“Gilan Turizm”: Türkiyə Sağlamlıq Turizm Assosiasiyasının Azərbaycan təmsilçisi - REPORTAJ

Antalyaya ilk səfərim ötən ilin avqustunda olub. Səfərin məqsədini xatırlayıram: Türkiyədə baş verən siyasi proseslər və baş tutmayan hərbi çevriliş cəhdinin qardaş ölkənin turizm sektoruna təsir etmədiyini əyani şəraitdə görmək, göstərmək, hər kəsi əmin etmək ki, ayağını Aralıq dənizinin yuduğu bu kurort şəhərində heç nə dəyişməyib, hər şey əvvəlki kimi öz axarındadır.

 

Ötən səfərdə mənə elə gəlmişdi, hava limanında sənədləri yoxlayan məmurdan tutmuş, dükan-bazarda çalışan satıcılara qədər hamı ona görə gülümsəyir ki, Antalya sahillərini deyib gələn insanlar bu təbəssümü görmək üçün yolunu Atatürkün “Dünyanın ən güzel yeri” dediyi bu şəhərdən bir də salsınlar. Və bu dəfə də yenə həmin təbəssüm... Üstəlik, şirin türk kəlmələri.

 

Bu dəfədəki səfər isə səhiyyə, idman və alternativ turizmə həsr olunmuşdu. Antalyanın mərkəzində bir neçə yerdə üstündə “Hestourex – World health sport tourism congress and exhibition” yazıları əks olunan bilbordlar görmək mümkün idi.

 

Azərbaycan tərəfdən “Gilan Turizm” şirkətinin təşkilatçılığı ilə baş tutan səfərdə həkimlər, jurnalistlər və turizm agentliklərinin nümayəndələri iştirak edirdi. Türkiyə Sağlamlıq Turizm Assosiasiyasının düzənlədiyi beynəlxalq tədbirə 150 ölkədən 4000-dən çox iştirakçı qatılmışdı. Sağlamlıq turizmi sahəsində analoqu olmayan tədbirdə eyni zamanda sığortaçıların, turizm məhsulları üzrə mütəxəssislərin, hotel təmsilçilərinin iştirakı ilə panellər təşkil olundu, seminarlar, master klasslar, B2B formatında görüşlər keçirildi.

 

 

* * *

 

 

Antalya Expo Centerdə açılışı keçirilən sərgi bu məqsədlə təşkil olunmuşdu: Türkiyə Cümhuriyyətinin sağlamlıq turizmi baxımından inkişafını göstərmək, mövcud olan tibb müəssisələrinə dünyanın hər yerindən xəstələr cəlb etmək, səhiyyə sahəsində təcrübə və fikir mübadiləsi təmin etmək, ən müasir tibbi avadanlıqları və alternativ müalicə metodlarını araşdırmaq və mütəxəssislərin qarşılıqlı fikir mübadiləsini təmin etmək.

 

Aprelin 6-da rəsmi açılışı olan beynəlxalq sərgi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun geniş nitqi ilə yadda qaldı. Antalyadan Böyük Millət Məclisinə vəkil seçilən Çavuşoğlu sərgidən gözləntilərini bəri başdan dilə gətirdi: 10 milyard lirəlik müqavilə imzalanması təxmin olunur.

 

Türkiyəli nazir qeyd etdi ki, ölkəsi turizm, səhiyyə və idman sahələrində öndə gedən ölkələrdən biridir: “Türkiyə səhiyyə turizmi sahəsində dünyanın öndə gedən ölkələrindən biridir. Bizim xəstəxanalarımız avadanlıq və xidmət keyfiyyəti baxımından dünyada əsas yerləri tuturlar. Bütün müalicələr ən yüksək səviyyədə, uyğun qiymətə aparılır. Dövlət sağlamlıq turizminin inkişafı üçün xüsusi xəstəxanaların tikintisini davam etdirir, bu sahəyə investisiya qoyur. Türkiyədə 30 şəhər xəstəxanası, o cümlədən, Antalyada 1500 çarpayılıq şəhər xəstəxanası qururuq. Türkiyə təkcə sağlamlıq turizmi sahəsində deyil, idman turizmi sahəsində də inkişaf edib. Dünyanın ən böyük tennis yarışlarını Antalyada keçirəcəyik. Qolf turizmindən daha çox faydalanmaq üçün səylərimizi artırırıq. Antalyada cıdır meydanı inşa edilir, bu sahə də diqqətdədir. Eyni zamanda Antalyada 2017-ci ildə 20 beynəlxalq idman turniri keçirilməsini gözləyirik”. 

 

 

Qeyd etmək lazımdır ki, beynəlxalq sərginin açılışında Mövlud Çavuşoğlundan başqa ölkənin digər yüksək çinli rəsmiləri də iştirak edirdi. Məsələn, iqtisadiyyat naziri Nihat Zeybekçi, mədəniyyət və turizm naziri Nebi Avcı, səhiyyə naziri Recep Akdağ və başqaları.

 

Türkiyə Sağlamlıq Turizm Assosasiyasının rəhbəri Emin Çaxmaq çıxışında tədbirin keçirilməsinin əhəmiyyətinə toxundu və bildirdi ki, sözügedən beynəlxalq sərgi dünyada üçüncü, Avropada isə birinci dəfədir keçirilir: “Hər il 144 ölkədən təxminən 750 min xəstə Türkiyədə müalicə alır. Bu, Türkiyənin təkcə dəniz, qum və günəşdən ibarət olmadığını göstərir. Türkiyədə 60-a yaxın alternativ turizm sahəsi var. Bunlardan ən əhəmiyyətlisi isə səhiyyə və idman turizmidir. Sərgidən sonra 15 milyard dollarlıq müqavilə imzalamağı planlaşdırırıq”.

 

Səhiyyə, idman və alternativ turizmə həsr olunan sərgi Azərbaycan üçün də öz əhəmiyyəti ilə yadda qaldı. Belə ki, sərginin üçüncü günü Türkiyə Cümhuriyyəti Sağlamlıq Turizm Assosiasiyası ilə “Gilan Turizm” şirkəti arasında müqavilə imzalandı. Müqaviləyə əsasən assosiasiyanın Azərbaycanda şəbəkə ofisi açılacaq. (“Gilan Turizm” MMC ofisi, Tbilisi pr. 38, Bakı). Eyni zamanda Map2Heal sisteminin nümayəndəliyinin təmin edilməsi haqda da müqavilə bağlandı. Türkiyə Cümhuriyyəti Sağlamlıq Turizm Assosiasiyasının Bakıdakı şəbəkə ofisinin direktoru “Gilan Turizm” MMC-nin rəsmisi Fərid Məcidov təyin olunub.

 

* * *

 

Antalya ərazisinə görə Türkiyənin altıncı böyük şəhəridir. Əhalisinin sayı 2,3 milyon olan kurort şəhəri il ərzində on milyondan çox turist qəbul edir.

 

Şəhərin kəşf olunmasının maraqlı tarixçəsi var. Rəvayətə görə, kral II Attalos əsgərlərinə əmr edib ki, ona yer üzünün cənnətini tapsınlar. Uzun axtarışlardan sonra indiki Antalya ərazisini bəyənən əsgərlər krala xəbər verirlər ki, cənnəti tapmışıq. Kralın əmri ilə şəhərdə liman qurulur, Attalosun şərəfinə "Ataleia" adlandırılır. Antalyanın adı qədim ərəb mənbələrində "Antaliye", türk mənbələrində isə "Adalya" olaraq keçir. Şəhər XX əsrdən başlayaraq "Antalya" kimi tanınır.

 

Antalya Kemer, Belek, Alanya və Side kimi turizm bölgələri ilə məşhurdur. Burada ən bahalı beşulduz hotellər yerləşir.

 

Antalyanın nəhəng turizm şəhəri olduğunu təkcə bir faktla görmək olar - burada 385 beşulduzlu hotel var. Hələ ötən əsrin səksəninci illərində bu kurort şəhərinə 2 milyondan çox turist gəlirmiş. Antalya ərazisinə görə Türkiyənin altıncı böyük şəhəridir. Əhalisinin sayı 2,3 milyon olan kurort şəhəri il ərzində on milyondan çox turist qəbul edir.

 

Turizm sektorunun inkişafı, aparılan islahatlar nəticəsində bu rəqəm on-on iki milyona çatdırılıb. Bu, şəhər əhalisinin sayından 6 dəfə çoxdur. Turistlərin məhz Antalyanı seçməsinin başqa səbəbi də var: şəhər ilin 300 günü günəşli olur. Bölgənin hotellərində turistlər üçün olan yataq sayı bütün İspaniyada turistlər üçün nəzərdə tutulan çarpayı sayından çoxdur. Başqa bir fakt: 2500 hoteli olan Antalya il ərzində dünyanın məşhur şəhərlərindən, məsələn, Milandan, Praqadan daha çox turist qəbul edir.

 

* * *

 

Səfərdə Azərbaycanda iştirak edən həkimlər sərgi çərçivəsində təşkil olunan panellərdə görüşlər keçirdilər, sağlamlıq turizmin əhəmiyyəti, qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi apardılar. Aparılan görüşlərdə səhiyyənin müxtəlif sahələrinə, gələcək perspektivlərə aid ilkin razılaşmalar da əldə olundu. Dünyanın bu cür böyük tədbirlərində ilkin razılaşmalar, reklam və təbliğat böyük rol oynayır. Bunu keçirilən görüşlərdə təkcə Türkiyənin sağlamlıq turizmi mütəxəssisləri yox, dünyanın ən böyük ölkələrindən gələn turizm üzrə peşəkarlar da etiraf edirdilər. Və onu da deyirdilər ki, Azərbaycanla bu sahədə yaxından əlaqə qurmaqda maraqlıdırlar. Təkcə sağlamlıq, idman və alternativ turizm sahəsində yox, qarşılıqlı fayda verən bütün sahələrdə münasibətlərin daha sıx olmasından iştirakçı olan bütün ölkələr faydalana bilər.

 

2018-ci ildə bu nüfuzlu beynəlxalq tədbir 5-8 aprel tarixlərində yenidən Antalyada keçiriləcək. Növbəti dəfə 175 ölkədən gələn 5 min iştirakçı ilə bir yerdə. Ölkəmizin faydalanması arzusu və əminliyi ilə...

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda beynelxalq xalca festivalinin acilisi olub
    Gürcüstanda Beynəlxalq Xalça Festivalının açılışı olub...
  • bakida meshur hind aktyoru ile gorus kecirilib
    Bakıda məşhur hind aktyoru ilə görüş keçirilib
bakida meshur hind aktyoru ile gorus kecirilib bakida meshur hind aktyoru ile gorus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ