İtaliya: Avropa İttifaqının və Avrozonanın yeni kabusu - TƏHLİL

italiya avropa ittifaqinin ve avrozonanin yeni kabusu tehlil

Deyəsən, iqtisadi və ardınca gələn siyasi sarsıntılar Avropadan "əl çəkmək" fikrində deyil. Böyük Britaniyanın Avropa İttifaqından (Ai) çıxması ilə bağlı referendumun ("Brexit") nəticələri və bu ölkənin Aİ-siz, Aİ-nin isə Britaniyasız gələcəkdə yaşaması və əməkdaşlıq səviyyəsi barədə real fikir və perspektivlər hələ formalaşmaqdadır, amma Avropanı növbəti ciddi bir yoxlanış gözləyir. Və Aİ-nin bu yoxlanışdan uğurla çıxması barədə möhkəm bir əminlik yoxdur.

 

Yerli mütəxəssislər artıq müəyyən vaxt ərzində İtaliyada bank böhranın yaranması və onun yaxın zamanlarda tam gücü ilə qopma ehtimalı barədə həyəcan siqnalı verirlər, amma Avropada digər problemlər, ilk növbədə Brexit bütün məsələləri kölgəyə salıb. İndi isə məlum olur ki, İtaliyada başlamış bank böhranı bütünlükdə Aİ üçün təhlükə yarada biləcək bir problemdir. Böhranın mahiyyəti barədə qısaca desək, söhbət ondan gedir ki, İtaliyada vaxtı keçmiş bank kreditlərinin həcmi rekord həddə - 360 mlrd. avroya, kredit portfelində xüsusi çəkisi isə 17%-ə çatıb. Ölkənin mənfi tərəfdən “seçilməsi”nin əyani sübutu kimi o göstərilir ki, bütün Avrozona üzrə vaxtı keçmiş və ümidsiz bank kreditlərinin həcminin, demək olar ki, yarısı İtaliyanın payına düşür. Mütəxəssislər yaranmış vəziyyətin səbəbləri barədə mübahisə edir ki, burada da bir neçə əsas amil qeyd olunur: bankların şişirdilmiş xərcləri nəticəsində rentabellik aşağı olduğunda problemli kreditlərin vaxtında bankın vəsaitləri hesabına ödəmə imkanın olmaması və, əsasən, məhkəmə-hüquq sisteminin xüsusiyyətlərinə görə girovun likvid olmaması. Belə ki, girovun bankın xeyrinə keçirilməsi prosesi illərlə davam edir. Bu ilk növbədə daşınmaz əmlak və əsas vəsaitlər şəklində olan girova aiddir ki, bu növ girovlar isə, aydındır ki, ən iri kreditlər üzrə olur. Bu da vaxtı keçmiş kreditlərin mütləq şəkildə həcminin artmasını daha da sürətləndirir. Nəticədə vaxtı keçmiş kreditlərin həcmi misli görünməmiş səviyyəyə çatıb. Bundan əlavə mütəxəssislərin fikrincə, ölkədə ümumi iqtisadi vəziyyət və eyni zamanda maliyyə-bank sistemi zəif olduğundan hər hansı kənar iqtisadi və siyasi amillərə həssaslıq səviyyəsi çox yüksəkdir. Məsələn, Brexit İtaliya bank sisteminə ciddi zərbə vurub ki, bu ilk növbədə əksər bankların səhmlərinin ucuzlaşmasında özünü büruzə verib. Nəticədə bu proses onların onsuz da zəif maliyyə vəziyyətlərini daha da pisləşdirib. Brexit-dən sonra İtaliya banklarının ümumi fond indeksi 30% enib ki, bu da ümumi Avropa üzrə göstəricidən 1,5 dəfə çoxdur. Ümumi iqtisadi vəziyyətə gəldikdə isə, “Eurostat”ın məlumatına görə, 2015-ci ildə Avropa İttifaqının ÜDM-i 2% artdığı halda İtaliyada iqtisadi artım cəmi 0,8% təşkil edib. Düzdür, son illərdə müsbət dinamika müşahidə olunub: 2014-cü ildə mənfi 0,3%, 2013-cü ildə mənfi 1,7%, 2012-ci ildə mənfi 2,8%, amma indiki 0,8%-lik səviyyəsi möhkəm deyil ki, hər hansı sarsıntı olan kimi, iqtisadiyyat yenidən geriləmə zonaya düşə bilər.

 

Bu fonda bank böhranı həmin sarsıntının yaradıcısı ola bilər. Mütəxəssislər artıq ilk potensial qurbanın adını açıqlayıb. Belə ki, bank böhranının ilk zərərçəkəni “Monte dei Paschi di Siena” bankı ola bilər, çünki burada vaxtı keçmiş kreditlərin həcmi 47 mlrd. avroya yaxındır. Həmin banka hökumət tərəfindən artıq bir neçə dəfə köməklik edilib, amma bir müsbət nəticə müşahidə olunmayıb. Vəziyyətin miqyasını başa düşən Avropa Mərkəzi Bankı bəyan edib ki, həmin bank vaxtı keçmiş kreditlərin həcmini yaxın iki il ərzində 32 mlrd. avroya endirməlidir. Amma məsələ ondadır ki, necə? Çünki Aİ qanunlarına görə, ittifaqa üzv olan ölkələrin hökumətlərinin banklara yardım etmə imkanları çox məhduddur. Bu isə ona gətirib çıxarır ki, İtaliyada gec-tez fikirlər yaranacaq ki, böhranın səbəbləri Aİ-də olmasa da, ondan çıxma çətinlikləri ölkənin Avropa İttifaqından olması və bununla belə ölkənin maliyyə və pul-kredit siyasətində müstəqil olmamasındadır. Belə bir vəziyyətlə artıq bir dəfə üzləşmişik – Yunanıstanda. Orada ölkəni sosial partlayış astanasına salan dövlətin borclar böhranı, dövlət büdcəsinin kəsiri və bütün yaranmış vəziyyət ona gətirib çıxarmışdı ki, 2015-ci ilin iyulunda ölkənin Aİ və beynəlxalq kreditorlar tərəfindən tövsiyə olunmuş kreditləşmə sazişinin şərtləri üzrə referendum keçirilmişdi. Referendumda sərt qənaət rejimi nəzərdə tutan bu şərtlərə əleyhdarların qələbəsindən sonra bir çoxları gözləyirdi ki, növbəti addım kimi ölkənin Aİ-dən və Avrozonadan çıxması barədə də referendum keçiriləcək. Bununla da müstəqil pul-kredit sistemini bərpa etmək imkan yaranacaq, amma Yunanıstanda siyasi qüvvələr bu prosesin dayandırılmasına müvəffəq oldular.

 

Amma əgər İtaliyada böhran bank sektorundan kənara çıxsa, digər sahələrə keçsə, sosial sferaya yayılsa və nəhayət siyasi böhrana səbəb olsa, Brexitin nümunəsindən sonra burada Yunanıstandakı kimi Aİ-yə loyallıq müşahidə olunmaya da bilər – məsələn, birbaşa Avrozonadan çıxması rakursuna keçirilə bilər. Qeyd edək ki, hazırda Avrozonaya daxil olan ölkələrin maliyyə sistemləri faktiki olaraq Avropa Mərkəzi Bankı tərəfindən və müvafiq maliyyə tənzimləyici qurumları tərəfindən qəbul edilən pul-kredit siyasəti və qaydalarına uyğun fəaliyyət göstərir, müstəqil pul-kredit siyasəti alətlərinin sayı çox məhduddur. Bu tək onunla bağlı deyil ki, həmin ölkələrin öz valyutaları olmadığından emissiya kimi aləti yoxdur, söhbət həmçinin ondan gedir ki, vahid qaydalara riayət etmək lazımdır, onlar isə bir çox hallarda böhran şəraiti üçün, yumşaq desək, yaramır. Məsələn, yuxarıda qeyd olunan hökumət tərəfindən banklara köməklik edilməsi üzrə qadağa və məhdudiyyətlər. Artıq indidən İtaliyada bu qayda üzrə narazılıq var. Amma ölkədə ilk bank müflisləşməsi faktı baş verərsə, məsələ geniş kütlə arasında müzakirə olunmağa başlasa və məlum olsa ki, bankların müflisləşməsi əhalinin orada olan vəsaitlərinə təsir edir, o zaman Avropa İttifaqının müvafiq qaydalarından imtina etməsi məsələsi mütəxəssislər dairəsindən kənara çıxacaq. Bunun isə ehtimalı çox böyükdür. Unutmaq lazım deyil ki, 2008-ci ildə ABŞ-da maliyyə böhranı yarananda orada vaxtı keçmiş və ümidsiz kreditlərin xüsusi çəkisi 5% olub, yəni İtaliyadan 3 dəfə aşağı olub, və amma hamı bilir ki, bu böhranın axırı necə olub – hələ də bütün dünya onun “qalıqları” ilə mübarizə aparır, ABŞ-ın özündə isə makroiqtisadi göstəricilər böhrandan əvvəlki səviyyəyə çıxmayıb. Nəticədə, İtaliyada tez bir zamanda problemin həlli yolu tapılmazsa, burada da “Brexit kabusu” görünə bilər.

 

İndi Avropa İttifaqında mərkəzdənqaçma qüvvələri onsuzda son dərəcədə güclüdür. İtaliyada böhran geniş xarakter alsa, onun Avrozonadan çıxması barədə kütləvi tələblərə səbəb olduğu halda, birliyin taleyi barədə ciddi şəkildə narahat olmağa dəyər. Və ya Avropa İttifaqında nəhayət liberallaşma və qaydalarda yumşaltma başlayacaq, çünki birliyin ümumilikdə saxlaması üçün bundan başqa yol qalmayacaq...

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:20 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • pirallahi gunes elektrik stansiyasinin acilisi olub
    “Pirallahı” günəş elektrik stansiyasının açılışı olub...
  • azneft bu il 3 4 mln ton neft ve 2 6 mlrd kubmetr qaz hasil edib
    "Azneft" bu il 3,4 mln. ton neft və 2,6 mlrd. kubmetr qaz ha...
azneft bu il 3 4 mln ton neft ve 2 6 mlrd kubmetr qaz hasil edib azneft bu il 3 4 mln ton neft ve 2 6 mlrd kubmetr qaz hasil edib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ