Media rəhbərləri ilə Milli Məclis rəhbərliyinin görüşü keçirilib

Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə onlayn və çap media qurumlarının rəhbərlərinin Milli Məclisin rəhbərliyi ilə görüşü keçirilib.

 

APA-nın məlumatına görə, Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, Azərbaycan mətbuatı daim dövlətin diqqətindədir: “Mətbuatla bağlı qanunvericilik təkmilləşdirilib, mətbuata dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyev mətbuatın fəaliyyəti üçün daim lazımi addımlar atıblar və mətbuat bugünkü inkişaf səviyyəsinə çatıb. Biz parlament olaraq mətbuatın işinə çox böyük önəm veririk. Milli Məclisin fəaliyyəti hər zaman mətbuatın gözü qarşısındadır. Mətbuat hakimiyyətin qanadlarından biri kimi parlamentin fəaliyyətinin işıqlandırılmasında mühüm rol oynayır”. 

 

Tədbirin Xocalı soyqırımının 25 illiyinə təsadüf etdiyini xatırladan B. Muradova qeyd edib ki, Azərbaycana qarşı törədilmiş cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması işində mətbuat-parlament əməkdaşlığına ciddi ehtiyac var.

 

MŞ sədri Əflatun Amaşov deyib ki, bu sayda media rəhbəri ilk dəfədir parlamentə toplaşıb: “Məqsəd ölkə mediasının parlamentin işində, qanunvericilik bazasının hazırlanmasında daha yaxından iştirak etməsidir. Bu gün Azərbaycanda 40-a yaxın gündəlik, 250-yə yaxın həftəlik qəzet fəaliyyət göstərir, bir o qədər də elektron media portalı mövcuddur. Azərbaycan mətbuatı vətənpərvər mətbuatdır. Hadisələrə müxtəlif aspektdən yanaşan mətbuatımız var. Bir məqsədimiz də odur ki, Milli Məclisin fəaliyyətini olduğu kimi göstərək. Bəzən bu istiqamətdə müəyyən tənqidlər ola bilər, lakin qərəzli yanaşma olmamalıdır”.

 

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu yazılı mətbuatın üzərindən əlavə dəyər vergisinin götürülməsini təklif edib: “Bu, o deməkdir ki, hər bir ton qəzet kağızı üçün 105 dollar ucuzlaşma olacaq. Bu da indiki məqamda qəzetlər üçün ciddi məbləğdir, bunu rica edərdim”.

 

Baş redaktor elektron mediaya dəstək verilməsi zərurətindən də danışıb: “Azərbaycan prezidenti print mediaya çox ciddi dəstək göstərir. Çap mediası KİV-ə Dövlət Dəstəyi Fondunun dəstəyi sayəsində mövcuddur. Bu cür dəstək elektron mediaya da verilsin. Bu, çox önəmlidir. Çünki elektron media Azərbaycanın sərhədlərindən anındaca çıxmaq deməkdir. İngilis, rus, ərəb, başqa dillərdə Azərbaycan həqiqətlərini dünyaya vaxtında çatdıra bilərik. Məsələn, biz öz gücümüzə iki rusdilli sayt yaratmışıq. Bunun miqyasını böyütmək istərdik. Ermənilərlə informasiya müharibəsində güclü olmağımız üçün mütləq və mütləq dövlət bu işə dəstək verməlidir”.

 

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli bildirib ki, əgər bu fond olmasaydı, çap mediasının 70 faizi hazırda mövcud olmazdı. V. Səfərli eyni zamanda qeyd edib ki, ölkədə onlayn medianın əksəriyyəti bir-birini təkrarlayır və dövlətin onların hamısını maliyyə baxımından dəstəkləməsi doğru deyil: “Elektron mediaya dövlət tərəfindən yardım edilməsi nəzərdə tutulub. Ümid edirik ki, yaxın gələcəkdə bu məsələ reallaşacaq. Ancaq elektron mediaya ayrılacaq yardımın meyarları da olacaq. Daha necə gəldi, verilməyəcək. Bir nəfərin 10-12 saytı var. Deməli, onların hamısına yardım ayrılmalıdır? Belə olmayacaq. Maddi yardımlar ilk olaraq xarici dildə fəaliyyət göstərən elektron mediaya veriləcək. Hansı ki o media orqanları Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırır”. 

 

Media rəhbərləri başqa təklif və fikirlərini də səsləndiriblər. Bəzi deputatların jurnalistlərlə təmasdan yayınması, onların bir qisminin qeyri-adekvat bəyanatları və bunun da cəmiyyətdə narazılıq yaratması diqqətə çatdırılıb.

 

MM aparatının rəhbəri Səfa Mirzəyev deyib ki, deputat heç kimi təhqir edə, yalan danışa və böhtan ata bilməz, bunun üçün parlamentdə İntizam Komissiyası var: “Belə olan hallarda deputata qarşı daxili intizam tədbirləri görülə bilər. Lakin cəmiyyətdə müzakirə olunan məsələ barədə deputat fərqli fikir deyirsə və bununla razı deyiləmsə, dostcasına ona yaxınlaşıb, fikir bildirə bilərəm. Azərbaycanda informasiya qıtlığı var. Bu, onunla bağlı deyil ki, kimsə hansısa informasiyanı gizlədir. Azərbaycan balaca ölkə olduğundan burada hər gün sensasion hadisələr baş vermir. Ona görə də bəzi mətbuat orqanları çox vaxt marağı artırmaq üçün ABŞ-ın yeni prezidenti Donald Trampın sevimli sözü ilə desək, “feyklər” yazaraq ictimaiyyətə buraxır. Əslində bizdə ciddi, əsaslı informasiya hazırlayan elektron mətbuat o qədər də çox deyil. Milli Məclisdə baş verənlər qurumun saytında əksini tapır. Ona görə də, KİV-dən xahişimiz ondan ibarətdir ki, hansısa məsələ barədə fikir bildirəndə bizim ekspertlərlə məsləhətləşəsiniz. Çünki hərdən müzakirə olunan qanun layihəsi barədə elə söhbətlər gedir ki, bunun həmin layihə ilə heç bir əlaqəsi olmur. Milli Məclisin rəhbərliyi, aparatı media ilə dostluq etmək niyyətindədir. Qəzetdə, saytda, televiziyada deyilən fikirlərdən incimək lazım deyil. Hərdən insanların hissiyyatına toxunan xəbərlər olanda bunu araşdırmaq lazımdır”.

 

B. Muradova deyilənlərə cavab olaraq bildirib ki, “Kütləvi informasiya vasitələri haqqında” qanunda indiyə qədər mövcud olmayan məqamlar müzakirə edilərək plenar iclasların birinə çıxarıla bilər: “Müəyyən dəyişikliklərdən sonra bu sahənin statusu ilə bağlı anlaşılmazlıqlar aradan qalxacaq. Bundan sonra hər bir internet resursunun statusu məlum olacaq. Mətbuat Şurasının və digər qurumların fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsinin hazırlanmasına ehtiyac yoxdur. Bu sahədə sadəcə, məsləhətləşmələrə ehtiyac var. Milli Məclis mətbuatla bağlı problemlərin aradan qaldırılması üçün daim axtarışdadır. Parlament jurnalistlərinin ixtisaslaşdırılması layihəsi üzərində işləmək olar. Biz burada qeydiyyatdan keçən jurnalistlərin Milli Məclisin işinə bələd olması üçün treninqlər keçirməyə hazırıq. Hərbi jurnalistika ilə bağlı mövcud boşluqların aradan qaldırılması üçün də qanunvericiliyə dəyişiklik mümkün ola bilər. Deputatların fəaliyyəti barədə yeni mexanizmlərin düşünülməsinə ehtiyac yoxdur. Bu məsələdə ən ağır mexanizm cəmiyyətin qınağıdır”.

 

Görüşdə Xocalı soyqırımının 25 illiyi ilə bağlı jurnal da təqdim olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • jurnalist rasim eliyevin olumunde teqsirlendirilen sexslerin apellyasiya sikayetleri temin edilmeyib
    Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin...
  • azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir
    Azərbaycanda 17 rayonda 23 modul tipli məktəb quraşdırılır...
azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir +2
MƏZƏNNƏ
FOREX
/ 27 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8627
 
RR
0.0304
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ