Politoloq: “ÜAK-ın qeydiyyatının ləğvi hüquqi yox, siyasi qərardır”

politoloq uak in qeydiyyatinin legvi huquqi yox siyasi qerardir

“Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəyə çatması böyük diplomatik səylər və güclü siyasi iradə sayəsində mümkün olub. Bu münasibətlərin qorunması Azərbaycan üçün nə qədər vacibdirsə, Rusiya üçün də bir o qədər vacibdir”.

 

Bunu APA-ya açıqlamasında mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatını ləğv edilməsinə münasibət bildirən millət vəkili Hikmət Babaoğlu deyib. O bildirib ki, Azərbaycan öz geostrateji mövqeyi ilə Cənubi Qafqazda Rusiyanın çox vacib tərəfdaşıdır, bu tərəfdaşlıq iqtisadi, siyasi, hərbi, sosial sferaları əhatə edir: “Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirib və münasibətlərdə qarşılıqlı dəstək ruhu hökm sürüb. Rusiya eyni zamanda postsovet məkanında ən qanlı münaqişə kimi xarakterizə olunan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun həmsədridir. Rusiya regionun gələcəyi ilə bağlı qəbul edilən qərarlarda məsuliyyət daşıyan güclü regional aktorlardan biridir. Bu kimi qərarlar isə Rusiya-Azərbaycan münasibətlərini korlaya bilər. Bu, iki ölkə arasındakı siyasi dialoq və siyasi tərəfdaşlığın ruhuna ziddir. Görünür, hansısa qüvvələr bu münasibətləri korlamaqda maraqlıdır. Rusiyanın bəzi anti-Azərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirirlər. Son zamanlar Rusiyanın ədliyyə sisteminə yerləşmiş ermənipərəst şəxslərin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verir”.

 

H. Babaoğlu hesab edir ki, ÜAK-ın ləğvi üçün göstərilən əsaslar tam subyektiv olub: “Məsələn, təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi, yaxud rəyasətin iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması hər hansı qurumun ləğvi üçün yetərli olmayan “dəlillərdir”. Görünür, Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını reallaşdırmağa çalışırlar. Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşayır, onlar Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilirlər. Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergiödəyiciləridir. Rusiyanın azərbaycanlı icması iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərində körpü, bu əlaqələrin sağlam məcrada saxlanmasının rəhnidir. Bu qərar Rusiyada yaşayan azərbaycanlılara qarşı hörmətsizlikdir və onların ciddi narazılığına səbəb olacaq səhv addımdır. Azərbaycan icmasının ən böyük ictimai birliyini qeydiyyatının ləğv edilməsi  çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə ziddir. Bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən addımdır. ÜAK Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Rusiya prezidenti Vladimir Putinin xeyir-duası ilə yaradılmış təşkilatdır və onun qeydiyyatının ləğvi iki ölkə arasında münasibətlərin ruhuna ziddir. Məhkəmənin belə qərar qəbul etməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə kölgə salır, onları zədələyir. Bu yaxınlarda Rusiya Erməniləri İttifaqının sədri Abramyanın 60 illik yubileyində Rusiyanın bütün hakim elitası, o cümlədən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov iştirak edib, həmçinin prezident Putin ona təbrik məktubu göndərib. Digər tərəfdən isə Rusiya hökuməti Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatını ləğv etdirib. Bu birtərəfli və əsassız yanaşmanın səbəbi nədir?  Sual oluna bilər ki, Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, nəyə görə Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir? Rusiya kimi ölkədə hansısa texniki məsələlər buna əsas ola bilərmi? Belə bir addım həm Rusiyadakı erməni lobbisinə diqqətin gücləndirilməsi, həm də  Ermənistana hərbi yardımın artırılması fonunda baş verirsə, deməli, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk qrupunun həmsədri mandatına da kölgə düşür”.

 

Ancaq H. Babaoğlu əmindir ki, Rusiyanın müvafiq strukturları özlərində müdriklik taparaq qarşıdakı bir aylıq hüquqi prosesdə ÜAK-ın qeydiyyatını yenidən bərpa edəcək: “ÜAK Rusiyanın ictimai-siyasi həyatında məhz ictimai ahəngdarlığın qorunması, ictimai münasibətlərdə harmoniyanın yaradılması, eyni zamanda Rusiya və Azərbaycan arasında bir xalq diplomatiyasının, ictimai körpünün mövcud olması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan belə münasibətə layiq deyil. Azərbaycanda rus dilinin, rus ədəbiyyatının, rus mədəniyyətinin qorunması üçün çox böyük işlər görülüb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və prezident İlham Əliyev ölkədə rus dilinin, mədəniyyətinin qorunub saxlanması, rusdilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımları atıblar və bu siyasət hazırda da davam etdirilir. Ölkəmizdə çoxsaylı rusdilli məktəblər mövcuddur. Azərbaycanda yaşayan rus icması digər bütün azərbaycanlılar kimi, ölkəmizin hüquq sistemindən bəhrələnə bilir. Azərbaycandakı rus icması, Azərbaycan diaspor təşkilatları, ölkə ictimaiyyəti, media qurumları və QHT-lər  Rusiya hökumətinin düşünülməmiş addımlar atmamağa, iki ölkə və iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməməyə çağırırlar”.

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə APA-ya açıqlamasında deyib ki, ÜAK-ın qeydiyyatının ləğvi qərarı Ermənistan hakimiyyətinin və dünyadakı erməni lobbisinin sevincinə səbəb olub: “Çünki Ümumrusiya Azərbaycan Konqresi Azərbaycanın dünyadakı ən güclü diaspora təşkilatı idi. Konqresin sıralarında Rusiyada yaşayan tanınmış azərbaycanlılar – oliqarxlar, mədəniyyət xadimləri, həkimlər, rəssamlar yer alırdılar. Rəsmi Bakı Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətinə önəm verirdi və bu təşkilat rəsmi səviyyədə daima dəstəklənirdi. Çünki Konqres 2001-ci ildə birbaşa mərhum dövlət başçısı Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə təsis olunub. Birinci qurultayda Heydər Əliyev və onun rusiyalı həmkarı Vladimir Putin də iştirak ediblər. Rusiya prezidenti Vladimir Putin Konqresin 2004-cü ildə Moskvada keçirilən II qurultayında İlham Əliyevlə birgə iştirak edib. ÜAK-ın növbəti IV qurultayı isə ötən il keçirilib. Bu qurultayda prezidentlər iştirak etməyib. İlham Əliyevin qurultay iştirakçılarına göndərdiyi məktubunda yenidən ÜAK-ın dünya azərbaycanlıları diaspor təşkilatları sırasında xüsusi yer tutduğu sözləri vurğulanıb. Məktubda qeyd edilib ki, “Konqres təşkilati səviyyəsinə və əhatə dairəsinə görə Azərbaycan diaspor təşkilatının avanqardı sayıla bilər”. Beləliklə, ÜAK-ın qurultaylarında edilən çıxışların qısa ekskursundan da görünür ki, rəsmi Bakı bu təşkilata ciddi əhəmiyyət verib, bu təşkilatı iki dövlət arasındakı münasibətlərin əsas elementi sayıb. Deməli, Kreml Konqresin qeydiyyatını ləğv edibsə, münasibətlərdəki əsas elementi də ortadan qaldırıb. ÜAK-ın qeydiyyatının ləğvi hansısa hüquqi prosedurların pozulmasıyla əlaqələndirilib. Ancaq ÜAK-ın qeydiyyatının ləğvi hüquqi yox, siyasi qərardır. Birincisi, Kreml TAP, TANAP, Bakı-Tiflis-Qars layihələrindən narazıdır. Bu layihələrin hər biri Rusiyadan yan keçir və istər-istəməz az da olsa, Rusiyanın regional gücünü zəiflədir. İkincisi, Azərbaycan cəbhə bölgəsində işğalçı üzərində hərbi üstünlüyünü artırır. Elə ÜAK-ın ləğvinin elan olunduğu gün Azərbaycan ordusu işğal edilmiş ərazidə işğalçının zenit-raket kompleksini məhv etdi. Kreml açıq-aşkar Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü artırmasını istəmir. Buna görə Azərbaycanı zəiflətmək, problemlərini artırmaq üçün müxtəlif yollara baş vurub.  Üçüncüsü, Kreml Azərbaycanda ötən prezident seçkisində olduğu kimi, bu dəfə də rəsmi Bakıya təsir yolları haqqında düşünür. Ötən dəfə prezident seçkisinə az qalmış Moskvada “Milyarderlər İttifaqı” yaradıldı. Həmin qurumda Rusiyada yaşayan azərbaycanlı oliqarxlarla yanaşı, Rüstəm İbrahimbəyov və Abbas Abbasov da yer aldı. Halbuki, bu ikisini oliqarx saymaq olmaz. Ancaq hər ikisi ilə Azərbaycan hakimiyyətinin problemi var. Görünür, Moskvada növbəti prezident seçkisində Azərbaycan hakimiyyətinə təzyiq kimi yeni planın hazırlıqlarına başlanılıb və ilk addım kimi ÜAK-ın ləğvinə qərar veriblər”.

 

Azərbaycanın ÜAK-ın qeydiyyatının ləğvinə necə cavab verməli olmasına gəlincə, E. Şahinoğlu hesab edir ki, ilk növbədə ÜAK-ın qeydiyyatının ləğvinin Rusiya-Azərbaycan münasibətlərinə təsirsiz ötüşməyəcəyi haqqında Moskvaya mesaj göndərilməlidir: “Azərbaycan son illərdə Rusiyadan 5 milyard dollar civarında silah və hərbi texnika alıb. Bundan sonra zəruri silah və hərbi texnikanın alınması üçün başqa ölkələr axtarılmalıdır. Avropa İttifaqı ilə danışıqları sürətləndirib, Brüssellə strateji əməkdaşlıq sazişinin imzalanmasına və Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmağa ehtiyac var. Buna baxmayaraq, əgər Moskvada apellyasiya məhkəməsi ÜAK-ın qeydiyyatının ləğvi qərarını təsdiqləyərsə, Rusiyada başqa diaspor təşkilatının yaradılmasına ehtiyac yaranacaq. Çünki Rusiyada milyonlarla azərbaycanlı yaşayır və onların istinad etdiyi və Azərbaycana bağlı hansısa təşkilatı olmalıdır. Əgər Kreml yeni təşkilatın yaranmasına da mane olarsa, o zaman Rusiyanın Azərbaycanla bağlı əsl planları bəlli olacaq və rəsmi Bakıda buna uyğun Rusiya siyasətini formalaşdırmaq məcburiyyətində qalacaq”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • moskvada 28 may respublika gunu munasibeti ile tenteneli qebul kecirilib
    Moskvada 28 May-Respublika Günü münasibəti ilə təntənəli qəb...
  • 174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib
    ® “Nar” abunəçiləri arasında keçirilən lotereya qaliblə...
174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib 174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ