Azərbaycan dili ilə bağlı dövlət proqramlarının qəbul edilməsinin 2 illiyi münasibəti ilə dəyirmi masa keçirilib - FOTOSESSİYA

Bakı. Fərid Mirzəyev - APA. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə, ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı”nda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi və dövlət proqramlarının qəbul edilməsinin 2 illiyi münasibəti ilə dəyirmi masa keçirilib.

APA-nın xəbərinə görə, dəyirmi masa Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası (MTRŞ) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə baş tutub.

 

Dəyirmi masanı giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb. Ə. Amaşov çıxışında bildirib ki, hazırda Azərbaycan dilində 50 milyondan çox insan danışır: “Onların yarısı şimali Azərbaycanda, yarısı cənubda, yerdə qalan hissəsi isə dünyanın müxtəlif ölkələrində yaşayır. Düşünürəm ki, Azərbaycan xalqının, Azərbaycan dövlətinin mövcudluğunu sübut edən amil Azərbaycan dilidir. Təsadüfi deyil ki, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Konstitusiyanın 20-ci maddəsi dövlət dilinə həsr olunub. 2001-ci ildən bu yana Azərbaycan dili ilə bağlı 20-dən çox sənəd hazırlanıb. “Dövlət dili haqqında” qanun mövcuddur. Təbii ki, dil sahəsində bəzi problemlər də mövcuddur. Biz Azərbaycan dili qloballaşma şəraitində necə işlənilir, Azərbaycan dilinin qaydalarına, ədəbi normalarına nə dərəcədə əməl olunması məsələlərinə diqqət yetiririk. Bu məsələləri həll etmək üçün məhz iki il əvvəl dövlət proqramı qəbul olunub. Həmin dövlət proqramında 2020-ci ilə qədər bir sıra işlərin görülməsi nəzərdə tutulub. Düşünürəm ki, bu sahədə kifayət qədər çoxsaylı işlər görülüb”.

 

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev dövlət proqramında rəhbərlik etdiyi instituta ayrılan vəsait hesabına yeni şöbələrin yaradıldığını söyləyib: “İki il əvvəl sərəncam imzalanıb. Bu çox böyük hadisədir. Bu proqramda bilavasitə bizim Dilçilik İnstitutunun adı çəkilib, bizə maliyyə vəsaiti ayrılıb. Biz artıq Naxçıvan, Qarabağ, Dərbənd dialektoloji atlaslarını hazırlayacağıq. Bu işə maliyyə dəstəyini dövlət ayırıb. Bu proqramla eyni zamanda bizim institutda struktur dəyişikliyi oldu. Dil məsələlərinə nəzarət edən monitorinq şöbəsi, habelə kompüter dilçiliyi yaradıldı. Mən Türkiyədə olanda şahidi oldum ki, ən yaxşı xəbər aparıcısına mükafat verilir. Bir bələdiyyə rəisinə də mükafat verilmişdi. Bunun səbəbini soruşanda mənə dedilər ki, o bələdiyyə rəisinin rəhbərlik etdiyi ərazidə dillə bağlı hər hansı bir problem yoxdur. Digər tərəfdən, mən Azərbaycan dilinin elmi üslubundan narahatlığım var. Biz ədəbi dilimizi Nəsiminin, Füzulinin dili ilə öyrənirik. Bəs, niyə elmi üslubumuza fikir vermirik? Çünki Füzulinin, Nəsiminin dövründə elmi əsərlər bir qayda olaraq ərəb və fars dillərində yazılıb. Bu gün necədir vəziyyət? Sovet vaxtında fiziklər, riyaziyyatçılar öz dissertasiyalarını rus dilində yazırdılar. Və beləliklə sovet dövründə dəqiq elmlər üzrə bizim elmi üslubumuz təşəkkül tapmadı. Çox təəssüf ki, o proses indi də davam edir. İndi də gələcəkdə Yusif Məmmədəliyev, Şəfaət Mehdiyev səviyyəsində alim ola biləcək gənclərimiz ingilis dilində yazırlar”.

 

T. Hacıyev mətbuatda lazım olmayan əcnəbi sözlərin işlədildiyini də çıxışında qeyd edib: “”Kreativ”, “konsensus” kimi sözləri tənbəlcəsinə, Azərbaycan dilində qarşılıq tapmadan yazırlar. Türkiyə türkcəsində bilgisayar da, kompüter də işlədilir. Mən demirəm ki, həmin sözləri işlətməyək. İkisini də işlədək paralel şəkildə. Görək axırı necə olacaq”.

 

MTRŞ-nin sədr müavini Qafar Cəbiyev 2003-cü ildə MTRŞ-da Azərbaycan dili ilə bağlı xüsusi qaydaların təsdiqləndiyini deyib: “Biz efirin Azərbaycan dilində aparılması ilə bağlı qərar qəbul etdik. Biz bu qərarın icrasına tam şəkildə nail olduq. Artıq 7 ildir televiziya və radioların efiri Azərbaycan dilində aparılır. Biz buna nail ola bildik. Dil xalqımızın milli sərvətimizdir. Dövlət proqramının 6.2-ci bəndində dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiqi ilə bağlı maarifləndirmə işlərinin aparılması nəzərdə tutulub. Yayımçılar bu məsələdə örnək olmalıdır. Bəzi aparıcıların daha peşəkarları ilə əvəz olunması məsələsi gündəmdə qalmaqdadır. Dilimizə sayğı göstərməyənlər, qanunlara məhəl qoymayanlar tənqid hədəfində olmalıdırlar. Proqramın 6.5.3-cü bəndində teleradio şirkətlərində bədii şuraların yaradılması nəzərdə tutulmuşdu. Bədii şuralar yaradılsa da, əfsus olsun ki, bəzi telekanallarda həmin şuralar fəaliyyətsizdir. Problemlər var və onların sayı kifayət qədərdir. Onların da müzakirəyə ehtiyacı var”.

 

Millət vəkili, Mətbuat Şurasının Dil komissiyasının rəhbəri Bəxtiyar Sadıqov çıxışında deyib ki, mətbuat dilin təmizliyini qorumur: “Azərbaycan dilini dayanmadan öyrənmək lazımdır. Biz jurnalistlər dilin çirklənməsinin qarşısını almalıyıq. Artıq redaksiyalarda korrektorlar yoxdur. Baxın, görün nə qədər orfoqrafik səhvlər var. Dil sahəsində müəyyən addımlar atılıb, işlər görülüb və görüləcək də”.

 

Millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan dilinin çirklənməsi hallarının mövcudluğunu vurğulayıb: “Dil özü içindən qanadlanmalıdır ki, onun kənardan gələn sözlərə ehtiyacı qalmasın. “Monitorinq”, “treninq”, “market” kimi sözlər işlənir, bu nə dil tənbəlliyidir? Məgər Azərbaycan dilində bu sözlər yoxdur? Dilin təmizliyi məsələsi hakimiyyətin özündən başlayır. Sağ olsun cənab prezident dillə bağlı kifayət qədər sərəncamlar imzalayıb. Cənab prezident özü də səlis, aydın və yığcam danışır. Bəs məmurlar necə? Mənim nazirim ana dilində düşünə, danışa bilmir. Dilə sayğı burdan başlamalıdır. 23 il əvvəl soyadların dəyişilməsi ilə bağlı qanun hələ də kənarda qalıb”.

 

Mətbuat Şurasının Monitorinq qrupunun rəhbəri İlham Abbasov mətbuat dilinin çox pis vəziyyətdə olduğunu qeyd edib: “Pozuntu deyəndə tez ağlımıza leksik pozuntular düşür. Axı qrammatikada pozulmalar baş verir. Bu pozuntu inkişaf etsə, bunun altından çıxa bilməyəcəyik. Mətbuatda 90 faiz üslub və nitq pozuntularıdır. Cümləni qura bilmirlər. Birinci səbəb odur ki, jurnalistlər dili bilmir, ikinci səbəb isə odur ki, peşəkar deyillər. İdmandan yazır idmanı bilmir və yaxud kinodan yazır kinonu bilmir”.

 

Daha sonra tədbirdə millət vəkili Aqil Abbas, Elçin Mirzəbəyli, Cahangir Məmmədli çıxış ediblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • movlut cavusoglu azerbaycana sefer edecek
    Mövlut Çavuşoğlu Azərbaycana səfər edəcək
  • azerbaycan qazaxistana yuksek gerginlikli kabel mehsullari ixrac edib
    Azərbaycan Qazaxıstana yüksək gərginlikli kabel məhsulları i...
azerbaycan qazaxistana yuksek gerginlikli kabel mehsullari ixrac edib azerbaycan qazaxistana yuksek gerginlikli kabel mehsullari ixrac edib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027