May ayından Azərbaycanda «Baltika» pivəsinin istehsalına başlanacaq

May ayından Azərbaycanda «Baltika» pivəsinin istehsalına başlanacaq
# 29 noyabr 2008 12:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Bakı Kastel» pivə zavodu 2009-cu ilin yanvar ayından brendini «Bakı Baltika»ya dəyişəcək və may ayından müəssisə «Baltika» brendi ilə məhsul istehsalına başlayacaq. «APA-Economics»in məlumatına görə, bu barədə müəssisənin pivə istehsalı sexinin rəisi Elcan Hüseynov məlumat verib.
E.Hüseynovun sözlərinə görə, zavodda «Baltika-3», «Baltika-5», «Baltika-7», «Carlsberg» brendləri ilə yanaşı yerli bazarda özünü doğrultmuş «Əfsanə», «Xırdalan», «Bizim Pivə» adlı pivə də istehsal olunacaq. Məhsulların Azərbaycandan qonşu ölkələrə ixracı planlaşdırılır.
«Artıq müəssisədə yenidənqurma işləri başlanıb. Burada müasir texnologiyaların tətbiqi, soyuducu sistemlərin dəyişdirilməsi, yeni avtomatlaşdırılmış sistemin yaradılması nəzərdə tutulur», - deyə E.Hüseynov vurğulayıb.
Müəssisənin hazırda illik istehsal gücü 3 mln. dekalitrə yaxındır.
Azərbaycanda istehsal ediləcək «Baltika» pivəsinin qiyməti yerli qiymətlərə uyğun olacaq. Dünya bazarında xammalın ucuzlaşması ilə əlaqədar olaraq pivənin qiymətində də enmə gözlənilir.
Qeyd edək ki, «Baltika» şirkətinin rəhbərliyinin təşəbbüsü ilə bu gün bir qrup KİV nümayəndəsinin Xırdalan şəhərində yerləşən «Bakı Kastel» zavoduna ekskursiyası təşkil olunub. Səfər zamanı jurnalistlərə müəssisənin mövcud vəziyyəti, istehsal prosesi və burada həyata keçiriləcək işlər barədə məlumat verilib. KİV nümayəndələri istehsalat sexlərinə baş çəkiblər.
Aparılan araşdırmalara görə, Azərbaycanda adambaşına illik pivə istehlakı 6 litr, Avropa ölkələrində isə 50-60 litr təşkil edir.
Qeyd edək ki, «Bakı Kastel» zavodunun alınmasına dair «Baltika» şirkəti ilə «Brasseries İnternational Holding» şirkəti arasında müqavilə 2008-ci ilin may ayında imzalanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR