Azərbaycan-Vyetnam hökumətlərarası komissiyasının ilk iclasının keçirilməsi planlaşdırılır

Azərbaycan-Vyetnam hökumətlərarası komissiyasının ilk iclasının keçirilməsi planlaşdırılır
# 18 iyul 2016 15:30 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ilk iclasına hazırlıq məsələlərinin müzakirəsi məqsədilə energetika naziri Natiq Əliyev ilə Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov arasında görüş keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ilk iclasının cari ilin oktyabr ayında Vyetnamda keçirilməsi planlaşdırılır.

Görüş zamanı iki ölkə arasında iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlıq potensialı nəzərdən keçirilərək, irəli sürülən təkliflər dəyərləndirilib. Vyetnamın neft və Qaz Korporasiyası “Petrovietnam” və Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasının enerji sahəsində əməkdaşlığa töhfə verdiyini vurğulayan səfir Anar İmanov Vyetnamın neft yataqlarının kəşfiyyatı və işlənməsinə maraq göstərdiyini diqqətə çatdırıb. Azərbaycan şirkətləri tərəfindən istehsal olunan neft avadanlıqlarının Vyetnam bazarına çıxarılmasının, tikinti şirkətlərinin Vyetnamda həyata keçirilən infrastruktur layihələrində iştirakının, kənd təsərrüfatı, turizm sahəsində əməkdaşlığın təmin edilməsi üçün hökumətlərarası komissiya səviyyəsində dəstəyin vacibliyi qeyd edilib.

N.Əliyev isə bildirib ki, Vyetnam bazarı Azərbaycanın qeyri-neft məhsullarının ixracı üçün cəlbedicidir. Bununla yanaşı Vyetnam Azərbaycanla enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq edə bilər.

İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri energetika naziri N.Əliyev, Vyetnam tərəfindən həmsədri isə sənaye və ticarət naziri Tran Tuan Anhdır.

Qeyd edək ki, 2015-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 13,6 mln. dollar, idxalın həcmi 9,7 mln. dollar, ixracın həcmi isə 3,9 mln dollar olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR