Nigeriya ordusu səhvən PUA ilə kəndə zərbə endirib, azı 85 mülki şəxs ölüb

Nigeriya ordusu səhvən PUA ilə kəndə zərbə endirib, azı 85 mülki şəxs ölüb
# 05 dekabr 2023 12:06 (UTC +04:00)

Nigeriya ordusunun pilotsuz uçuş aparatı Kaduna əyalətinin şimal-qərbindəki Tudu Biri adlı kəndə səhvən zərbə endirib, nəticədə ən azı 85 mülki vətəndaş həlak olub.

APA AFP-yə istinadən xəbər verir ki, hadisə dekabrın 3-də baş verib.

Prezident Bola Əhməd Tinubu ordunun pilotsuz uçuş aparatının kəndi təsadüfən vurduğunu etiraf etdikdən sonra araşdırma aparılmasına göstəriş verib.

Ordu itkilərlə bağlı rəqəmi açıqlamasa da, yerli sakinlər çoxu qadın və uşaq olmaqla 85 nəfərin öldürüldüyünü bildirib. Qeyd olunub ki, müsəlman sakinlər dini bayramını qeyd edərkən hadisə baş verib.

Milli Fövqəladə Halların İdarə Olunması Agentliyi (NEMA) açıqlamasında bildirib ki, Şimal-Qərb Zonal İdarəsi yerli hakimiyyət orqanlarından indiyədək 85 meyitin basdırıldığı barədə məlumat alıb.

NEMA daha 66 nəfərin xəstəxanada müalicə olunduğunu, rəsmilərin kəndə getmək və gərginliyi sakitləşdirmək üçün icma liderləri ilə hələ də danışıqlar apardıqlarını bildirib.

Ölkə Prezidentinin Ofisi bəyanat yayaraq bunu çox narahatedici və ağrılı hadisə adlandırıb.

Qeyd edək ki, Nigeriyanın silahlı qüvvələri ölkənin şimal-qərbində və şimal-şərqində hərbi birləşmələrə qarşı döyüşlərdə tez-tez hava zərbələrindən istifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR