ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) Qazaxıstanda 2020-2021-ci illərdə gündəlik neft və digər maye karbohidrogenlər hasilatı üzrə proqnozunu dəyişib.
"APA-Ecocomics"in EIA-ya istinadən verdiyi məlumata görə, bu il Qazaxıstanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 1,89 mln. barel səviyyəsində olacaq ki, bu da öncəki proqnozdan 120 min barel azdır.
Məlumata görə, gələn il Qazaxıstanda gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 1,93 mln. barel təşkil edəcək (aprel ayı üçün verilən proqnoza görə, bu göstərici 1,99 min barel təşkil etməli idi).
EIA-in göstəricilərinə əsasən, ötən il Qazaxıstanda ortalama gündəlik neft və digər maye karbohidrogenlər üzrə hasilat 1,97 mln. barel təşkil edib.
Qeyd edək ki, "OPEC+" formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub. "OPEC+" ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi"nə Qazaxıstan və Azərbaycan da qoşulub.