Ömər Süleyman prezident Mübarəkin adından müxalifətlə danışıq aparacaq

Ömər Süleyman prezident Mübarəkin adından müxalifətlə danışıq aparacaq
# 01 fevral 2011 00:40 (UTC +04:00)
Bakı-APA. Misir prezidenti Hüsnü Mübarək vitse-prezident Ömər Süleymanı müxalifətlə dərhal danışıqlar aparmaq üçün nümayəndə təyin edib.

“Prezident bu gün mənə bütün siyasi qüvvələrlə bütün problemlərlə bağlı dialoqa başlamaq üçün danışıq aparmağı tapşırıb”, deyə vitse-prezident televiziya ilə xalqa xüsusi müraciətində bildirib.

Danışıqlar müxalifətin məhdud müddət ərzində konstitusion islahatların keçirilməsi ilə bağlı əsas tələbləri barədə olacaq. Bundan başqa, əsas məsələlər arasında işsizlik, yoxsulluq və korrupsiya ilə mübarizə müzakirə ediləcək. Müxalifətin hakimiyyətlə dialoqa razı olub-olmayacağı isə bəlli deyil. Müxalifət bəyan edib ki, Ömər Süleymanın islahatlar barədə təklifinə bu gün aydın cavab veriləcək.

Xatırladaq ki, Misir müxalifəti əhalini bu gün “milyonların etiraz marşı”na çağırıb. Bu müraciət Qahirənin əsgərlər və zirehli texnika ilə əhatə olunan mərkəzi Təhrir meydanında səslənib. Amma hərbçilərlə aksiya iştirakçıları arasında toqquşma olmayıb. Nümayişçilər əsgərlərə qardaşlaşaraq onlara yemək paylayıblar. Müxalifət “Ordu, Misir və Mübarək arasında seçim et!” şüarını irəli sürüb.

Bu günkü aksiya ilə əlaqədar ölkədə dəmir yolu nəqliyyatı tam dayandırılıb.

Misirdə kütləvi aksiyalar yanvarın 25-də başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR