Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 45%-dən çox hissəsinin əhatə edir və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumat bazasında 1 milyon 295 mindən çox pensiyaçı, 3 mln. 180 mindən çox sığortaolunan barədə müvafiq məlumatlar toplanıb.
Fondunun ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, 2015-ci il ərzində DSMF-nin təqdim etdiyi elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl tədbirlər davam etdirilib.
Fondun fəaliyyət istiqamətləri üzrə əlavə elektron xidməti aktivləşdirilərək, “Elektron hökumət” portalına inteqrasiya edilməsi nəticəsində sığortaedən və sığortaolunanların uçotu sahəsində xidmətlərin tam elektronlaşması təmin edilib. Əhaliyə göstərilən xidmətlərin innovativ yeniliklər və müasir texnologiyalar əsasında səmərəli təşkili və təkmilləşdirilməsi işinin uğurla davam etdirilməsi nəticəsində “Elektron hökumət” portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur.
2015-ci ildə fondunun öz saytı, “Elektron hökumət portalı” və “Elektron ödəniş portal” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,7 mln.dan çox istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü illə müqayisədə 2 dəfə çoxdur.