Qızıl: ən etibarlı investisiya aləti, investorların son ümid yeri - TƏHLİL

qizil en etibarli investisiya aleti investorlarin son umid yeri tehlil

Bu ilin əvvəlindən dünyanın əsas fond indekslərinin kəskin enməsi, neftin ucuzlaşmasının ardınca, dünya bazarında daha bir investisiya aləti olan qızılın da ucuzlaşması müşahidə olunur. Adətən, qızıl ehtiyat investisiya hesab olunur və əvvəlki illərdə maliyyə bazarlarında çaşqınlıq baş verəndə, investorlar qızıla sərmayələrinin artırırdı. Hazırda dünya iqtisadiyyatında və siyasi sferada baş verən gərginliklər qızılı da prosesdən kənarda qoymayıb. Nəticədə qızılın qiymətində enmə tendensiyadan əlavə bu il üçün neqativ proqnozlar da səslənir.

 

Son zamanlar, xüsusən ümumdünya iqtisadi böhranı dövründə maraqlı asılılıq müşahidə olunurdu. Belə ki, ABŞ-ın fond indeksləri enən zaman qızılın qiyməti artırdı və yaxud əksinə. Bu ilin əvvəlində tam buna uyğun dinamika baş verib. Məsələn, ilin ilk həftəsində Dow Jones və S&P 500 indeksləri kəskin enib (təxminən 6%), qızıl isə həmin dövrdə 1 unsiyaya görə 1 063 dollardan 1 109 dollaradək bahalaşıb (4,3%). Sonra indekslərin dinamikasında artım tendensiyası tədricən bərpa olunub, qızılın qiyməti müvafiq olaraq aşağı istiqamətlənib və hazırda 1 089 dollara bərabərdir. Qeyd edək ki, belə əks proporsional asılılıq ən yaxşı böhran zamanı görünürdü. Məsələn, 2011-ci ildə, Avropada borclar böhranı, ABŞ-da isə böhranın hələ də davam etməsi, Asiyada qeyri-müəyyənlik fonunda qızılın qiyməti son illər ərzində maksimal həddə çatıb (1 900 dollara yaxın). Qızılın qiymətinin maliyyə bazarı ilə belə əks proporsional asılılığı artıq iqtisadi qanunauyğunluğa çevrilib. Əlbəttə ki, prosesdə digər amillərin iştirakı olmasa.

 

Hazırda isə dünya iqtisadiyyatında gedən proseslərə birdən-birə bir neçə faktor əlavə olunub. Bunlar neftin kəskin ucuzlaşması nəticəsində bir sıra ölkələrdə baş verən maliyyə və büdcə böhranı, inkişaf edən ölkələrdən “qərb istiqamətə” investisiya axını, dolların möhkəmlənməsi kimi amilləridir. Bütün bunlar qızılın qiymətində əlavə disproporsiyaların yaranmasına səbəb ola bilər. Amma proqnoz verməkdən əvvəl ötən il baş verənləri qısa təhlil etmək lazımdır. Ümumdünya Qızıl Şurasının hesabatına görə, 2015-ci il qızıl üçün uğurlu olmayıb və qiymətlərdə 11%-lik azalma baş verib. Bunun əsas səbəbi kimi dolların möhkəmlənməsi göstərilir. Belə ki, ötən ilin ikinci yarısında ABŞ iqtisadiyyatında müsbət tendensiyalar və statistik göstəricilər güclənib ki, nəticədə ABŞ-ın dövlət qiymətli kağızlar üzrə gəlirliliyi artıb və bu öz növbəsində dolların möhkəmlənməsinə dəstək olub. Dolların güclü-zəif olması qızılın qiymətinə əks proporsional təsir edir. Məsələn, dolların avroya qarşı məzənnəsi 2015-ci il ərzində 1 avro / 1,2 dollardan 1,09 dollaradək və ya 9,2% möhkəmlənib. Amma qızılın qiymətinə təsir edən amillərin sırasında dolların məzənnəsi yeganə faktor deyil, burada bazarda tələbatın artması da öz rolunu oynayıb. Unutmaq olmaz ki, maliyyə bazarında qeyri-müəyyənlik şəraitində qızıl almağı intensivləşdirən investorlardan başqa qızıl bazarının əsas oyunçuları sırasında ölkələrin mərkəzi bankları da var. Şuranın hesabatına görə, tək 2015-ci ildə mərkəzi banklar tərəfindən təxminən 500 ton qızıl alınıb ki, bu da bazarda qızıla tələbatı artırıb. Faktiki olaraq, bu amil qızılın qiymətini dəstək edən amildir, bu tələbat olmasaydı, qızılın qiyməti daha da düşə bilərdi. Qısaca olaraq, ABŞ-ın iqtisadiyyatında güclənmə tendensiyaları qızılı ucuzlaşdıran, ölkələrin öz strateji ehtiyatların artırılması üçün alınmalar isə bahalaşdıran amillərdir.

 

Ümumdünya Qızıl Şurasının 2016-cı ilin yanvarına olan hesabatına görə, hazırda dünya ölkələrin (Beynəlxalq Valyuta Fondu və Avropa Mərkəzi Bankı nəzərə alınmaqla) qızıl ehtiyatlarının fiziki həcmi 32 702 tona bərabərdir. Ən iri qızıl ehtiyatlarına ABŞ malikdir, onların həcmi 8 133,5 tona bərabərdir. Eyni zamanda bu ümumi ehtiyatlarının 72,4 faizidir, yəni ABŞ-ın ehtiyatlarının 3/4 hissəsi qızıl, qalan hissəsi maliyyə alətləridir. ABŞ-dan başqa ilk onluğuna Almaniya (3 381 ton), BVF (2 814 ton), İtaliya (2 451,8 ton), Fransa (2 435,5 ton), Çin (1 743,3 ton), Rusiya (1 392,9 ton), İsveçrə (1 040 ton), Yaponiya (765,2 ton) və Hollandiya (612,5 ton) daxildir. Qeyd edək ki, Rusiyanın qızıl ehtiyatları ümumi ehtiyatlarının cəmi 13, faizini təşkil edir. Çində isə bu göstərici cəmi 1,7 faizə bərabərdir ki, bunun fonunda Çin fəal şəkildə qızıl alması təbiidir. 11-ci yerdə olan və dünya miqyasında Çinlə bərabər tutulan Hindistan da oxşar vəziyyətdədir. Bu ölkədə qızıl ehtiyatları (557,7 ton) ümumi ehtiyatlarının 5,4 faizini təşkil edir.

 

Qeyd edək ki, Azərbaycan bu siyahıda 55-ci yerdədir. Şuranın hesabatına görə, Azərbaycanın qızıl ehtiyatları 30,2 tona bərabərdir və bu ümumi ehtiyatlarının 12,1 faizə bərabərdir. Son zamanlar qızıl bazarında ən fəal ölkələr kimi Rusiyanı (ötən ilin ikinci yarısında xalis alışın həcmi 118 ton), Çini (85 ton), Qazaxıstanı (13 ton) və Türkiyəni (10 ton) qeyd etmək olar. Maraqlıdır ki, ötən ildə ölkələr tərəfindən qızılın demək olar ki, yalnız alınmaları həyata keçirilib. Şuranın statistikasına əsasən, il ərzində yalnız bəzi ölkələr (Çexiya, Salvador, Meksika, Monqolustan, Şri-Lanka, Kolumbiya, Belarus) kiçik həcmlərdə satış həyata keçirib, Türkiyə isə həm fəal alıcı, həm satıcı kimi çıxış edib. Statistika göstərir ki, ölkələr tərəfindən qızıla tələbat artıq daimi və stabil xarakter alıb. Qeyd edək ki, ölkələrin qızılın almalarının əsas məqsədi qızıl ehtiyatlarını artırmaqdır. Əksər ölkələrdə ehtiyatların tərkibində maliyyə alətləri, xüsusən də dollar və avroda olan maliyyə alətləri var. Bundan əlavə ehtiyatlanma düşüncədən irəli gələrək ehtiyatların tərkibinə qızıl da daxil edilir. Bu amilin qızıl bazarına təsiri ABŞ iqtisadiyyatında baş verənlərin təsirindən az deyil. Sadəcə olaraq onlar əks istiqamətlidir. Hələlik düşünmək olar ki, ABŞ faktoru daha güclüdür. Məsələn, Şuranın hesabatında bildirilir ki, ötən ilin sonunda ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən faiz dərəcələrin artırılması qızıl bazarına dolayı yolla təsir edib. Qeyd edək ki, bunun nəticəsində, birincisi, dolların möhkəmlənməsi baş verib, ikincisi, isə strateji olmayan investisiyaların qızıl bazarından maliyyə bazarına axınına səbəb olub.

 

Maraqlıdır ki, bazarda ümumi vəziyyəti şərh edən Şura 2016-cı ilə heç bir konkret qiymət proqnozunu vermir, ancaq qiymətə təsir edə biləcək amilləri sadalamaqla kifayətlənir. Müəyyən mənada bunun üçün əsaslar var. Çünki dünya iqtisadiyyatında vəziyyət hazırda o dərəcədə qeyri-stabildir ki, geosiyasi amillərin iqtisadiyyata təsir ehtimalı o dərəcədə yüksəkdir ki, hər hansı proqnoz vermək çox çətindir. Amma ümumilikdə, bu il üçün qızıl üzrə qiymət proqnozu - ucuzlaşmadır. Burada qısaca olaraq, dünyanın bir neçə iri maliyyə-investisiya qurumlarının proqnozlarını qeyd etmək istərdik:

 

ABN Amro bankının (Hollandiya) proqnozu - ortaillik qiymət 995 dollar,

Commerzbank (Almaniya) - ortaillik qiymət 1 080 dollar,

Goldman Sachs (ABŞ) - ortaillik qiymət 1000 dollar

Naxitis (Fransa) - ortaillik qiymət 1 000 dollar.

 

Ən maraqlı proqnozu isə İsveçrənin UBS bankı irəli sürür. Bankın mütəxəssislərinin fikrincə, məhz yaxın iki ildə iki vacib hadisə baş verməlidir: dollar öz maksimal, qızıl isə müvafiq olaraq öz minimal həddinə çatmalıdır. Nəticədə, 2016-cı ildə qızılın bahalaşması üçün makroiqtisadi əsaslar qoyulacaq. Bankın hesablamalarına görə, qızıl hazırda 4 illik enmə siklinin sonuna çatıb:

 

 

Gözləntilərə görə, bu il qiymətlər ən dib nöqtəyə çatacaq ki, bundan sonra artım başlayacaq. Qeyd edək ki, bu prosesə həmçinin qızılın ehtiyat aktiv kimi çıxış etməsi də dəstək olacaq. Çünki bütün iqtisadi və siyasi sarsıntılar şəraitində investorlar sonda mütləq qızıla üz tutur. Bu ilin isə iqtisadi baxımından mürəkkəb olduğuna artıq heç kəsin şübhəsi yoxdur.

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:37 28 Aprel
14:13 28 Aprel
09:02 28 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fransa xin in numayendeleri dini komitede olub
    Fransa XİN-in nümayəndələri dini komitədə olub
  • qebelede askarlanmis menseyi belli olmayan at eti zerersizlesdirilib
    Qəbələdə aşkarlanmış mənşəyi bəlli olmayan at əti zərərsizlə...
qebelede askarlanmis menseyi belli olmayan at eti zerersizlesdirilib qebelede askarlanmis menseyi belli olmayan at eti zerersizlesdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 28 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ