Nigeriya Senatı federal hökumətin və Qərbi Afrika Ölkələri İqtisadi Cəmiyyətinin (ECOWAS) ölkənin hərbi qüvvələrindən Nigerdə qiyamçılara qarşı istifadə etməsinə qarşı çıxan qətnamə qəbul edib və siyasi həll yoluna üstünlük verilməsini məsləhət görüb.
APA-nın xəbərinə görə, bu barədə Nigeriyanın “Premium Times” qəzeti məlumat yayıb.
Senatın iclası qapalı keçirilib. Senat həm də ECOWAS-ın hazırkı sədri olan Nigeriya Prezidentini Nigerin üzləşdiyi siyasi böhranın həlli üçün ECOWAS-ın digər liderləri ilə birgə siyasi və diplomatik imkanlardan istifadəni artırmağa çağırıb.
Qeyd edək ki, bundan əvvəl Nigeriya Prezidenti Bola Tinubu ECOWAS çərçivəsində ordu qüvvələrindən Nigerdə qiyamçılara qarşı istifadəyə icazə verilməsi üçün Senata müraciət etmişdi.
ECOWAS liderlərinin iyulun 30-da keçirilən sammitində Nigerdəki qiyamçılardan Prezident Məhəmməd Bazumu azad etmək, ölkədə yenidən qanuni qaydanı təmin etmək tələb olunmuş, bunun üçün qiyamçılara 1 həftə vaxt verilmişdi. ECOWAS əks halda qiyamçılara qarşı bütün vasitələrdən, o cümlədən hərbi gücdən istifadəni istisna etməmişdi. ECOWAS-a üzv ölkələrin Baş Qərargah rəisləri və yüksək rütbəli hərbçiləri də növbədənkənar görüşlərində Nigerə hərbi müdaxilə halında tətbiq ediləcək plan hazırlamışdılar.
Qeyd edək ki, iyulun 26-da bir qrup Niger hərbçisi qiyam qaldırıb, Məhəmməd Bazumu hakimiyyətdən kənarlaşdırıb, ölkədə komendant saatı tətbiq edib, partiyaların fəaliyyətini qadağan edib. Ölkənin idarə edilməsi üçün iyulun 28-də general Abdurahman Tçianinin rəhbərliyi ilə Milli Şura yaradılıb.