Postneft dövründə ARDNF-in çevik idarəetmə üsulu - TƏHLİL

postneft dovrunde ardnf in cevik idareetme usulu tehlil

Azərbaycanın əsas strateji ehtiyatları Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) saxlanılır, amma saxlanmaqdan başqa həmin vəsaitlər müxtəlif investisiya alətlərə sərmayə kimi yatırılaraq gəlir gətirir. Lakin etiraf etmək lazımdır ki, hazırda bu gəlirin həcmi və onun nisbi göstəricisi olan gəlirlilik səviyyəsi çox aşağıdır.

 

Belə ki, 2015-ci il üzrə Fondun investisiya fəaliyyətinə əsasən, məcmu aktivlərin toplu gəlirlilik səviyyəsi 1,24 faizə bərabər olub. Əlavə olaraq, bütün alətlərin sırasına qızıla investisiyaları da nəzərə alanda gəlirlik 0,89 faizə enir. Çünki ötən il ərzində qızıla sərmayələr üzrə 0,33 faizlik mənfi gəlirlilik müşahidə olunub. Qeyd edək ki, müşahidə olunan gəlirlik dünyada fəaliyyət göstərən suveren fondların vəsaitlərinin gəlirliyi ilə müqayisədə çox aşağıdır. Məsələn, dünyanın ən iri suveren fondu hesab olunan Norveç Qlobal Pensiya Fondunun ötən ildə gəlirliliyi 2,7 faizə bərabər olub ki, bu da 5 illik minimumudur. Göründüyü kimi, ARDNF-ın gəlirliyi bundan da aşağıdır. Yaranmış vəziyyətin obyektiv və subyektiv səbəbləri var və subyektiv səbəblər daha təsiredicidir.

 

Söhbət Fondun investisiya siyasətindən, daha doğrusu investisiya portfelinin strukturundan gedir. 2015-ci ilin sonuna kimi Fondun investisiya portfelinin 79,4 faizini istiqrazlar və depozitlər təşkil edib. Öz növbəsində istiqrazlar portfelinin 14 faizi “AAA” reytinqinə malik olan istiqrazların, qalan hissəsi isə təxminən bərabər olaraq “AA”, “A” və “BBB” reytinqinə malik olan istiqrazların payına düşür. Yəni, Fondun aktivlərinin əsas hissəsi ən yüksək reytinqə malik olan istiqrazlara investisiya edilib. Məlumdur ki, qiymətli kağızlar üzrə yüksək reytinq yüksək etibarlılıq nəzərdə tutur, yüksək etibarlılıq isə əks-proporsional olaraq, aşağı gəlirlilik deməkdir. Sadə desək, qiymətli kağızlar nə dərəcədə etibarlıdırsa, onlar üzrə gəlirlilik o dərəcədə aşağıdır. Və yaxud əksinə, ən gəlirli qiymətli kağızlar ən risklidir. Faktiki olaraq, ARDNF-in aşağı gəlirli olsa belə, etibarlı alətlərə qoyuluşlarını nəzərdə tutan son dərəcədə konservativ investisiya siyasəti yürütməsi artıq heç kimə sirr deyil. Əksinə bu siyasət dəfələrlə bəyan edilib və Fondun əsas prinsipləri kimi elan olunur. Hətta 2008-2009-cu illərdə başlanmış və bir neçə il davam edən dünya iqtisadi böhranının Azərbaycanın strateji ehtiyatlarına mənfi təsirin olmaması da məhz bununla izah olunurdu ki, vəsaitlər etibarlı alətlərdə yerləşdirilib.

 

Lakin başqa məqamlar da var. Yuxarıda qeyd edilmiş Norveç Qlobal Pensiya Fondunun hesabatına əsasən, fond yüksək gəlir əldə etməyə səhmlər və daşınmaz əmlaka sərmayə yatırmaqla nail olub. Məlumdur ki, qiymətli kağızlar sırasında səhmlər ən riskli, amma ən gəlirli alətdir. Göründüyü kimi, dünyanın ən iri suveren fondu səhmlərə qoyuluşlardan hətta bazarlarda volatillik olduğu zaman kənarlaşmayıb və məhz bunun hesabına 3 faizə yaxın gəlir əldə edilib. Məsələn, istiqrazlara investisiyalar cəmi 0,3%, səhmlərə investisiyalar isə 3,8 faiz gəlir gətirib. ARDNF üzrə həmin göstəricilər müvafiq olaraq 0,59% və 0,16% təşkil edir. Həm də onu vurğulamaq lazımdır ki, səhmlərə ARDNF aktivlərinin yalnız 7,7 faizi yerləşdirilib. Yəni, səhmlər riskli alət olduğuna görə ARDNF üçün cəlbedici deyil. Fondun investisiya siyasətini nəzərə alsaq, bütün bunlar təbii və izah olunandır, lakin bir məqam da nəzərə alınmalıdır. Belə ki, gəlirliliyin son illər üzrə dinamikası ümidverici deyil. Məsələn, ARDNF-ın gəlirliliyi (qızılsız) 2015-ci ildə 1,24% olub, amma 2014-cü ildə bu göstərici 1,52%, 2013-cü ildə 1,77%, 2012-ci ildə 2,2% təşkil edib. Göründüyü kimi, gəlirlik tədricən və sabit azalır, növbəti ildə gəlirlik ümumiyyətlə sıfıra yaxınlaşa bilər ki, bu da o deməkdir ki, strateji ehtiyat heç gəlir gətirmir. Əlbəttə ki, əsas prinsip ehtiyatların gəlir gətirməsi deyil, onların qorunub saxlanması və likvid olmasıdır, amma bəlkə bu prinsip konservatizmdən artıq primitivizmə doğru gedir? Yenə də vurğulamaq istərdik ki, həmin  prinsipini dərhal dəyişməsinə çağırmırıq, bəlkə etibarlıq və sabitlik əsasdır.

 

Amma iki məqam düşünməyə məcbur edir. Birincisi, 34 mlrd. dollara yaxın işləməyən vəsaitlər, ikincisi isə dünyanın aparıcı suveren fondlarının nisbətən daha proqressiv investisiya siyasətinə əsasən işləməsi. Aydındır ki, ehtiyatları yığıb onları ən etibarlı alətlərə yönəltmək ən asan işdir. Gəlirli, nisbətən riskli alətlər bazarını təhlil edib, investisiya strategiyası müəyyənləşdirib qısamüddətli investisiyalar qoymaq, investisiya fəaliyyətini indikindən daha çevik və intensiv etmək isə bir qədər çətin məsələdir. Qeyd etmək lazımdır ki, ARDNF bir neçə il əvvəl investisiya siyasətini bir qədər müasirləşdirərək qızıla investisiya edib. Amma rəqəmlər onu göstərir ki, qızıla investisiyalar son 4 il ərzində mənfi gəlirliyə malik olub. Əlbəttə, bu bazarda olan əlverişsiz qiymət dövrü ilə əlaqədardır. Yaranmış vəziyyətə cavab olaraq Fonddan həmişə bildirilir ki, qızıla investisiyalar strateji xarakter daşıyır və onun gəlirliyin mənfi olması Fondu narahat etmir. Tamamilə mümkündür, amma digər alət var ki, bunu izah etmək bir qədər çətin olacaq. Norveç Qlobal Pensiya Fondunun daşınmaz əmlaka investisiyaların gəlirliyi nə az, nə çox 10% təşkil edib. ARDNF-ın daşınmaz əmlak investisiyaları ötən ildə cəmi 0,31 faiz gəlir gətirib. Seçilmiş obyektlər üzrə qiymət konyunkturası əlverişsizdir, yoxsa başqa bir səbəb var?

 

İndi vəziyyətdə, neftin kəskin ucuzlaşacağı dövrdə əlavə gəlir əvəzolunmaz ola bilər. Primitiv hesablayaq. Mənfəət neftindən ARDNF-ə illik daxilolmalar ümumi aktivlərin təxminən 14 faizini təşkil edir. Yəni, ümumi investisiyaların 1 faiz əlavə gəlir gətirməsi mənfəət neftinin 7% bahalaşmasına bərabərdir. Məsələn, ötən ildə mənfəət neft və qazından (qaz hələlik kiçik paya malik olduğu üçün əsas diqqət neftə yönəlməlidir) daxilolmalar 7,4 mlrd. manat təşkil edib. Fondun ilin sonuna isə ümumi aktivləri 33,6 mlrd. dollar və ya cari məzənnə ilə 54 mlrd. manata yaxın olub. Əgər bu vəsaitdən 1% və ya 540 mln. manatlıq gəlir əldə edilirsə, o zaman mənfəət neftindən daxilolmalar 7,3% artmış olacaq Sabit neft hasilatı və satışı halında belə artım yalnız qiymət hesabına ola bilər. Yəni Fondun aktivlərin daha gəlirli idarə edilməsi nəticəsində neftin ucuzlaşmasının mənfi təsirləri nisbətən kompensasiya edilə bilər.

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
16:02 26 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tiflisde berpadan sonra neriman nerimanovun ev muzeyinin acilisi olub
    Tiflisdə bərpadan sonra Nəriman Nərimanovun ev muzeyinin açı...
  • prezident ilham eliyev polsa senatinin marsali ile gorusub
    Prezident İlham Əliyev Polşa Senatının marşalı ilə görüşüb ...
prezident ilham eliyev polsa senatinin marsali ile gorusub prezident ilham eliyev polsa senatinin marsali ile gorusub +2
MƏZƏNNƏ
FOREX
/ 27 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ