Azərbaycanda broyler fabriklərində quş yemində genetik modifikasiya olunmuş orqanizmlərə görə monitorinq keçirilib

Azərbaycanda broyler fabriklərində quş yemində genetik modifikasiya olunmuş orqanizmlərə görə monitorinq keçirilib
# 14 noyabr 2008 12:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Azad İstehlakçılar Birliyi (AİB) Azərbaycanın broyler fabriklərində quşlara verilən yemin tərkibində genetik modifikasiya olunmuş orqanizmlərə (GMO) görə apardığı monitorinqin nəticələrini açıqlayıb.
AİB sədri Eyyub Hüseynovun sözlərinə görə, monitorinq zamanı «Mərdəkan-Broyler», «Dəvəçi-Broyler», «İmişli-Broyler» və «Siyəzən Broyler» fabriklərinə rəsmi məktub və 4 sualdan ibarət anketlə müraciət olunub. Bu broyler fabrikləri sırasında yalnız «Dəvəçi-Broyler» anketi cavablandırmaqdan imtina edib.
Eyni anketlər Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə və Dövlət Gömrük Komitəsinə (DGK) də göndərilib. DGK-dan bildirilib ki, ölkəyə idxal olunan quş yeminin tərkibində GMO predmeti tədqiq edilmir.
E.Hüseynov vurğulayıb ki, sertifikatların və anketlərin təhlili sahibkarların xaricdən gətirilən quş yeminin tərkibində GMO-nun olmasından xəbərsiz olduğunu göstərir: «Azərbaycanda fəaliyyət göstərən broyler fabriklərində quşların qısa zamanda sürətlə böyüməsi, fabriklərdəki antisanitariya, kəskin qoxu, quş tullantılarının müəssisə ərazisində saxlanılması və quş ətində antibiotiklər müşahidə olunur».
E.Hüseynov monitorinqin heyvandarlıq fermalarında da aparıldığını bildirib. Quşçuluq fabriklərinə nisbətən heyvandarlıq fermalarının 85%-i yerli yemlərdən istifadə edir. «Heyvandarlıq fermalarında normal şərait mövcuddur, lakin onu qeyd etmək istəyirəm ki, Azərbaycan ərazisində satılan süd məhsullarının 90%-i quru süddən hazırlanan məhsullardır», - deyə AİV sədri bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR