Bakı. Fərahim Qasımov-APA. Bakıda iki piyadanı maşın vurub. Bu barədə APA-ya 3 saylı Şəhər Klinik Xəstəxanasından məlumat veriblər.
Hadisələrdən biri Sabunçu rayonun Kürdəxanı qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini 1984-cü il təvəllüdlü İmranov Elməddin Telman oğlu yolu keçmək istəyərkən onu maşın vurub. Yaralı təcili yardım vasitəsi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilərək dərhal əməliyyat olunub. Həkim-travmatoloq Mərziyyə Hüseynovanın APA-ya verdiyi məlumata görə, hazırda xəstənin vəziyyəti stabildir və həyatı üçün heç bir təhlükə yoxdur: "Müayinə ona zamanı döş qəfəsinin əzilməsi qarnın küt travması diaqnozu qoyulub. Xəstəyə dərhal müdaxilə edilib. Hazırda vəziyyəti orta-ağır stabildir".
Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, piyadanı vuran avtomobilin sürücüsü hadisədən sonra qaçıb. Hazırda avtomobilin müəyyən edilməsi istiqamətində iş aparılır.
Digər piyada vurma hadisəsi isə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb. 1960-cı il təvəllüdlü Babazadə İradə Arif qızı yolu keçmək istəyən zaman avtomobil tərəfindən vurulub. O, təcili yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkim-travmatoloq Mərziyyə Hüseynovanın APA -ya verdiyi məlumata görə, hazırda xəstənin vəziyyəti stabildir və həyatı üçün heç bir təhlükə yoxdur: "Xəstə kliniki müayinədən keçirildi. Müəyyən olundu ki, onda qapalı kəllə beyin travması, baş beyin sirkələnməsi, döş qəfəsinin və qarnın küt travması, soltərəfli oturaq sümüyün qapalı yerdəyişmə ilə sınığı var. Xəstəyə dərhal müdaxilə olundu və reanimasiya şöbəsinə köçürüldü. Hazırda xəstənin vəziyyəti orta-ağır stabildir".
Qeyd edək ki, İradə Babazadəni vuran avtomobil də hələlik müəyyən olunmayıb.
Faktı Xəzər rayon Polis İdarəsi araşdırır.