Qlobal iqtisadi azalma fonunda Azərbaycanda ikiqat artım proqnozlaşdırılır - TƏHLİL

qlobal iqtisadi azalma fonunda azerbaycanda ikiqat artim proqnozlasdirilir tehlil
Qlobal və regional risklər, onların təsiri haqda

Dünya Bankının 2018-ci ilin iyuna olan hesabat və proqnozlarında 2019 və 2020-ci illər üçün yeni qlobal iqtisadi zəifləmə tendensiyası haqda xəbərdarlıq edilir. Doğrudur inkişaf olacaq, amma, artım tempi zəifləyəcək.  Belə ki, 2018-ci ildə qlobal artımın 3,1% olacağı proqnozlaşdırılırsa, (bu əvvəlki 3,2%-dən neqativə doğru dəyişib) 2020-də 2,9% olacağı gözlənilir.

 

Ancaq, tendensiyalar ehtimal etməyə əsas verir ki, 2,9%-lik proqnoz da azalma istiqamətində dəyişdirilə bilər. Xüsusilə də, Avropa və Mərkəzi Asiya region üzrə proqnozlarda şərti məqamlar var. Məsələn, Ukraynada artımın 2019-cu ildə 4% ola biləcəyi “əgər geopolitik gərginliklər azalarsa” şərti ilə proqnozlaşdırılıb. Halbuki, risklər qrupunda “siyasi qeyri-müəyyənliyin artması”nın proqnozları pisləşdirə biləcəyi qeyd edilib.

 

Həm də təkcə Ukrayna ətrafında deyil, bütövlükdə qlobal miqyasda siyasi gərginliyin artması tendensiyası müşahidə edilir.

 

Azərbaycanla bağlı proqnozlar isə xeyli ümidvericidir. Belə ki, qlobal iqtisadiyyatda (2020-də 2,9%) və eləcə də Avropa və Mərkəzi Asiya regionunda (2019-da 3,2%, 2020-də 3,1% ) ümumi artım tempinin aşağı düşəcəyi fonunda Azərbaycan iqtisadiyyatının 2018-ci ildə 1,8%, 2019-da 3,8%, 2020-də isə 3,2% artacağı gözlənilir. Bu, 2018-ci illə müqayisədə gələn il artımın ikiqat olacağı deməkdir. Bu investorlar üçün yaxşı siqnaldır. Həm də əhali üçün sosial rifahın yüksəlişinə dair mühüm işarədir.

 

Bütövlükdə isə Azərbaycanın da daxil olduğu Avropa və Mərkəzi Asiya regionunda iqtisadi artıma mənfi təsir edə biləcək ciddi risklər var:

 

-        Dünyada maliyyələşdirmə şərtlərinin qaydasız (“ağırlaşdırılması”) kəskinləşdirilməsi xaricdən maliyyələşdirmə şərtlərini kəskin pisləşdirə, maliyyə axınlarının istiqamətini dəyişə və işgüzar fəallığı zəiflədə bilər.Cari əməliyyatlar hesabı üzrə defisiti olan ölkələrdə xaricdən maliyyələşmə ciddi məsələyə çevrilə bilər;

-        Siyasi qeyri-müəyyənliyin kəskin artması regionda işgüzar fəallığa mənfi təsir edə bilər;

-        Avropa İttifaqının (Aİ) üzvləri ilə Aİ–nın mərkəzi qurumları arasında fikir ayrılıqları xarici sərmayədarları qorxuda bilər.

-        Nəhayət, region ticarət azadlığı prinsipini əsas götürdüyü və qlobal istehsal-ixrac zəncirinə inteqrasiya olunduğu üçün dünyada güclənməkdə olan proteksionizm ovqatının mənfi təsirləri qarşısında müdafiəsiz qala bilər.

 

Birinci qrup risklərin Azərbaycana təsiri minimaldır. Ona görə ki, Azərbaycanda iqtisadi artımın maliyyə təminatı əsasən büdcədən stimullaşdırma və neftin qiyməti ilə əsaslandırılıb. Başqa tərəfdən yerli şirkətlərin borclanmalarında güzəştli kreditlər mühüm rolu oynadığı üçün bu sahədə problem elə də dərin deyil.

 

Dünya Bankının özünün də Azərbaycanda layihələri maliyyələşdirməyə maraq göstərməsi investorlar üçün müsbət işarədir.

 

Makroiqtisadi sabitliyin mühüm göstəricisi kimi Azərbaycanda inflyasiyanın da cilovlanması müsbət məqam kimi qeyd edilir.

 

Başqa tərəfdən, vergilər naziri Mikayıl Cabbarovun islahatlar paketi hazırlandığı haqda bəyanatları müsbət gözləntiləri artırıb. Nazirin bəyanatlarından belə görünür ki, gözlənilən vergi islahatlarının hədəfləri real sektorun stimullaşdırılması, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli vergilər siyasəti yürütmək, iqtisadiyyatın vergi yükünü azaltmaqdır. Odur ki, başqa region ölkələrindən fərqli olaraq Azərbaycana dair proqnozların pozitivə doğru dəyişəcəyi ehtimalı daha böyükdür.

 

“Siyasi qeyri-müəyyənlik” riskinin iqtisadiyyata təsirinə gəldikdə isə burada da ölkə daxilində investisiya mühitinə mənfi təsir edə biləcək bir problem görünmür. Daxili siyasi sabitlik uzunmüddətli investisiyalar üçün əlverişli mühit formalaşdırır.

 

Ancaq bu məqamda hesabatda Ermənistan üçün iqtisadi artımın proqnozlaşdırılması təəccüb doğurur. Belə ki, Ermənistandakı siyasi qeyri-müəyyənliyin fonunda iqtisadi artım proqnozlaşdırmaq bir qədər anlaşılmazlıq yaradır. Bir tərəfdən daxili siyasi gərginliyin artması, o biri tərəfdən də Azərbaycan və Gürcüstanla gərginliyi artıran addımların atılması Ermənistana münasibətdə investorların etimadının yüksəlməsinə səbəb ola bilməz.

 

Bütövlükdə Avropa və Mərkəzi Asiya regionuna, o cümlədən Cənubi Qafqaz subregionuna gəldikdə isə geosiyasi risklər müşahidə olunmaqdadır. Məsələn, Ermənistanda daxili siyasi sabitliyin pozulması fonunda Cənubi Qafqazda sabitliyə təhdidlər artmağa başlayıb. Ermənistanın yeni rəhbərliyinin geosiyasi gərginliyi artıra biləcək bəyanatları təhdidlərin qabarıq nümunəsidir. Ermənistan bütün region üçün qeyri-sabitlik mənbəyi olaraq qalmaqdadır.

 

Azərbaycana təsir edə biləcək regional risklərdən biri də Avropa İttifaqı üzvləri ilə Aİ-nin qurumları arasında ziddiyyətlər problemidir. Məsələn, İtaliyanın yeni hökuməti ilə Brüssel arasındakı bəzi fikir ayrılıqları, Macarıstan və Polşa ilə Brüssellin ziddiyyətləri Aİ-də iqtisadi riskləri yüksəldir və təbii ki, bütövlükdə Avropa və Mərkəzi Asiya regionuna təsir gücünə malikdir. Belə ki, Aİ-də siyasi gərginliyin artması və mərkəzdənqaçma meyllərinin müşahidə olunması avro zonasında işgüzar fəallığı zəiflədə, bu da qlobal miqyasda neftin qiymətinin aşağı düşməsinə səbəb ola bilər. Bundan başqa ən böyük risk - qlobal ticarət müharibəsi elementlərinin müşahidə olunması və proteksionizm siyasətinin güclənməsidir ki, nəticədə neftin qiymətinin düşməsinə aparıb çıxara bilər.

 

Ancaq burada da yüngülləşdirici məqamlar var. Məsələn, İrana qarşı ABŞ sanksiyaları neftin qiymətinin yüksək qalmasına təsir edən amildir. Rusiyaya qarşı sanksiyalar isə şimal qonşumuzun nəhəng bazarını Azərbaycan məhsullarının üzünə daha geniş aça bilər.

 

İbrahim Məmmədov

Tarix üzrə fəlsəfə doktoru

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda enerjisi techizati sahesinde yeni qaydalar mueyyen edilecek
    Azərbaycanda enerjisi təchizatı sahəsində yeni qaydalar müəy...
  • azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq
    Azərbaycanda istehsal və ixrac potensialı olan məhsullar üzr...
azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272