Bakı.Türbət Bağırova - APA. Türkiyə tərəfinin dəvəti ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) beynəlxalq müşahidə missiyası bu ölkədə 1 noyabr tarixində keçirələcək təkrar parlament seçkilərinin monitorinqını həyata keçirəcək.
Bu barədə APA-ya TürkPA-nın hüquqi məsələlər və mətbuat xidmətinin rəhbəri Anar Rəhimov məlumat verib. Missiyaya Azərbaycan Milli Məclisinin üzvü Ayaz Orucov rəhbərlik edəcək. Missiyanın tərkibinə Qazaxıstan Parlament Məclisinin üzvü Aşım Nurqali, Qırğızıstan parlamentinin üzvü Akılbek Sultanov və TürkPA Katibliyinin nümayəndələri daxildir.
Müşahidəçilərin Türkiyənin Ali Seçki Qurumunun rəhbəri, Konstitusiya Məhkəməsinin sədri və XİN-in rəhbərliyi ilə görüşləri nəzərdə tutulub. Eyni zamanda missiya Türkiyə Böyük Millət Məclisinin aparat rəhbərliyi və bir sıra hazırki millət vəkiləri ilə görüşlər keçirəcək. Seçki günü TürkPA müşahidəçiləri Ankaranın mərkəzi rayonlarında yerləşən seçki məntəqələrini ziyarət edəcək. Noyabrın 2-də missiyanın seçkilərə dair mətbuat konfransının keçirilməsi gözlənilir.