kubmetri isə Avropaya çatdırılacaq. Həmin qaz boru kəməri Azərbaycandan Gürcüstan vasitəsi ilə Türkiyəyə, ondan sonra TransAnadolu Boru Kəmərinə (TANAP) qoşulacaq, sonra isə TransAdriatik Boru Kəmərinə (TAP) qoşularaq Bolqarıstan, Yunanıstan və Albaniya vasitəsilə İtaliyaya qədər uzadılacaq. Qeyd edək ki, TANAP kəmərinin rəsmi açılışı bu ilin iyun ayında nəzərdə tutulur. Avropaya ilk qaz 2020-ci ildə çatdırılacaq. Ümumi layihənin təxmini investisiya həcmi 40 mlrd. dollara bərabərdir.

 

Cənub Qaz Dəhlizi kəmərinə ilk nəzər nöqtəsindən baxmaq olar ki, o da layihənin vacibliyini dərk etməyə imkan verəcək.

 

Azərbaycan

 

Azərbaycanın təsdiqlənmiş məcmu qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetr təşkil edir və yalnız "Şahdəniz" yatağından hasil olunan qaz bu enerji nəqli layihəsini reallaşdırmağa tam imkan verir. Satılacaq 16 mlrd. kubmetr ciddi rəqəmdir. Daha bir məqam var. Cənub Qaz Dəhlizinin planlaşdırma işləri getdiyi zaman, eləcə də tərəfdaş ölkələrlə, investorlarla danışıqlar aparılarkən, Avropa İttifaqı ilə razılaşma mərhələləri zamanı Rusiya dəfələrlə Azərbaycanın əlavə qalan qaz həcmini almaq niyyətini açıqlayırdı. Bu açıqlamalarda yeganə məqsəd Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına imkan verməmək olub. Niyə? Aydındır ki, indiki mərhələdə Avropaya Azərbaycandan göndəriləcək 6 mlrd. kubmetr, hətta 10 mlrd. kubmetr qaz Rusiyanın “Köhnə Dünya”ya nəql etdiyi 200-220 mlrd. kubmetr qazla müqayisədə çox azdır.  Amma birincisi, gələcəkdə həm Azərbaycanın öz imkanları hesabına, həm də İran, Türkmənistan, İraq kimi əlavə iştirakçıları cəlb etməklə Cənub Qaz Dəhlizi zənciri vasitəsi ilə nəql olunacaq qazın həcmini əhəmiyyətli dərəcədə (30-35 mlrd. kubmetrə qədər) artırmaq mümkündür. Artıq indidən bəzi planlar var. Bu "qaz zənciri"nin son nöqtəsində və ya artıq Avropada olacaq hər hansı tranzit nöqtəsində qollar kimi əlavə boru kəmərləri çəkilə bilər, bununla da nə az, nə çox bir neçə Cənubi Avropa ölkəsinin qaza olan ehtiyacı tam təmin olunar.

 

Məsələn, Çex Respublikası, Macarıstan, Slovakiya, Balkan ölkələri, Yunanıstan kimi ölkələrinin illik qaz ehtiyacları elə də yüksək deyil və 3-4 mlrd. kubmetr təşkil edir. Cənub Qaz Dəhlizi (TANAP və TAP) vasitəsi ilə bütün Cənubi Avropanı, üstəgəl İtaliyanın bir hissəsini qazla tam təchiz etmək mümkündür. Bu, Rusiya üçün indi olmasa da, yaxın gələcəkdə ciddi problem ola bilər. Heç kimə sirr deyil və bunu artıq bütün Avropa ekspertləri bəyan edir ki, Rusiyanın Avropaya qaz nəqli məsələsi çoxdan iqtisadi çərçivələri keçərək siyasi diktə alətinə çevrilib. Azərbaycanın öz geosiyasi maraqları və ən azı Avropa miqyasında siyasi ambisiyaları var və digər ölkələrdən fərqli olaraq separatçılar tərəfindən torpaqlarının işğalı kimi nəhəng problemlə mübarizə aparır. Ermənistanın Rusiya kimi tərəfdaşı olduğu kimi Azərbaycanın da siyasi "dostlara" ehtiyacı var ki, lazımı məqam çatanda işğal problemindən birdəfəlik qurtara bilsin. Rusiyadan fərqli olaraq Azərbaycanın Avropaya qaz təchizatını siyasi şantaj deyil, siyasi dəstək almaq üçün əlavə üstünlük kimi dəyərləndirmək olar. Burada da biz ikinci nəzər nöqtəsinə çatmışıq ki, söhbət Avropanın baxış bucağından gedir.

 

Avropa İttifaqı

 

Avropa nümayəndələri və ilk növbədə Avropa Komissiyasının yüksək vəzifəli şəxsləri dəfələrlə bəyan edib ki, Azərbaycan etibarlı və uzunmüddətli qaz təchizatçısıdır. Hamıya aydındır ki, qazın nəqli Azərbaycana qaz ixracından gələn puldan əlavə müəyyən siyasi üstünlüklər gətirə bilər ki, onlar da, bəlkə, puldan qiymətli olacaq. Yuxarıda Rusiyanın Azərbaycandan istənilən əlavə qaz həcmi almağa hazır olduğunu təsadüfən qeyd etməmişdik. Bu yalnız onu göstərir ki, Azərbaycan hasil edilən qazın satışı üçün istənilən anda istənilən istiqamətdə alıcı tapa bilər. Amma Azərbaycana Avropa bazarı daha maraqlıdır. Avropaya isə Azərbaycan qazı maraqlıdır. Avropa rəhbərləri illərlə, on illərlə iş aparmaq və planlar qurmağa vərdiş ediblər. Bu baxımdan burada da təəccüblü bir şey yoxdur ki, avropalılar Azərbaycanı gələcəkdə Cənubi Avropa qaz təminatçısı kimi qəbul edirlər. Əgər Azərbaycan bir müddətdən sonra Cənubi Avropanın qaz problemini birdəfəlik "həll etsə", bu, Avropa İttifaqı üçün Rusiyanın siyasi şantajından qurtulması üçün əvəzolunmaz köməklik olacaq. İndidən dəfələrlə bəyan edilir ki, TANAP-TAP kəmərləri qazın tədarükü sahəsində diversifikasiya mexanizmidir. Bu fikri belə oxumaq lazımdır - Rusiya qazının müəyyən hissəsinin əvəz edilməsi ilə Rusiyanın Avropanın qaz bazarında xüsusi çəkisinin azaltmaqla Moskvanın siyasi təzyiqinin azaldılması. Əvəzində isə Azərbaycanın Avropadan lazımı məqamlarda, lazımı məsələlərdə siyasi dəstək alması təbii görünür. Bütün səviyyə və mərhələlərdə Cənub Qaz Dəhlizinin, ardınca isə TANAP-TAP layihələrinin dəstəklənməsi ilə Avropa nümayəndələri buna faktiki və qeyri-rəsmi razılıq bəyan edirlər. Bunu nə gizlətmək lazım deyil, nə də gizlətməyə ehtiyacı var. Məsələnin mahiyyətinə azacıq bələd olanların hamısına məlumdur ki, qaz, tək qaz deyil, siyasi "oyunlarda" alətdir. Ondan qarşılıqlı maraqlarda istifadə edilməsi də təbiidir. Avropa Rusiyanın siyasi şantajı və təzyiqindən qurtulmaq üçün istənilən imkanlarından istifadə etməyə hazırdır və bu sahədə özünü etibarlı tərəfdaş kimi göstərmiş Azərbaycan ideal variantdır.

 

Hazırda Rusiya qaz monopoliyasını daha da gücləndirmək istəyir və "Şimal Axını-2" layihəsinin bütün imkanlarından istifadə etməyə çalışır. Baxmayaraq ki, Putinin Avropada Merkel kimi tərəfdaşı var, layihə bütün digər ölkələr tərəfindən - Şərqi Avropa ölkələri, Avropa Komissiyasının əksər nümayəndələri tərəfindən o dərəcədə güclü müqavimətlə qarşılanır ki, Rusiya layihəni hələ də reallaşdıra bilmir. Bir daha vurğulamaq lazımdır ki, Azərbaycan qazını istənilən istiqamətə, ilk növbədə Rusiyaya sata bilərdi, bunu bəlkə də daha yüksək qiymətlə edərdi. Əlbəttə ki, siyasi müstəqilliyini tam itirən Ermənistan kimi ölkə məhz bu cür addım atardı, amma Azərbaycan daha mürəkkəb, çətin yolu seçərək Avropa ilə daimi münasibətlər qurmağa üstünlük verib. Avropaya isə Ermənistan kimi Rusiyanın marionetkaları tərəfdaş kimi maraqlı deyil, onlar tamhüquqlu tərəfdaş seçir və bu seçimdə iki məqama fikir verirlər: tərəfdaşın sənə uzun müddətə lazımdırmı və sən tərəfdaşına uzun müddətə lazımsanmı? Avropa-Azərbaycan qaz münasibətlərində hər iki komponent olduqca güclüdür. Ona görə də əmin olmaq olar ki, Azərbaycanla Avropa arasında qaz nəqlinin formalaşdırdığı münasibətlər güclü və dayanıqlı olacaq. Əlbəttə ki, bütün siyasi məsələlərdəki kimi burada da "ehtiyat variantı" həmişə yadda saxlamaq lazımdır. Bu sahədə Azərbaycanın ehtiyat variantları var, Avropanın isə yoxdur, çünki hazırda Avropanın Rusiyanın qaz hegemonluğundan tədricən qurtulması üçün Azərbaycan yeganə xilas mənbəyidir. Bunu həm yadda saxlamaq, həm də lazımı məqamda istifadə etmək olar...

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida isiqforun islememesi avtoqezaya sebeb olub
    Bakıda işıqforun işləməməsi avtoqəzaya səbəb olub
  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
sirvan milli parkinin erazisinde raketler askarlanib sirvan milli parkinin erazisinde raketler askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272