Bakı. Ramiz Mikayıloğlu-APA. Xəzər dənizinin Azərbaycan sektorunda və quru sahələrdə xüsusi mühafizə olunan təbiət əraziləri genişləndiriləcək.
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”da əksini tapıb.
Milli Strategiyaya əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyətləri 2017-2020-ci illərdə respublika ərazisində xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi genişləndirilməsini, quru ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsinin 12 faizə, sahilyanı zonada isə 2 faizə çatdırılmasını təmin etməlidir. Eyni zamanda Avropa Qonşuluq Siyasəti çərçivəsində “Zümrüd sahələr”in inkişaf etdiriləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasına 2017-2019-cu illərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin “Zümrüd sahələr” şəbəkəsinə daxil edilməsini təmin etmək tapşırılıb.