"Qazprom"u təhdid edən müştərilərin sayı üçə çatıb: növbədə kimdir? - TƏHLİL

qazprom u tehdid eden musterilerin sayi uce catib novbede kimdir tehlil

Hər zaman tərs mənzərənin şahidi olsaq da, son zamanlar Rusiyadan qaz alanlar şimal qonşumuzu daha çox təhdid etməyə başlayıblar. Bir vaxtlar Rusiyanın "mavi yanacağı"na möhtac olanlar, artıq Rusiya ilə qiymət davası edir. Siyahıda Rusiyanın üç yaxın qonşusu var - Polşa, Ukrayna və Belarus. Düzdür, Ukrayna və Polşa Rusiyanın qonşusu olsa da, yaxınlıqdan əsər-əlamət yoxdur. Di gəl ki, Belarus Rusiyanın strateji müttəfiqlərindən biridir.

 

Polşa rəsmiləri bildirib ki, 2022-ci ildən sonra bu ölkə Rusiya qazını Norveç qaz ilə əvəzləyəcək. Rəsmi Varşava qərarını yalnız bir şərtlə dəyişə bilər - Moskva "yaxşı şərait və qiymət" təqdim etməlidir. Polşa Norveç şelfi ilə birləşəcək qaz kəmərinin ("Baltic Pipe") tikintisini planlaşdırır. 2022-ci ildən sonra Polşanın Svinouystse şəhərində yerləşən terminala təbii qaz tədarük olunacaq.

 

Polşa hökumət nümayəndəsi Pyotr Naimski bildirib ki, hazırda ölkəsinə 15 mlrd. kubmetrə yaxın qaz lazımdır: "Bu həcmdə qaz bütün bizim tələbatımızı ödəyəcək".

 

Naimski əlavə edib ki, "Qazprom"la növbəti uzunmüddətli müqavilənin bağlanmasına ehtiyac yoxdur: "Düşünmürəm ki, biz 2022-ci ildən sonra indiki şərtlərlə "Qazprom"la olan uzunmüddətli müqaviləmizi uzadacağıq. Biz yeni təklifləri nəzərdən keçirib, əlavə tədbirlər görəcəyik".

 

Polşalı məmur bu bəyanatı Danimarkaya səfəri öncəsi səsləndirib. Məhz bu Skandinaviya ölkəsində "Baltic Pipe" kəmərinin tikintisi ətrafında müzakirələr aparılacaqdı. Bu bəyanat bir növ Moskvanın "Polşa üçün Rusiya qazına əvəz tapmaq çətin olacaq" açıqlamasına cavab idi.

 

Bəyanata Rusiya prezidenti Vladimir Putin səviyyəsində cavab verildi: "Polşa hökuməti Rusiya qazından imtina edərsə, biz onu başqasına satacağıq. Yeni alıcı Polşa, Almaniya, Avstriya, İtaliya və hətta Fransa şirkətləri də ola bilər. Bizim üçün alıcının fərqi yoxdur. Nəticədə bu qazı kimsə alacaq. Yox, əgər bu da baş tutmazsa, başqa bazarlar axtarılacaq, burada da qorxulu heç nə yoxdur. Ola bilər ki, onu İsrail tərəfi alacaq və qazı yenidən Polşaya satacaq".
 

Emosional çıxışlarına alışdığımız Putin sanki bu açıqlaması ilə Polşa tərəfini bazarlığa dəvət edib. Bir çox ekspertlər də bu fikirdədir. Analoji fikri Naimskinin bəyanatı barədə də demək olar. Naimski "Rusiya tərəfi yaxşı şərait və qiymət təklif edərsə" ifadəsi ilə sanki qapını sona qədər çırpmır.

 

 

Rəsmi Kiyev 2015-ci ilin noyabrında Rusiya qazından imtina edib. Bu gün də Ukrayna hökuməti bildirir ki, "Qazprom" endirim etsə, Rusiyadan qaz almaq məsələsinə yenidən baxıla bilər. "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Miller ötən gün bildirib ki, "Naftogaz Ukrayna" şirkətindən məktub alıb və məktubda qaz tədarükünün bərpa olunması ilə bağlı xahiş yer alıb.

 

Beləliklə, Ukrayna bu ilin üçüncü rübündən etibarən Rusiyadan təbii qaz tədarükünü bərpa etməyi planlaşdırır. "Naftoqaz Ukrayna"nın İdarə Heyətinin sədri Andrey Kobalev bildirib ki, Rusiyadan bir şərtlə qaz alına bilər ki, onlar avropalı tədarükçülərdən fərqli olaraq daha sərfəli qiymət təklif etməlidir.

 

Ötən ayın sonundan Ukraynanın energetika və kömür sənayesi naziri İqor Nasalik bildirib ki, Rusiya qazının bazar qiyməti hər bir 1000 kubmetr üçün 130-132 dollar təşkil etməlidir. Rusiya isə Ukraynaya satdığı hər 1000 kubmetrə qaza görə 177 dollar tələb edir.

 

Bir daha xatırladım ki, Ukrayna ötən ilin noyabrından etibarən Rusiyadan qaz tədarükünü dayandırıb. Əvəzində Ukrayna revers sxemi üzrə Avropa İttifaqından yanacaq idxal edir. Ukrayna tərəfi iddia edir ki, bu qiymət daha sərfəlidir. Maraqlıdır ki, Ukraynanın baş nazirinin birinci müavini Stepan Kubivin proqnozlarına görə, revers qazının bu ilin may-dekabr ayları ərzində qiyməti hər 1000 kubmetr üçün orta hesabla 185 dollar (!) təşkil edib. Ölkənin qərbinə isə qazın nəqli digər xərclər də nəzərə alınmaqla 195 dollara çatır.
 

 

Belarus da Rusiyadan tədarük etdiyi qazın qiyməti üçün endirim istəyir. Bu məsələ bu günlərdə hər iki ölkənin prezidentlərinin görüşü zamanı müzakirə olunub. Lakin görüşdən sonra Belarusun baş naziri Andrey Kobyakov bildirib ki, danışıqlar heç bir nəticə verməyib: "Hələlik konkret hər hansı bir qərar qəbul edilməyib, ancaq dialoq davam etdiriləcək".

Oxşar bəyanatı Rusiyanın energetika naziri Aleksandr Novak verib. Lakin may ayının sonuna qədər həmin Novak deyirdi ki, Moskva Minsk üçün heç bir endirim etməyəcək: "Qiymətlər hazırda olan müqavilə ilə müəyyənləşir".

 

Xatırladaq ki, tərəflər arasında narazılıqlar isə bu ilin əvvəlində yaranıb. Belarusun baş naziri Kobyakov o zaman bildirib ki, Rusiyadan alanan hər 1000 kubmetr qazın qiyməti 80 dollar olmalıdır. Qeyd edək ki, hazırda qiymət 132 dollar təşkil edir. Ardından Belarus tərəfi hətta 73 dolları "ədalətli qiymət" adlandırıb.

 

Görünən budur ki, Rusiyanın tarif siyasətindən narazıların sayı artmaqdadır. Bu siyahıya Çini də əlavə etmək olar. Rəsmi Pekində Rusiya tərəfinin qiymət siyasəti ilə bağlı müəyyən narazılığı var idi.

 

Təbii ki, həm alıcı, həm satıcı öz maraqlarını güdür və güdməlidir də. Məhz bu baxımdan Rusiyanın qiymət artımına qarşı çıxanları anlamaq mümkündür. Nəzərə almaq və  alışmaq lazımdır ki, Rusiya qazı ilə rəqabət aparanların sayı artmaqdadır.

 

Aqşin Rafiqoğlu, APA Analitik Mərkəzi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • moskvada 28 may respublika gunu munasibeti ile tenteneli qebul kecirilib
    Moskvada 28 May-Respublika Günü münasibəti ilə təntənəli qəb...
  • 174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib
    ® “Nar” abunəçiləri arasında keçirilən lotereya qaliblə...
174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib 174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ