Yıldıray Arslan: “TRT Azərbaycanın Qarabağ münaqişəsində haqlı olduğunu dünyaya hər zaman israrla çatdıracaq”

TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Yıldıray Arslanın APA-ya müsahibəsi

- Yıldıray bəy, TRT-nin Bakı təmsilçiliyi artıq 17 ildir fəaliyyət göstərir. İşləriniz necədir?

 

- Bakı təmsilçiliyi fəaliyyətə başladığı 2001-ci ildən Azərbaycan və Türkiyənin ortaq gündəmi, tarixi və gələcəyi ilə bağlı səmərəli fəaliyyət göstərməyi qarşısına məqsəd qoyub. 2014-cü ilin avqust ayında bu vəzifəyə təyin olunmuşam. Həmin vaxtdan bu günə qədər iki ölkə arasında mədəniyyət və tarixlə bağlı ortaq layihələrin həyata keçirilməsi ilə məşğul olmuşam. Bundan əlavə gündəmlə bağlı olan xəbərlər, Azərbaycanla Türkiyənin münasibətlərindəki inkişaf haqqında materiallar hazırlayıb bu dostluğa öz töhfəmizi verməyə çalışmışıq. Adı “Xəzərin nazlı qızı – Bakı” olan sənədli film hazırladıq və TRT-də yayımlandı. Bundan əlavə, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə xüsusi proqramlar hazırlayır, 20 Yanvar faciəsində Şəhidlər xiyabanından ənənəvi 3 saatlıq canlı yayımla efirə çıxırıq. Eyni zamanda Heydər Əliyevin vəfat və doğum günlərində xüsusi verilişlər efirə veririk. Sizin gördüyünüz kimi hazırda təmsilçiliyimizdə qızğın hazırlıq işləri gedir. Martın 21-də “TRT Avaz”ın 8-ci ildönümü münasibəti ilə böyük tədbir keçirməyi planlaşdırırıq. Azərbaycanın dövlət rəsmiləri və səfirliyimiz sağ olsun, tədbirimizin Heydər Əliyev Mərkəzində keçirilməsi üçün bizə kömək etdilər.

 

- TRT-nin Azərbaycanda yayımının müvəqqəti dayandırılması necə baş verdi? Bunu gözləyirdinizmi?

 

- Təbii ki, yayımda fasilənin yaranması nə mənim, nə də TRT rəhbərliyinin arzuladığı, düşündüyü bir şey olmayıb. Fasilə Azərbaycanın analoq yayımından rəqəmli yayıma keçməsi ilə bağlı olub. Daha doğrusu, müqavilə yenilənməli idi. Bu məsələ həll olundu, müqavilə imzalandı və yayımı bərpa etdik. Şübhəsiz ki, bu həll olunmayan məsələ deyildi. TRT-1 Azərbaycanda yayımına icazə verilən yeganə xarici telekanaldır. Təbii ki, biz özümüzü yad bilmirik, siz də bizə bu gözlə baxmırsınız. 

 

Azərbaycanda xüsusi xəbər kanalının olmaması çatışmazlıqdır

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Milli Televiziya və Radio Yayımları Şirkəti və Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi arasında anlaşma imzalandı, yayım bərpa olundu. Bu, sadəcə, texniki və bürokratik problemlərdən yaranan məsələ idi. Gecikməyə heç bir səbəb olmasa da, bürokratik sıxıntılar yaşandı. Təbii ki, “yayım niyə kəsildi?” qayğısı var idi. Bu, hamını maraqlandırırdı. Telefonlarımıza çoxlu zənglər gəldi, facebook ünvanımıza yazanlar həddən artıq çox olurdu. Gecə yarısı mobil telefonlarımıza zənglər gəlirdi. Tamaşaçılarımıza bu diqqət və sevgi üçün təşəkkür edirəm. Bizim onsuz da “yayımlanmayacağıq” deyə bir qayğımız yox idi. Yenə deyirəm, sadəcə, yazışmalar, müzakirələr vaxt apardı. Əsas odur, TRT Azərbaycanda yayımlanır və biz xoşbəxtik.

 

- Azərbaycanda dövlət qurumları ilə münasibətləriniz necədir? Vacib məqamlarda informasiya almaq çətin olmur?

 

- Nə dövlət, nə özəl qurumlarla problemimiz yoxdur, olmayıb. Bizə olan isti münasibətlərinə görə təşəkkürümü bildirirəm. Azərbaycanda əlimiz çatmayan, informasiya almaq üçün yetişə bilmədiyimiz qurum yoxdur. O cümlədən media sektoru ilə çox gözəl münasibətlər qurmuşuq. APA da daxil olmaqla, AZƏRTAC və digər xəbər agentlikləri ilə yaxın işbirliyimiz var.

 

 

- Tez-tez Türkiyə və Azərbaycan mediası peşəkarlıq müstəvisində müqayisə olunur. Təcrübənin bölüşməsi üçün əngəl olan səbəblər varmı?

 

- TRT-nin Azərbaycan mediası ilə bağlı olan layihəsi mövcuddur. Bu, Türkiyə-Azərbaycan əməkdaşlıq layihəsidir. Bu layihəyə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası, TRT, Anadolu Agentliyi, Türkiyə Mətbuat Attaşesi və TİKA dəstək verir. Çanaqqala zəfərinin 100 illiyində, qondarma “erməni soyqırımı” ilə bağlı təşkil olunan tədbirlər çərçivəsində azərbaycanlı media nümayəndələri Türkiyəyə səfər edib təcrübə mübadiləsini həyata keçiriblər. Yaxud TRT-nin özünün hər il keçirdiyi beynəlxalq təcrübə proqramı var. Dünyanın 33 ölkəsindən 500-ə yaxın jurnalist həmin proqram çərçivəsində iştirakçı olub. O cümlədən, Azərbaycandan olan jurnalistlər TRT-nin bu proqramında iştirak ediblər. Azərbaycandan olan jurnalistlərin iştirakını xüsusi planlaşdırırıq ki, hər il təmsil olunsunlar. Bu, media mənsubları arasında olan əlaqələrin qurulmasında böyük əhəmiyyətə malikdir. Demək istəyirəm, bu sahədə hər hansı sıxıntımız, qayğımız yoxdur. İnanıram ki, bu əməkdaşlıq hər zaman davam edəcək.

 

- Azərbaycan telekanallarının peşəkarlıq mənzərəsi necədir?

 

- Mən təbii ki, Azərbaycanın televiziya kanallarını izləyirəm. Xüsusən, AzTV və İctimai Televiziyaya baxıram. Bundan başqa, CBC kanalını da tez-tez izləyirəm. O cümlədən AzTV-nin mədəniyyət, sənət proqramlarına tez-tez baxıram. “Mədəniyyət” kanalının rəhbəri ilə görüşüb müzakirələr apardıq ki, ortaq hansı layihələri həyata keçirə bilərik? Ayda bir dəfə həm “Mədəniyyət” kanalında, həm də “TRT Avaz”da ortaq mədəniyyət  proqramı yayımlamağı düşünürük. Bundan başqa, TRT-nin çəkdiyi filmlərin nümayişi ilə bağlı danışıqlar aparırıq. Biz bütün canlı yayımlarımızı AzTV-nin texniki dəstəyi ilə edirik. Əgər ümumən televiziya işində peşəkarlıqdan söhbət gedirsə, TRT illərdən keçib bugünkü səviyyəyə çatıb. 

 

Azərbaycanda əlimiz çatmayan, informasiya almaq üçün yetişə bilmədiyimiz qurum yoxdur

 

Təbii ki, TRT-nin də əskiklikləri, çatışmazlıqları var. O cümlədən Azərbaycan kanallarının da çatışmayan tərəfləri var. Bir jurnalist olaraq gördüyüm ilk çatışmazlıq Azərbaycanda xəbər kanalının olmamasıdır. Təbii ki, özəl kanallarda xəbər buraxılışları var, amma xüsusi olaraq Azərbaycanda xəbər kanalı yoxdur. Qazaxıstan prezidentinin təklifi ilə türk dünyasının xəbər kanalının yaradılması məsələsi müzakirə olunurdu. Amma bəzi səbəblərdən, düşünürəm, neft böhranından və başqa səbəblərdən bu iş ləngidi. Eyni zamanda Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun təklifi ilə İslam ölkələri arasında ortaq xəbər agentliyinin, jurnalistlər birliyinin yaradılması üçün cəhdlər də var idi. Cəmiyyətlər sürətlə dəyişir. Öz aramızda danışanda deyirik ki, şəhər həyatı insanları dəyişdirdi, dünya kiçik kənd oldu, amma qonşunun qonşunu tanımadığı bir vaxtda insanlar artıq dünyanı bilmək istəyirlər.

 

- Azərbaycanda vaxtilə gündə iki dəfə çıxan qəzetlər var idi, özünü doğrultmadı. Demək istəyirəm, Türkiyə böyük ölkədir, hadisələr çox olur deyə, xəbər üzərində ixtisaslaşma orda effektli ola bilər...

 

- Bütün texnoloji yeniliklərdən istifadə etmək lazımdır. İnsanlar istəyir ki, bir düymə ilə bütün dünyada baş verənlərdən xəbərdar olsunlar. Onlara çatmağın yollarını axtarmalıyıq. “CBS İdman” kanalı var. Yaxud AzTV-nin idman kanalı fəaliyyət göstərir. Bunları nəzərə alsaq, ciddi xəbər və sosial əlaqələr yarada biləcək televiziya kanalına ehtiyac var. Televiziya yayımçılığında vizuallıq ox vacibdir. Günümüzün reallığı odur ki, ekranda cazibə olmalıdır, insanların gözləri ora zillənməlidir. Alternativ o qədər vasitələr var ki. Məsələn, mobil telefon, stolüstü kompüter və s. Bunlarda da istifadə olunmalıdır. Nə qədər çox tamaşaçı auditoriyası yığsaq, bizim üçün uğur deməkdir. Azərbaycanda uğurlu xəbər agentlikləri var. Məsələn, sizin təmsil etdiyiniz APA. Xəbər agentliklərinin yaydığı xəbərlərin axacağı məcraya ehtiyac var. Ümumiyyətlə, işləyən komanda, peşəkarlıq olarsa, xəbər kanalının işləməsinə nail olmaq mümkündür.

 

- Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Rəcəb Tayyib Ərdoğan Qərb mediasını qərəzli mövqe tutmaqda ittiham etdi. TRT Qərb mediasının bu münasibətinə qarşı hansı şəkildə mübarizə aparır?

 

- Qərb mediasının tutduğu mövqe Qərbin Türkiyəyə qarşı olan münasibətinin göstəricisidir. TRT üzvü olduğu beynəlxalq təşkilatlar, imza atdığı müqavilələr çərçivəsində bu məsələni gündəmə gətirdi. Bu, əlbəttə, bundan sonra da davam edəcək. Biz Qərb mətbuatının bu cür mövqeyini təkcə dövlət çevrilişinə cəhd zamanı yox, ondan əvvəl də dəfələrlə yaşamışıq. Tutalım, Suriya problemində, terror hadisələri zamanı və s. İndi də Holandiya ilə bağlı olan hadisələrdə bunu yaşayırıq. TRT BBC-nin modelini örnək alaraq qurulub. 1987-88-ci illərdə bizə BBC-nin metodları öyrədilirdi. Orada bir şüar var idi: “Xəbərçi dünyaya kosmosdan baxır”. Yəni xəbərçi tərəfsiz olmalıdır. Amma sonra gördük ki, Qərb özü hadisələrə kosmosdan baxmır. Almanın dünyaya Berlindən, ingilisin Londondan, fransızın Parisdən baxdığının şahidi olduq. Yaxud Qarabağ münaqişəsinin yaşandığı ilk günlərdən etibarən Azərbaycana qarşı da qərəz var idi. Türkiyə ilə Azərbaycanın bu mövzudakı “bəxti” eynidir. Bütün bunlara baxmayaraq, biz “Bir millət, iki dövlət” olmaqdan vaz keçməyəcəyik. Biz TRT olaraq Azərbaycanın Qarabağ münaqişəsində haqlı və doğru tərəf olduğunu dünyaya hər zaman israrla çatdıracağıq.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qalibiyyet sahidler ve sehidler kitabinin ilk cildinin teqdimati kecirilib
    "Qalibiyyət - şahidlər və şəhidlər" kitabının ilk cildinin t...
  • unec de novbeti aciq qapi gunu kecirilib
    UNEC-də növbəti "Açıq qapı" günü keçirilib
unec de novbeti aciq qapi gunu kecirilib unec de novbeti aciq qapi gunu kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ