Bakı. Musa Əhmədov - APA-Economics. Yaxın zamanlarda “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC metallurgiya əməliyyatları aparmağa imkan verən texniki iqtisadi əsaslandırma sənədi yekunlaşacaq.
“APA-Economics”in məlumatına görə, bu barədə cəmiyyətin sədri Samir Cəfərov məlumat verib.
Onun sözlərinə görə, kompleksdə Yaponiya və Avropa ölkələrində istehsal olunmuş texnologiyaların istifadəsi ilə bağlı müqavilənin imzalanması planlaşdırılır.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində keçirilən son iclasda dövlət başçısının kompleksin yaradılması ilə bağlı tapşırıq verdiyini xatırladan S. Cəfərov bildirib ki, kompleksin inşası 3 il ərzində başa çatdırılacaq və 2018-ci ildə kompleks tam hazır olacaq.
“Biz ilkin mərhələdəyik. Hazırda mədənçıxarma kompleksinin rekonstruksiyası işləri aparılır. Sovet dövründən Daşkəsəndə metalın zənginləşdirilməsi zavodu mövcuddur. Bizim təxminən 300 milyon ton dəmir filizimiz var. Bu ehtiyatlar 70 ildən artıq müddət üçün kifayət edir. Eyni zamanda biz 3 zavodun - kürə, reduksiya və polad zavodunun yaradılması üzərində işləyirik. Kompleks poladın istehsalının bütün mərhələlərini özündə cəmləşdirəcək”, - deyə S. Cəfərov vurğulayıb.