Hüsnü Mübarək: “Heç kimə nümayişçilərə atəş açmaq əmri verməmişəm”

Hüsnü Mübarək: “Heç kimə nümayişçilərə atəş açmaq əmri verməmişəm”
# 14 aprel 2011 12:04 (UTC +04:00)
Bakı – APA. Misirin keçmiş prezidenti Hüsnü Mübarək prokurorluğa ifadəsində nümayişçilərə atəş açılması üçün heç kimə göstəriş vermədiyini, mitinqlərin dördüncü günündə istefaya getmək istədiyini bildirib. APA-nın “Əl-Məsri əl-Yaum” qəzetinə istinadən verdiyi məlumata görə, H. Mübarək deyib ki, Daxili İşlər Nazirliyinin o vaxtkı rəhbərlərindən kimdə ifadəsində onun adını çəkibsə, bu, yalandır.

Sabiq prezident aksiyaların keçirildiyi günlərdə daxili işlər naziri Həbib əl-Ədli ilə sadəcə bir dəfə söhbət etdiyini, təhlükəsizlik qüvvələrini nümayişçilərə mane olmamağa və Misiri dağıtmaq istəyən xarici qüvvələrin müdaxilə etməməsi üçün nümayişçiləri izləməyə çağırdığını söyləyib. O, DİN əməkdaşlarını nümayişçiləri və vacib dövlət obyektlərini qorumağa çağırdığını vurğulayıb.

H. Mübarəkin sözlərinə görə, o, yanvarın 25-də başlayan nümayişlərin dördüncü günü vəzifəsindən getməyi düşünürmüş, lakin ətrafı onu fikrindən daşındırıb: “Mən televiziya ilə çıxış etmək və xalqa elan etmək istəyirdim ki, vəziyyət sabitləşən kimi vəzifəmi tərk edəcəyəm. Lakin dəftərxana müdirim Zəkəriyyə Əzmi və digərləri mənə bildirdilər ki, xalq mənim istefamı deyil, hökumətin dəyişməsini və islahatlar keçirilməsini istəyir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR