Cənub Qaz Dəhlizi iqtisadi və geosiyasi reallıq kimi - TƏHLİL

cenub qaz dehlizi iqtisadi ve geosiyasi realliq kimi tehlil
Qaz erasının “zirvə nöqtəsi”nə hesablanmış layihə

Dünyada əsas enerji daşıyıcısı kimi kömür erasından neft erasına keçid nə idisə, bir neçə il əvvəl neft erasından təbii qaz erasına keçid öz zirvə nöqtəsinə qalxdı. Təsadüfi deyil ki, Beynəlxalq Enerji Agentliyi “təbii qazın qızıl dövrünə daxil olduğu” və “dövlətlər üçün əvəzolunmaz bir elementə çevrildiyi” qənaətindədir. Enerji mənbələrinin inkişafı tarixinin belə bir önəmli mərhələsində Azərbaycan çevik şəkildə strateji qərar qəbul edərək qaz ixracı siyasətini prioritet yerə keçirdi və Cənub Qaz Dəhlizi (CQD) layihəsinin lobbiçiliyinə başladı. Nəticə çox böyükdür: təbii qazın qızıl erasının ən yüksək nöqtəsi çatdığı bir məqamda Azərbaycan prezidenti CQD-nin açılışını edir, daha sonra Türkiyədə iki dövlət başçısı TANAP-ın açılışı ilə prosesi davam etdirirlər. Açılışların qaza tələbatın “zirvə nöqtəsi” ilə üst-üstə düşməsinin nə qədər dəqiq hesablama olması kimdəsə şübhə doğura və etiraza səbəb ola bilməz. Azərbaycan “qazın qızıl dövrü”nü dəqiq dəyərləndirib milli resurslarını ən dəyərli zamanında bazara çıxarmaq imkanını qazandı.

 

Bu gün Türkiyədə Azərbaycan və Türkiyə prezidentləri TANAP layihəsinin açılışını edirlər. Bu 21-ci əsrin layihəsində mühüm mərhələdir.

 

Azərbaycan üçün

 

İqtisadi aspektdən bu, Azərbaycan qazına tələbi artırır, başqa sözlə, bazar təhlükəsizliyini təmin edir. Beləki, Azərbaycan CQD vasitəsilə ildə Türkiyəyə 6 milyard, Avropa bazarına isə 10 milyard kubmetr qaz ixrac edəcək. Bu hər il ölkəyə yüz milyonlarla dollar gəlir gətirəcək. Tam olaraq Türkiyə torpaqlarından keçsə də Azərbaycanın TANAP-dakı payı 58%-dir. Yəni, xəttin fəaliyyət göstərdiyi 49 il ərzində Azərbaycan qaz satışı ilə yanaşı onun nəqlindən də gəlir əldə edəcək.

 

Geosiyasi aspektinə gəldikdə isə ilk dəfə Xəzər hövzəsindən Avropaya qaz məhz CQD vasitəsilə daşınacaq. Odur ki, bu 21-ci əsrin layihəsidir. Azərbaycan Avropaya nəql olunan “yeganə enerji alternativi” statusunu qazanmaqla həm də Avropanın enerji, deməli, həm də siyasi təhlükəsizliyində “vazkeçilməz tərəfdaş”a çevrilmiş olur. Eyni zamanda Azərbaycan Orta Asiya dövlətləri üçün də “Avropaya pəncərə”ni daha da genişləndirməklə onlar üçün də geosiyasi əhəmiyyətini yüksəltdi. Belə ki, gələcəkdə Türkmənistan qazının da CQD -yə qoşulmaq ehtimalı yüksəkdir.

 

Türkiyə üçün

 

Bu hər şeydən əvvəl Azərbaycan və Türkiyənin strateji iş birliyinin nəticəsi kimi reallaşmış bir layihə, Heydər Əliyevin Türkiyə ilə başladığı strateji işbirliyinin İ.Əliyev tərəfindən davam etdirilməsi və hələlik onun son layihəsidir. Türkiyənin enerji qovşağına çevrilməsi onun beynəlxalq təhlükəsizliyinin ən mühüm ünsürünə çevrilib. Müasir Türkiyə siyasi və iqtisadi gücünü təmin etmək və geosiyasi əhəmiyyətini artırmaq üçün gücünü çox böyük ölçüdə BTC neft, BTƏ qaz, BTQ dəmiryolu və indi də CQD-nin tərkib hissəsi olan TANAP-dan alır.

 

Türkiyə ərazisində reallaşan TANAP İran, Şimali İraq, Qətər, şərqi Aralıq dənizinin və artıq qeyd edildiyi kimi Türkmənistanın da ehtiyatlarını Avropa bazarlarına daşımaq potensialına malikdir. Bu Türkiyəni dünyanın mühüm enerji qovşağına çevirməkdədir.

TANAP-ın işə salınması ilə Türkiyənin daxili bazarına ildə əlavə 6 milyard kubmetr qaz daxil olacaq ki, bu da iqtisadiyyata və insanların məişətinə müsbət mənada ciddi təsir edəcək. TANAP-ın Türkiyədəki seçkidən 11 gün əvvəl açılması Rəcəb Tayyib Ərdoğana və onun son 16 ildə apardığı “güclü Türkiyə” siyasətinə mühüm dəstəkdir.

 

TANAP-ın açılışı seçkidən sonra R.T.Ərdoğanın çıxacağı Avropa turunda, xüsusilə Almaniya səfəri zamanı Türkiyə prezidentinin mövqeyini sarsılmaz edəcək. TANAP və onun davamı kimi TAP Azərbaycanın olduğu kimi Türkiyə üçün də Avropa İttifaqı (Aİ) daxilində müttəfiqlər qrupu yaradır. İndi Azərbaycan və Türkiyənin Aİ daxilindəki iqtisadi və siyasi proseslərə zəruri təsir potensialı formalaşır. TANAP CQD-nin tərkib hissəsi olaraq Azərbaycan, Türkiyə, İtaliya, Britaniya və ABŞ-ın birliyinin təzahürüdür. Həm də Azərbaycan və Türkiyənin Avropanın cənubuna, habelə Balkanlara təsirini artırır,  hər iki dövlətin bölgə ölkələri ilə geosiyasi bağlarını artırır.

 

Türkiyə NATO üçün hərbi-siyasi, Aİ üçün coğrafi siyasi və iqtisadi baxımdan “əvəzolunmaz tərəfdaş” sayılırdı. İndi onun enerji təhlükəsizliyi üçün də “vazkeçilməzliyi” artıq baş tutmuş reallıqdır.

 

Seçkiyə 11 gün qalmış TANAP-ın açılışı Prezident İlham Əliyevin R.T.Ərdoğanla birgə strateji əhəmiyyətli layihəni açması 2015-ci ilin fevral-mart aylarındakı durumu bir daha xatırlatmağa sövq edir. Türkiyə dörd yandan terror, daxili siyasi və xarici siyasi və iqtisadi təcavüzlərə məruz qaldığı zaman Azərbaycan-Türkiyə münasibətləri də bir sınaq dövrü yaşadı və bu sınaqdan uğurla çıxdı. Ərdoğan terror hücumları üzündən Azərbaycana səfərini ikinci dəfə təxirə salmaq zorunda qaldığında Prezident İlham Əliyev “qardaş gələ bilmir, mən gedərəm” dedi və çox böyük basqı altında olan Türkiyə lideri ilə birlik nümayiş etdirib vacib siyasi dəstək verdi. Ərdoğan Azərbaycan prezidentinə “qara günün dostu” dedi. İndi türk milləti də Türkiyə dövləti də, R.T.Ərdoğan da öz tarixinin mühüm seçim anındadır. İlham Əliyev bu seçim anında da Ərdoğanla yanaşı bütün aspektlərdən çox mühüm olan TANAP-ın açılışını edir. Bu qardaş Türkiyə dövlətinə, iki ölkə birliyinə böyük bir ərməğandır. Və bu səbəbdən Türkiyənin Avropadakı rəqiblərinin Azərbaycana müxtəlif istiqamətlərdən təzyiq göstərməsi gözləniləndir.

 

İtaliya üçün

 

CQD təbii ki, İtaliyanın iqtisadi və siyasi önəmini artırmaqdadır. Avropanın 3-cü böyük iqtisadiyyatı olmasına baxmayaraq İtaliyanın ÜDM-i üstələyən borcu onu Avropa ittifaqında Brüsseldən, əsas donordan iqtisadi və siyasi asılı vəziyyətə salıb. Bu asılılıq İtaliyanın Aİ daxilində mövqeyini zəiflədib. Ancaq CQD-nin davamı olan TAP İtaliyaya çıxmaqla bu ölkənin Aİ daxili siyasətdə mövqeyini gücləndirəcək və bəlli asılılığını zəiflədəcək. Bu da Azərbaycanın, Türkiyənin, ABŞ və İngiltərənin də maraqlarına cavab verir.

 

Bütövlükdə Avropa üçün isə CQD enerji təhlükəsizlyində vazkeçilməz “yeganə alternativ” qaz kəməridir. Odur ki, Aİ bu alternativ dəhlizin təhlükəsizliyində maraqlı olmalıdır.

 

 

İbrahim Məmmədov

 

Tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida isiqforun islememesi avtoqezaya sebeb olub
    Bakıda işıqforun işləməməsi avtoqəzaya səbəb olub
  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
sirvan milli parkinin erazisinde raketler askarlanib sirvan milli parkinin erazisinde raketler askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272