Barak Obama və Hüsnü Mübarək arasında telefon danışığı olub

Barak Obama və Hüsnü Mübarək arasında telefon danışığı olub
# 29 yanvar 2011 09:00 (UTC +04:00)
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, bu barədə ABŞ prezidentinin özü açıqlama verib.

Telefon danışığını kimin təşəbbüsü ilə baş tutması barədə məlumat verməyən B.Obama Misir xalqının yanında olduqlarını bəyan edib. Ağ Ev başçısı misirli həmkarını xalqa verdiyi vədləri yerinə yetirməyə çağırdığını və ona xalq qarşısındakı öhdəliklərini xatırlatdığını bildirib: “Misirdə iqtisadi, sosial və siyasi islahatlar həyata keçirilməlidir”.

Ağ Evin sözçüsü Robert Gibbs həm nümayişçiləri, həm də Misir hökumətini zorakılıqdan imtina etməyə çağırıb: “Daha çox azadlıq tələblərinə veriləcək cavab zorakılıq deyil, dialoq olmalıdır. Misirdə köklü islahatlara ehtiyac var”. R.Gibbs Misirdə baş verən son hadisələrlə bağlı ABŞ prezidenti Barak Obama üçün 40 səhifəlik xülasə hazırlandığını vurğulayıb: “Həm ABŞ-ın Müdafiə və Xarici İşlər nazirlikləri, həm də Qahirədəki səfirimiz Marqaret Skobi Misir hökuməti ilə sıx təmasdadırlar. Misir hökumətini Məhəmməd əl-Baradeyi ev dustaqlığından azad etməyə çağırırıq”.

ABŞ dövlət katibi Hillari Klinton isə açıq şəkildə Hüsnü Mübarəkə “Xalqını dinlə!” mesajını göndərib. O, “əl-Cəzirə” telekanalı ilə canlı yayınlanan müraciətində bildirib ki, dinc nümayişlərə icazə verilməli və kəsilmiş rabitə əlaqələri bərpa olunmalıdır: “Bu nümayişlər Misir cəmiyyətində ciddi problemlər olduğunu göstərir. Misir hökuməti zorakılığın bu problemləri aradan qaldırmayacağını anlamalı, nümayişçilərin tələblərini qəbul edərək vəziyyətin gərginləşməməsi üçün islahatlara razılaşmalıdır”. H.Klinton bəyan edib ki, ABŞ nümayişçilərin tələblərini anlayır və insanların öz hüquqlarını müdafiə etməsinə hörmət edir: “Həbs olunmuş nümayişçilər dərhal və qeyd-şərtsiz azadlığa buraxılmalıdır”.

Böyük Britaniyanın baş naziri Devid Kemeron da Misir hakimiyyətini islahatlara çağıraraq, demokratik və hüquqi dövlətin bərqərar olması üçün islahatları dəstəklədiklərini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR