Bakı - APA. Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Ədalət və İnkişaf Partiyasının (AKP) Adana millət vəkili Necdət Ünüvar 18 oktyabr - Dövlət Müstəqilliyi Günü və Azərbaycanın müstəqilliyinin 25 illiyi münasibətilə təbrik mesajı yayıb.
APA-nın məlumatına görə, Türkiyə və Azərbaycanın “bir millət, iki dövlət” olduğunu vurğulayan N. Ünüvar oktyabr ayının 18-də Azərbaycanın Dövlət Müstəqilliyi Gününün, oktyabrın 29-da isə Türkiyənin Cümhuriyyət bayramının qeyd edilməsinə diqqət çəkib.
Nuri paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun 1918-ci ildə Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına toxunan N. Ünüvar cümhuriyyətin süqutundan sonra sovet dönəmində də Azərbaycanda milli özünüdərkin yüksək səviyyədə olduğunu söyləyib. O, Azərbaycan ikinci dəfə müstəqillik qazanan zaman da ölkəni ilk tanıyan dövlətin Türkiyə olduğunu xatırladıb: “Məhəmməd Əmin Rəsulzadəni, Nuri Paşanı, müasir Azərbaycanın memarı Heydər Əliyevi, şəhidlərimizi rəhmət və minnətlə anırıq. Azərbaycanlı qardaşlarımızın Müstəqillik Gününü təbrik edir, dostluğumuzun, qardaşlığımızın əbədi olmasını arzu edirəm”.