Gündoğar ölkənin iqtisadi günəşi batır? - TƏHLİL

gundogar olkenin iqtisadi gunesi batir tehlil
Dünyanın üçüncü iqtisadiyyatında makroiqtisadi vəziyyət gərginləşir

Ötən həftə Yaponiya Bankı elan edib ki, artıq bu ölkənin bankları tərəfindən yerləşdirilən depozitlər üzrə mənfi gəlirlik tətbiq edilir. Dərəcədə simvolik illik 0,1% olsa da, bu qərar dünya miqyasında bir hadisə olub. Amma əvvəlcə Yaponiyada daxili mənzərə haqqında...

 

Beləliklə, mənfi faiz dərəcənin tətbiqinin əsas məqsədi iqtisadiyyatın stimullaşdırılmasıdır. Yəni, artıq banklara Mərkəzi Bankda depozit yerləşdirmək sərfəli deyil, çünki heç bir gəlir əldə olunmayacaq. Hökumət bu addımla bankları və digər maliyyə qurumları vəsaitləri birbaşa iqtisadiyyata yönəltməyə faktiki olaraq məcbur etmək istəyir. Bundan əlavə, Yaponiya Bankı hazırda ildə 670 mlrd. dollara yaxın təşkil edən qiymətli kağızların geri alınması üzrə proqramı qüvvədə saxlayıb. Bütün bu monetar  addımlar yeganə məqsəd daşıyır - inflyasiyanı 2%-ə çatdırmaq. Qeyd edək ki, məhz bu səviyyə, inkişaf etmiş ölkələr üçün optimal hesab olunur. Məsələn, ABŞ-da da həmin rəqəm hədəf kimi nəzərdə tutulur, amma buna biz hələ də qayıdacağıq. Hesablamalara görə, inflyasiya nəhayət ki Yaponiya iqtisadiyyatını artıq illər ərzində müşahidə olunan staqnasiyadan çıxarmalıdır. Monetar addımların daha aqressiv xarakter alması onunla bağlıdır ki, ölkə iqtisadiyyatı son zamanlar çox kiçik bərpa əlamətləri göstərməyə başlayıb ki və hökumət bu kiçik nailiyyəti əldən buraxmaq istəmədiyindən, stimullaşdırıcı tədbirləri gücləndirir. İqtisadiyyatda güclü problemlərin mövcudluğunu daha bir fakt xəbər verir. Belə ki, bəzi məlumatlara görə, Yaponiya Bankı 50 illik istiqrazları buraxmaq niyyətindədir.

 

Qeyd edək ki, bütün görülən və gözlənilən tədbirlər göstərir ki, Yaponiyada hökumət tərəfindən iqtisadiyyata birbaşa pul yönəlməsi siyasəti olduqca güclənir. Çünki hazırda müşahidə olunan simvolik iqtisadi artım hökuməti qane etmir. Belə ki, ölkədə iqtisadi artım hazırda 1% ətrafındadır, amma eyni zamanda sənaye istehsal hələ də mənfi zonadadır. Bundan başqa ölkədə xroniki deflyasiya müşahidə olunur. Məsələn, bu il deflyasiya 0,3%-0,4% təşkil edir ki, bu da inflyasiya üzrə hədəf göstəricisindən (2%) çox-çox uzaqdır. İnflyasiyaya qarşı daha bir amil də rol oynayır. Belə ki, son illər ərzində dünya maliyyə bazarlarında ciddi dəyişkənlik şəraitində investorlar arasında yenə tələbat artır ki, bu da inflyasiya üçün güclü saxlayıcı amildir. İstehsalla təmin edilməmiş pulların iqtisadiyyata buraxılması isə çox təhlükəlidir, amma həmin pul emissiyası iqtisadi artımı və inflyasiyanın yaradılması üçün zəruridir. Nəticədə, müxtəlif yollarla edilən və ediləcək pul emissiyası ilə paralel həmin pulların depozitlərə və borc qiymətli kağızlara deyil, real iqtisadiyyata yönəldilməsi üçün şərait yaradan müxtəlif inzibati addımlar atılır. Yuxarıda qeyd olunan mənfi gəlirlik məhz belə addımlardan biridir.

 

Mənfi faiz dərəcəsinin tətbiqi ilə iqtisadiyyata investisiyaların artırılması siyasətində Yaponiya heç də pioner deyil. Hazırda dünyanın 14 ölkəsində dövlət istiqrazları üzrə mənfi gəlirlik müşahidə olunur, iyul ayında bu siyahıya Hollandiya da qatılıb. Mütəxəssislərin hesablamalarına görə, hazırda dünyada mənfi gəlirliyə malik olan dövlət qiymətli kağızların ümumi həcmi 13 trln. dollar təşkil edir. Həmçinin tədricən korporativ istiqrazlar da “prosesə qoşulur” – belə korporativ istiqrazların təxmini həcmi 250 mrd. dollara bərabərdir və həcmin artması istisna deyil. Həm də “mənfi gəlirli” ölkələrin də sayının artacağı istisna edilmir. Belə ki, hazırda Litvanın istiqrazları üzrə illik gəlirlik cəmi 0,5%, Tayvanda isə 0,7% təşkil edir. Bütün dünya iqtisadiyyatına təsir edən ABŞ-da dövlət istiqrazların (10 illik) gəlirliyi 4 illik minimuma çataraq, 1,36%-ə enib. Göründüyü kimi, proses nəinki coğrafi baxımdan bütün dünyaya yayılıb, həm də dərinləşir və kəskinləşir.

 

 

Bütün bunlar onu göstərir ki, dünyada birmənalı olaraq neqativ iqtisadi proseslər güclənir. Son nöqtə kimi ABŞ-ı qeyd etmək lazımdır. Orada problemlər oxşar xarakter daşıyır: aşağı inflyasiya, gözləntilərdən aşağı iqtisadi artım tempi, əmək bazarında qeyri-stabil vəziyyət, müxtəlif makroiqtisadi göstəricilər daimi olmayan dinamikası və sair kimi amillərin təsiri altında ötən ilin sonunda elan edilmiş monetar siyasətin sərtləşdirilməsi artıq yarım ildən çoxdur təxirə salınır. Belə ki, yaxın günlərdə keçirilən iclasında Federal Ehtiyat Sisteminin Açıq Bazarları üzrə Komitəsi faiz dərəcələrin həmin səviyyədə saxlanması barədə qərar qəbul edib. Bu artıq bu il keçirilmiş beşinci belə iclasdır ki, faizlərin qaldırılması gözlənilib, lakin baş verməyib. Səbəb kimi həmişə eyni amillər qeyd edilir: qeyri-stabil makroiqtisadi vəziyyət, inflyasiyanın hədəf səviyyəsi olan 2%-ə hələ də çatmaması və sair. İndi isə tədricən ehtimallar artır ki, faiz dərəcələri, elan edilməsinə baxmayaraq, bu il ümumiyyətlə qaldırılmayacaq. Belə ki, FES-in toplantılarında səs hüququna malik olan Nyu-York ştatının Federal Ehtiyat Bankının rəhbəri Uilyam Dadli bu ilin sonunadək uçot dərəcəsini artırmamağa çağırıb. "FES uçot dərəcəsinin artırılmasına olduqca ehtiyatlı yanaşmalıdır. Hələlik pul-kredit siyasətinin tam sərtləşdirilməsindən imtina etmək olduqca tezdir. Lakin bu addımın neqativ təsirləri müsbət təsirlərdən çox olacaq", - deyə o qeyd edib. Xatırladaq ki, bu il FES-in üç iclasının keçirilməsi gözlənilir. Ehtimal etmək olar ki, əgər faiz dərəcələrin bir qədər artırılması baş versə belə, bu barədə qərar ötən ildəki kimi yalnız sonuncu, dekabrdakı iclasda qəbul edilə bilər.

 

Dünyada baş verən proseslər məsələni daha da gərginləşdirir ki, bu proseslərə dünyada siyasi qarşıdurmalar, terrorizm, xam mal (ilk növbədə neft) bazarlarında qeyri-müəyyənlik, Çin iqtisadiyyatının hədəf göstəricilərə hələ də çıxmaması kimi amilləri və faktları aid etmək lazımdır. Nəticədə, demək olar ki, dünyanın ilk üç ən iri iqtisadiyyatlarında bərpa prosesləri, yumşaq desək, ləngiyir. Nəhayət, Avrozonada indi müşahidə olunan simvolik iqtisadi artım və gözlənilən bank böhranı vəziyyətin düzəlməsinə və yaxşılaşdırmasına heç də xidmət etmir. Necə istəsən dəyərləndir, hansı regiona istəsən üz tut, iqtisadi və makroiqtisadi vəziyyət qənaətbəxş deyil...

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • moskvada 28 may respublika gunu munasibeti ile tenteneli qebul kecirilib
    Moskvada 28 May-Respublika Günü münasibəti ilə təntənəli qəb...
  • 174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib
    ® “Nar” abunəçiləri arasında keçirilən lotereya qaliblə...
174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib 174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ