OPEC-ABŞ qarşıdurması: kartel Ağ Evlə sabit neft danışıqlarına başlaya bilərmi? - TƏHLİL

opec abs qarsidurmasi kartel ag evle sabit neft danisiqlarina baslaya bilermi tehlil

Deyəsən, bütün mənfi proqnozlara baxmayaraq, bütün bədbin gözləntilərin əleyhinə olaraq Neft ixracatçı ölkələri təşkilatı (OPEC) neft bazarında yaranmış sabitliyi qorumaq niyyətindədir və buna nail olacaq.  Əlbəttə ki, gələcək iki ay ərzində çox şey dəyişə bilər, lakin hələlik onu göstərir ki, neft bazarını mənfi tendensiyalar gözləmir.

 

Beləliklə, Küveytdə OPEC və bəzi OPEC-ə daxil olmayan, amma neft hasilatının azaldılması razılaşmaya qoşulmuş ölkələrin öhdəliklərin icrası üzrə nazirlər səviyyəsində monitorinq komitəsinin iclası keçirilib. Əsas mövzu - ötən ilin dekabrında neft hasilatının azalması və dondurulması barədə əldə edilmiş razılaşmanın müddətinin uzadılmasıdır. Həmin razılaşma bu ilin iyununda başa çatır və neft ölkələri bu razılaşmanın uzadılması istiqamətində fəal iş aparırlar. Görüşdə bəzi vacib məlumatlar səsləndirilib ki, bunların sırasında da ən vacibi fevralda hasilatın azaldılmasına dair razılaşmaya 94 faiz icra olunub. Yanvarda demək olar ki, tam icra olunub. Yanvar-fevral nəticələri bəzi bədbin proqnozlara kəskin ziddir, çünki hətta razılaşma əldə edildikdən dərhal sonra bir çoxları proqnoz verirdi ki, sazişin reallaşmasına ciddi maneələr var və o icra olunmayacaq. Maneələr artıq standartdır - İran hasilatı azalmaq əvəzinə artırır ki, bu durum da Səudiyyə Ərəbistan tərəfindən qəbul edilməyəcək və Ər-Riyad razılaşmaya sadiq qalmayacaq. Bundan başqa Rusiya kimi OPEC-ə daxil olmayan ölkələr tərəfindən hasilatın azaldılmayacağı dair gözlənti və ehtimallar var idi. Lakin hələlik hər şey normal gedir.

 

Görüşdə hər hansı qərarın qəbul edilməsi gözlənilmirdi. Sadəcə mövqelər səsləndirilib və bəyan edilib ki, ilkin qərarı aprel ayında texniki komitələrin iclasında gözləmək olar. Apreldə razılaşmada iştirak edən ölkələr öz təklifləri təqdim etməlidir. Hər ölkə öz qərarında sərbəstdir və ümid səsləndirilib ki, aprelin sonuna kimi müvafiq mövqe, rəy və təkliflər daxil olunacaq.

 

Razılaşmanın qüvvəyə minməsindən, yəni dekabrdan sonra neftin qiyməti 50 dollardan aşağı düşməyib. Maraqlısı odur ki, martın 9-na kimi qiymət ümumiyyətdə 55 dollardan yuxarı olub, martın 9-da isə neftin kəskin ucuzlaşması baş verib ki, buna bir neçə amil təsir edib. Birincisi, sözügedən razılaşmanın uzadılıb-uzadılmaması ehtimalıdır. Burada indi də vahid bir mövqe yoxdur, hər şey iyuna yaxın məlum olacaq.

 

May ayında OPEC-in və razılaşmadan iştirak edən ölkələrin nazirlərinin görüşü nəzərdə tutulur ki, qərar həmin iclasda qəbul ediləcək. O vaxtadək razılaşmanın uğurla icra edilməsi xəbərləri bazara təsirini saxlayacaq. İran-Səudiyyə Ərəbistan münasibətləri pisləşməsə və ABŞ-da hasilatın artması barədə məlumatlar davam etsə, razılaşma böyük ehtimalla uzadılacaq. Əks halda razılaşmanın taleyi sual altına düşə bilər. Amma onu nəzərə almaq lazımdır ki, neftin hətta indiki qiymətləri neft ölkələrinin hamısını qane etmir, OPEC, İran və digər ölkələr dəfələrlə bəyan edib ki, indiki halda arzu olunan qiymət 60 dollar təşkil edir. Burada qəribə bir məqam da var. OPEC bəyan edir ki, neft bazarında vəziyyəti təhlil edərək qərar qəbul edəcək, bazar isə böyük dərəcədə məhz OPEC-in xəbərlərindən asılıdır. Paralel olaraq həm də ABŞ-ın neft sektorundan gələn xəbərlərdən.

 

Hələlik OPEC-dən qiymətlərə mənfi təsir göstərəcək xəbər yoxdur, amma ABŞ-ın neft sektoru qiymətləri kəskin endirir. Ötən həftə məlum olub ki, ABŞ-da neftin kommersiya ehtiyatları proqnozlaşdırılan 2,8 mln. barel deyil, 5 mln. barel artıb. Nəticədə, ehtiyatlar 533 mln. barelə çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 50 mln. barel və ya 10,4% çoxdur. Eyni zamanda ölkədə hasilat da artır. Mütəxəssislərin fikrincə, ABŞ-ın neft sektoru dünya neft bazarı üçün əsas təhlükədir və eyni zamanda OPEC-in razılaşması üçün də əsas təhdiddir. Amma bununla razılaşmaq çətindir, yəni paradoksal olaraq, məhz ABŞ-ın neft bazarına mənfi təsiri OPEC-i hasilatı azaldılmasını uzatmaq üçün təkan olmalıdır.

 

Bundan əlavə onu da unutmaq olmaz ki, neftin ucuzlaşması nəticsinədə ABŞ-ın neft hasilatçıları üçün zərbə olacaq, çünki əsas yataqlarda hasilatın maya dəyəri 40 dollardan da yuxarıdır. Beləliklə, neft bazarı üzrə bəzi məlumatlar nə dərəcədə inanılmaz olsa da, reallaşa bilər. Məsələn, OPEC-in Tramp administrasiyası ilə neft bazarında sabitlik yaratmaq üçün vahid addımlar atmasına dair danışıqlar aparması mümkündür. Son hadisələr göstərir ki, Tramp administrasiyası reallığı qiymətləndirərək öz planlarından imtina edə bilər. Söhbət kütləvi tibbi sığortanı nəzərdə tutan Obamacare proqramının dayandırılması barədə qanun layihəsinin geri çağırılmasından gedir. Bu fakt onu göstərir ki, Tramp administrasiyası ilə danışıqlar aparmaq mümkündür və ilkin ehtimalla baxmayaraq o, elə də radikal deyil, reallığı qiymətləndirir. Əgər OPEC və digər neft ölkələri hazırda neftin qiymətinin 55-60 dollar səviyyəsinə çatması və sabitləşməsi üçün çalışır, Ağ Evi "bu sizin üçün də faydalıdır" tezisinə inandıra bilsələr, neft bazarında son sarsıldıcı amil də aradan qalxacaq. 

 

Bu baxımından OPEC-lə ABŞ arasında neft sahəsində danışıqların mümkün qədər tez başlanması hamının xeyrinə ola bilər, çünki hər nail olunmuş nəticə vəziyyəti aydınlaşdıracaq. Əgər OPEC-lə ABŞ arasında qiymətlərin sabitləşməsi üçün hər hansı razılıq əldə olunsa, ABŞ-da neft quyuların işə salınması templəri azalsa, OPEC isə öz tərəfindən hasilatın azaldılması üzrə razılaşmanın icrasına sadiq qalsa, neft bazarında sabitlik təmin ediləcək. Qeyd edək ki, ucuz neft dövrü onu göstərib ki, hətta neft idxal edən ölkələr üçün ucuz neftdən əldə edilən şərti xeyr o dərəcədə deyil ki, "iqtisadiyyat üçün ucuz neft faydalıdır" demək mümkün olsun. Əksinə, araşdırmalar göstərib ki, ucuz neftdən əmələ gələn şərti xeyr (istehlakçılar üçün yekun qiymətlərdə azalma) iqtisadiyyat üçün böyük və ciddi xeyr vermir. Bu baxımından ABŞ üçün ucuz neftin xeyirli olması ümumiyyətlə sual altındadır və OPEC bundan istifadə etməlidir.

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • www esgeremektub com vasitesi ile ilk mektublar esgerlere catdirilib fotosessiya
    “www.esgeremektub.com” vasitəsi ilə ilk məktublar əsgərlərə ...
  • erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib
    Ərdoğan PPK və FETÖ ilə bağlı ABŞ-a xəbərdarlıq edib...
erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ