Azərbaycanda hər il yaşıllıqların 3 növ üzrə uçotu aparılacaq

azerbaycanda her il yasilliqlarin 3 nov uzre ucotu aparilacaq

Nazirlər Kabineti “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nı təsdiq edib.

 

APA-nın məlumatına görə, bu qayda meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasını tənzimləyir.

 

Yaşıllıqların uçotu və monitorinqi istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) yerli icra hakimiyyəti orqanları, yaşıllıqların kadastrının aparılması isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir. Bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini bələdiyyələr aparır. Yaşıllıqların uçotu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müasir topoqrafiya, geodeziya alətlərindən, kosmik və aerofoto çəkiliş şəkilləri əsasında yaradılmış ortofotoplanlardan və müvafiq proqram təminatından istifadə etməklə, əsasən ilin yaz və payız aylarında, habelə elmi-praktikidəstəyə ehtiyac olduqda elmi müəssisə və təşkilatların əməkdaşlarını və ixtisaslaşdırılmış mütəxəssislərin Əmək Məcəlləsinə uyğun olaraq cəlb etməklə aşağıdakı ardıcıllıqla aparılır:

 

- yaşıllıq əraziləri barədə məlumatlar yaşıllıqların mühafizə, torpaq, tikinti və şəhərsalma sahəsində normativ hüquqi və texniki normativ hüquqi aktlar nəzərə alınmaqla çöl tədqiqat işləri nəticəsində dəqiqləşdirilir;

- çöl tədqiqat işləri nəticəsində yaşıllıqların növləri, ağac, kol, gül-çiçək və ot bitkiləri (qazonlar) birillik və çoxillik olmaqla qruplara ayrılır, müvafiq yaşıllıq ərazisində olan ağacların və kolların sayı, hər birinin diametri (santimetrlə - torpaq səthindən götürülməklə), gül-çiçək və ot bitkilərinin (qazonların) kvadratmetrlə ölçüləri və bioloji inkişaf vəziyyəti araşdırılır, onların nə zaman salınması öyrənilir və ya illik həlqələrinin sayılması yolu ilə yaşı müəyyən edilir;

- yaşıllıqların bioloji, sanitariya-gigiyena və fitosanitar vəziyyəti 3 ballıq şkalaya uyğun qiymətləndirilir:

- yaxşı - yaşıllıqlar növlərinə və cins tərkibinə görə normal inkişaf edir, ağacların gövdələri düzdür, kökdən tumurcuqlanması (çiçəklənməsi) müşahidə olunmur, xəstəliklərin yayılması və zərərvericilərlə sirayətlənmə dərəcəsi aşağıdır, habelə zədələnmiş, qurumuş, ətrafdakılar üçün təhlükəli (o cümlədən aşma təhlükəsi) olan ağaclar yoxdur;

- kafi - yaşıllıqlar növlərinə və cins tərkibinə görə normal inkişaf edir, lakin lazımi aqrotexniki qulluq göstərilmədiyinə görə ağacların gövdələri əyridir, xəstəliklər və zərərvericilərlə sirayətlənmə və quruma əlamətləri müşahidə olunur;

- qeyri-kafi - yaşıllıqların növlərinə və cinslərinə görə deqradasiyası aşkar şəkildə müşahidə olunur, aqrotexniki norma və qaydalara riayət edilmir, xəstəliklərin yayılması və zərərvericilərlə sirayətlənmə və quruma əlamətləri yüksəkdir, ciddi zədələnmə mövcuddur (meteoroloji, mexaniki, kimyəvi və digər səbəblər göstərilməklə);

- çöl-tədqiqat və ya kameral şəraitdə yaşıllıq ərazilərinin sərhədləri daxilində olan bütün konturların (çevrələrin) daxilindəki topoqrafik elementlər (yaşayış və infrastruktur obyektləri, su hövzələri, stasionar avadanlıqlar və s.), kolluqlar, daşlıqlar, qumsallıqlar, bataqlıqlar və sair yaşıllıq əraziləri istifadə edilibedilməməsindən asılı olmayaraq yaşıllıqların kadastrının məlumat bazasına daxil edilməsi üçün ortofotoplanlar üzərinə köçürülür və müvafiq miqyaslara uyğun laylar üzrə şərti işarələrlə göstərilir;

- Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş, habelə nadir və növü kəsilmək təhlükəsi qarşısında olan ağac və kollar uçot məlumatlarında (plan, xəritə, sxemlərdə) xüsusi işarələrlə (rəng fərqi ilə) qeydə alınır;

- çöl-tədqiqat və ya kameral şəraitdə işlər yekunlaşdıqdan sonra ortofotoplanlarda müəyyən edilmiş konturlar yaşıllıqların kadastrının məlumat bazasına köçürülür, sahələr müvafiq proqram təminatı vasitəsilə hesablanır və ərazilər üzrə yekun yaşıllıq eksplikasiyası tərtib edilir;

 

İstifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanları tərəfindən ayrı-ayrı inzibati ərazi vahidləri üzrə yaşıllıqların uçotunun nəticələri barədə hesabatlar təyinatından və istifadə qaydasından (rejimindən) asılı olaraq, şəhərlərdə və digər yaşayış məntəqələrində, infrastruktur obyektlərinin hüdudlarında olan yaşıllıqlar aşağıdakı növlər üzrə tərtib edilir:

 

- ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar);

- məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil və səhiyyə, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar);

- xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, o cümlədən su mühafizə zonalarının və onların sahil mühafizə zolaqlarının altında olan torpaqlarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar).

 

Uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. İstifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları bu Qaydaya uyğun uçotu aparılmış yaşıllıqlarda hər il 20 fevral tarixindən sonra baş vermiş dəyişiklikləri (artım və ya azalma) nəzərə alaraq, növbəti ilin 1 yanvar tarixinə olan hesabatlarında əks etdirirlər. İstifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları aidiyyəti üzrə yaşıllıqların uçota alınmamasına, kəmiyyət və keyfiyyət göstəricilərinin tam və dürüst əks olunmamasına, onların növlərinin, yaşıllıq ərazilərinin və yaşıllıq barədə digər məlumatların təhrif edilməsinə və bu məlumatların Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

 

İstifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata alınmış yaşıllıqların təyinatının və ya yerləşdiyi ərazilərin hüquqi statusunun dəyişdirilməsi, texnogen və ya təbii xarakterli fövqəladə halların (ekoloji fəlakət) baş verməsi, yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin subyektləri tərəfindən qanunvericiliyin pozulması nəticəsində yaşıllıqların kütləvi şəkildə məhv edilməsi hallarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının nümayəndələrinin iştirakı ilə bu yaşıllıqların planlaşdırılmamış uçotu aparılır və nəticələri barədə həmin Nazirliyə dərhal məlumat verilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələrin, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanlarının uçot hesabatları, ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin, habelə yaşıllıqların mühafizəsinə dövlət və ictimai nəzarət formalarında aparılmış işlərin nəticələri, mövcud geodeziya, topoqrafiya və kartoqrafiya məlumatları, elmi tədqiqat araşdırmaları yaşıllıqların kadastrının məlumat bazasına daxil olunur və yaşıllıqların kadastrının formalaşdırılması üçün Azərbaycan Respublikasının inzibati-ərazi vahidləri üzrə kadastr sənədləri sistemi tətbiq edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi apardığı yaşıllıqların kadastrını yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin subyektlərindən əldə etdiyi məlumatlar əsasında dəqiqləşdirir və hər il martın 31-dək təsdiq edərək rəsmi internet səhifəsində yerləşdirir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:11 21 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azmiu nun muellimlerine kembric universitetinin sertifikatlari verilib
    AzMİU-nun müəllimlərinə Kembric Universitetinin sertifikatla...
  • azerbaycan ve serbiya prezidentlerinin genis terkibde gorusu olub
    Azərbaycan və Serbiya prezidentlərinin geniş tərkibdə görüş...
azerbaycan ve serbiya prezidentlerinin genis terkibde gorusu olub azerbaycan ve serbiya prezidentlerinin genis terkibde gorusu olub +2
MƏZƏNNƏ
FOREX
/ 21 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273