Bəstəkarlar İttifaqında ilin birinci yarısı üçün bir sıra tədbirlər planlaşdırılıb

Bəstəkarlar İttifaqında ilin birinci yarısı üçün bir sıra tədbirlər planlaşdırılıb
# 12 yanvar 2016 15:07 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) 2016-cı ilin birinci yarısı üçün bir sıra tədbirlər planlaşdırılıb. İttifaqın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 20-də R.Behbudov adına Mahnı Teatrında matəm konserti təşkil olunacaq.

Yanvarın 29-da M.Maqomayev adına Dövlət Filarmoniyasında Azərbaycanın əməkdar incəsənət xadimi Mobil Babayevin 70-ci illiyinə həsr olunan simfonik və oratoriya musiqisi konserti keçiriləcək.

Fevralın 5-də Qara Qarayevin doğum günündə Azərbaycan Bəstəkarlar İttifaqının katibliyinin təntənəli toplantısı keçiriləcək, axşam isə Dövlət Filarmoniyasında bəstəkarın əsərləri səsləndiriləcək.

Bundan başqa tanınmış bəstəkarlar, respublikanın əməkdar incəsənət xadimləri Həsən Adıgözəlzadə, Azər Dadaşov, Tahir Əkbərin 70-ci illikləri qeyd olunacaq. Həmçinin əməkdar incəsənət xadimləri Qəmbər Hüseynli, Zakir Bağırov və Ədilə Hüseynzadənin 100 illiyinə həsr olunan yubiley tədbirlərinin keçirilməsi də gözlənilir.

Bu ilin aprel ayında Gənc Bəstəkarların Musiqi Plenumu planlaşdırılıb. Plenum çərçivəsində üç günlük festival keçiriləcək, o cümlədən dinləmə və diskussiyalar təşkil olunacaq.

Aprel ayında Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifası üzrə müsabiqəyə də start veriləcək.

May ayında Heydər Əliyevin doğum günü ABİ tərəfindən silsilə tədbirlər şəklində qeyd olunacaq, konsertlər, konfranslar baş tutacaq.

İlin birinci yarısına dair tədbirlər planı isə ənənəvi “İpək yolu” VII Şəki Beynəlxalq Musiqi Festivalı ilə yekunlaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR