Əsrarəngiz səfər - REPORTAJ

esrarengiz sefer reportaj

“Buta Airways”in “Embraer” tipli təyyarə ilə yerinə yetirdiyi reyslər aşağı büdcəli olduğundan çox əlverişlidir. Yay mövsümündə Türkiyənin müxtəlif turizm bölgələrinə istirahətə getmək istəyən Azərbaycan vətəndaşlarının “Buta Airways”in bu xidmətini seçmələri məsləhətdir. Biz də Bakıdan Antalyaya “Buta Airways”in aşağı büdcəli aviareysi ilə uçduq.

 

Antalya hava limanında bizi “Summer Tour” şirkətinin əməkdaşları qarşıladı.

 

Şirkətin səfər proqramı haqqında məlumat verən əməkdaşı bildirdi ki, Türkiyədə turizm mövsümü rəsmi olaraq 23 aprel - Uşaq bayramı qeyd olunduğu gündən açıq elan edilsə də, qardaş ölkənin turizm bölgələri qonaqları xeyli öncədən qəbul etməyə başlayıb.  

 

Kemer bölgəsində yerləşən “Rixos Sungate” hotelinə yetişəndə bunun bir daha şahidi olduq. Aprelin 27-i olmasına baxmayaraq, hoteldə xeyli turist vardı. Hava və Aralıq dənizinin suyu təzə-təzə qızmağa başlasa da, hoteldə az yer boş idi. Yüksək xidmət onu düşünməyə əsas verirdi ki, bir azdan burada boş yer tapmaq mümkün olmayacaq.

 

“Rixos Sungate”-in əsas özəlliklərindən biri şou-proqramlara üstünlük verilməsidir. Hər gecə şoular, diskotekalar təşkil olunması ilə yanaşı, burada mövsüm ərzində Rusiya estradasının ulduzlarının konsertləri təşkil olunur. Bu da təsadüfi deyil. Çünki Türkiyəyə gedən turistlərin əsas hissəsini ruslar təşkil edir. Hə, “Summer Tour”un əməkdaşı bir də onu dedi ki, Türkiyə builki turizm mövsümündə 10-11 milyon turist gözləyir, buna hazırlaşır.

 

Bayırda 20-25 dərəcə isti, içəridə mənfi 2-5 dərəcə şaxta...

 

Səfərin ilk günü yerbəyer olub, dincəldikdən sonra növbəti gün proqrama uyğun olaraq, Antalyaya şəhərinə yollandıq.

 

Əvvəlcə Antalyanın vizit kartına çevrilmiş “Akvarium”da olacaqdıq. Antalyaya gələsən, “Antalya akvariumu”na baş çəkməyəsən, əlbəttə, o səfərin ləzzəti olmaz. Akvariumdan əvvəl isə bələdçi bizi “Buz muzeyi”nə saldı. 1500 kv.m-lik muzeydə buzdan düzəldilmiş fiqurlar, evlər, oturacaqlar, ayaq altında xışıldayan qar... Bayırda 20-25 dərəcə isti, içəridə mənfi 2-5 dərəcə şaxta. Bu kontrastı yaradanların turistləri təəccübləndirmək qabiliyyətinə heyran olmaya bilmirsən. Burada turistlərə müxtəlif tədbirlər - ad günü, gecələr təşkil etmək üçün də hər cür imkan və şərait yaradılır.     

 

Muzeyə girəndə bələdçinin bizə zorla geyindirdiyi gödəkcələri çıxışda təhvil verib, akvarium səyahətinə başladıq.

  

Dünyanın ən böyük akvariumlarından biri

 

Məşhur “Antalya akvariumu”... Bura dünyanın ən böyük akvarium komplekslərindən sayılır. Akvariumda 40 tematik akvarium var. Həmin akvariumlarda dünyanın müxtəlif su hövzələrdə yaşayan balıqların nümunələri saxlanılır. Akvariumlardan birində Xəzərin incisi hesab olunan nərə balığına da rast gəlmək olar. Şüşənin arxasında müşahidə olunan balıq sürüləri insanda dənizin altına səyahət etmiş kimi hisslər doğurur.

 
 

Tematik akvariumların bitməsi ilə daha maraqlı və heyrətamiz anlar başlayır - tunel akvariumu. Tunelin girişində suyun içərisindəki təyyarə diqqəti cəlb edir. Bələdçinin sözlərindən aydın olur ki, bu, ötən əsrin 30-cu illərində ingilislərin Türkiyə səmasında vurub saldığı İtaliya təyyarəsidir.   

 

Uzunluğu 130 metr, eni 3 metr olan tunel akvarium isə tamam başqa aləmdi. Tunellə irəlilədikcə sağından, solundan, başının üstündən üzüb keçən balıqların az qala nəfəsini hiss edirsən.

 

130 metrlik tunel akvariumu göz qırpımında keçib çıxışa çatdıq.

 
 

Yolumuz Antalyanın digər məşhur yeri olan Düdən şəlaləsinədir.

 

Əsrarəngiz göyqurşağı

 

Burada da turist əlindən tərpənmək olmur. Eyni zamanda ətrafda Türkiyənin müxtəlif yerlərindən gəlmiş insanlar da az deyil.

 
 

Düdən şəlaləsi o qədər hündür olmasa da, çox gözəldir. Şəlalənin suyunun töküldüyü yerdə yaranan göy qurşağı isə ona xüsusi ecazkarlıq verir. Şələnin ətrafını bürümüş sıx ağaclar insanın özünü Antalyanın ortasında sərin, ekzotik meşədə hiss etməyə vadar edir.

 

Düdən şəlaləsindən Antalyanın məşhur Kaleiçi adlanan yerinə gəlirik. Burada turistlərin sayı daha çoxdur. Xüsusən də Çindən gəlmiş turistlər diqqəti cəlb edir.

 

Bugünkü proqram yemək və dənizin sahilində gəzinti ilə başa çatır.

 

“Dənizdən səmaya”

 

Səfərin üçüncü günü Antalyanın qeyri-adiliyi ilə fərqlənən, ekstrim həvəskarları arasında çox məşhur olan “Olympos Teleferik” adlanan kanat yoluna üz tutduq. Tahtalıdağda yerləşən kanat sözün həqiqi mənasında adrenalin mənbəyidir. Kanat çox yüksək dağ yolu ilə irəlilədikcə adamın “ürəyi ağzına gəlir”. 

 

Bu yolu “Dənizdən səmaya” da adlandırırlar. Kanat 10 dəqiqə ərzində 4350 m yolu qət etməklə 2365 m yüksəkliyə qalxır. Aşağıdakı qızmar istidən yuxarıda əsər-əlamət yoxdur. Dağın zirvəsində kanatın köçkündən enən kimi şaxta adamın üzünü qarsır. Dağın zirvəsindəki tikilinin meydançasına qalxmaq üçün liftdən də istifadə etmək olar. Liftlə 3 mərtəbə qalxandan sonra meydançadan ətrafı - dənizi, yolları, dağları aydın müşahidə etmək mümkündür. 

 
 

Sanki başqa bir aləmə düşürsən. Buludlar ətrafında uçuşur, bir az aşağılarda dağ kəndləri, yollar görünür. Quzeylərdə qışdan qalan qar artıq saralmağa başlayıb. Meydançanın ortasında müxtəlif şəhərlərə olan məsafəni göstərən dirək qurulub. Şəhərlərin sırasında Bakı da var. Tahtalıdağın zirvəsindən Bakıya qədər məsafə 1738 km-dir - dirəkdə quraşdırılmış lövhədə belə yazılıb.

Burada müxtəlif xidmətlərdən yararlanmaq olar – restoran, market, gəzinti. Bu xidmətlərin ən maraqlısı və cəlbedicisi isə heç şübhəsiz 2350 m yüksəklikdə motorlu paraşütlə uçuşdur.

 

Səmadan dənizə dönüş də insana unudulmaz anlar, adrenalin partlaması yaşadır.

 

Bir dəfə “Olympos Teleferik”də “Dənizdən səmaya” səfər edənlərin keçirdikləri hissləri həyatları boyu unutmaları hər halda mümkün deyil.

 

Bu günün proqramı “Botanik” restoranında yeməklə bitəcək. Bizi gülərüzlə qarşılayan həmyerlimiz “Botanik” restoranının sahibinin də azərbaycanlı olduğunu bildirir. Söhbətdən aydın olur ki, ümumiyyətlə Antalyanın turistik bölgələrində xidmət göstərən restoranları sahibləri arasında azərbaycanlı iş adamları heç də az deyil. Azərbaycanlılar qonaqpərvərliklərini özləri ilə Antalyaya, Türkiyəyə də aparıblar. “Botanik” restoranda gördüyümüz qonaqpərvərlik bir daha bunu deməyə əsas verir. Çayın üzərində qurulmuş oturacaqlarda yastıq və mütəkkələrə dirsəklənərək, ləzzətli yeməklərdən yeyib, müxtəlif içkilərə qonaq olmaq isə ayrı bir aləmdir.  

 

23 əsrlik Alanya qalası

 

Növbəti gün Antalyadan Alanyaya yola düşürük. Alanyaya çatıb “Mukarnas” hotelində yerləşib, hovuz, dəniz, ayrı-ayrı xidmətlərdən istifadə edib rahatlanmaqdan gözəl nə ola bilər? Yaxşıca dincəlmək lazımdı. Bizi sabah Alanya şəhərinə unudulmaz səfər gözləyir.

 

Alanyaya səfərdə bizi “Summer tour” şirkətinin başqa bir əməkdaşı müşayiət edir. Günün proqramını izah edən əməkdaşı əvvəl Alanya qalasına, ardınca “Damlataş” mağarasına, sonra Dim çayına gedəcəyimizi, sonda isə gəmi gəzintisi olacağını dedi.

 

Alanya qalası həqiqətən möhtəşəmdir. Qayaların üzərində tikilmiş qalanın hər daşında bir tarix yatır.

 

Romalı dəniz quldurları tərəfindən bizim eradan əvvəl (b.e.ə.) 2-ci əsrdə tikilən qala Korakesion adlanıb. Dəniz quldurları buradan Aralıq dənizində üzən gəmiləri təqib edər, daha sonra dənizə enərək ələ keçirərmişlər. Dəniz quldurlarının əməllərindən narahat olan romalılar b.e.ə. 64-65-ci illərdə qalanı onlardan alıblar. Qala və ətrafı 1220-1221-ci illərdə I Alaeddin Keykubad tərəfindən tutularaq Səlçuqların ərazisinə daxil edilib. Qala daha sonra sıra ilə Karamanoğlulları və Məmlüklərin idarəçiliyinə keçib, son olaraq isə Qanuni Sultan Süleyman tərəfindən fəth edilib.

 

Dəniz səviyyəsindən 250 m yüksəklikdə yerləşən qalanın uzunluğu 6.5 km-dir. Qalada 140 bürc, su ehtiyatı saxlamaq üçün 400-dək sərnic var. Qala divarı dənizin sahilində yerləşən Qızıl qüllədən başlayır, müxtəlif yüksəkliklərdəki bürclərdən keçərək 6.5 km məsafədən sonra yenidən dənizin kənarında Qızıl qüllədə bitir.

 

Qala b.e.ə. 2-ci əsrdə salınsa da, hazırkı görkəmini məhz Səlcuqların zamanında alıb. Səlcuq padşahı Alaeddin Keyqubadın göstərişi ilə qalanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün zəruri tikinti işləri aparılıb. Bu səbəbdən memarlıq ənənələrinə görə qala 12-ci əsrə aid edilir. Qala Ellinizm, Roma, Bizans, Səlcuqlu və Osmanlı mədəniyyətlərini özündə birləşdirir. Alanyanın rəmzi sayılan qalanın dənizə enən hissəsində Alaeddin Keyqubad tərəfindən 1227-ci ildə tərsanə inşa etdirilib. Yerüstü muzey olan qalanın ərazisində hazırda da yaşayış var. Bundan başqa, qala ərazisində sənətkarlar hazırladıqları məhsulları turistlərə satırlar. Burada marketlər, restoranlar, digər xidmət obyektləri də var. Qala ərazisində Alaeddin Keyqubad tərəfindən inşa olunmuş, Sultan Süleyman tərəfindən bərpa etdirilərək indiki vəziyyətinə gətirilmiş Süleymaniyyə məscidi də fəaliyyət göstərir.

 

Alaeddin Keyqubadın şərəfinə Alaiye adlanan qalanı ötən əsrin 30-cu illərində ziyarət edən Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün tövsiyəsi ilə qala və eyni adlı şəhərə Alanya adı verilib.

 

Qalanı gəzdikdən sonra kanatla şəhərə enirik. Kanatın endiyi yerdən azca aralıda, qalaya qalxan yolun sağında “Damlataş” mağarası yerləşir. Mağara o qədər böyük olmasa da, özünəməxsus və gözəldir. Çox rütubətli olan mağaranın tavanından və divarlarından daş salxımlar sallanır. Rütubətdən daşların uclarında damcılar yaranır.

 

Mağara gəzintisi qısa çəkir. Buradan yolumuz Dim çayınadır. Çayın üstündə qurulmuş oturacaqlarda yemək yeyib sərinlədikdən sonra gəmi turu üçün yenidən dənizin sahilinə dönürük. Səfərimizin ən yaddaqalan anlarından biri də heç şübhəsiz gəmi turu oldu. 

 

Gəmi hərəkətə başlayan andan yaranan xoş ovqat sona qədər adamı tərk etmir. Gəmi Alanya qalasının yerləşdiyi qayalıqlar boyu hərəkət edir. Su o qədər təmizdir ki, gəminin göyərtəsindən dənizdə üzən balıqlar aydın görünür.

 

Aşağıdan yuxarı möhtəşəm qala divarlarını müşahidə etdikcə, buraları fəth etmək istəyənlərin “nələr çəkdiklərini” daha aydın başa düşürsən. Gəmi rəvayətə görə Misir hökmdarı Kleopatranın hər səhər üzdüyü, indi də “Kleopatra çimərliyi” adlanan yerdən dönüb qayıdır, sahilə yaxınlaşır, əsrarəngiz səyahət başa çatır.  

 

Hotelə dönürük. Sabah səhər “Buta Airways”in təyyarəsi ilə vətənə qayıdacağıq.

 

“Summer Tour”un təşkil etdiyi möhtəşəm səfərin təəssüratları isə hələ uzun zaman bizi tərk etməyəcək.

 

Görüşənədək Türkiyə!

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267