“Quş qripi” ilə bağlı aparılan növbəti monitorinqin nəticələri açıqlanıb

“Quş qripi” ilə bağlı aparılan növbəti monitorinqin nəticələri açıqlanıb
# 30 dekabr 2009 09:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) “quş qripi” ilə bağlı aparılan növbəti monitorinqin nəticələrini açıqlayıb. Xidmətin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəlinin APA-ya verdiyi məlumata görə, DBX, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də Ovçular Cəmiyyəti əməkdaşlarının iştirakı ilə dekabrın 21-dən başlanan monitorinqi zamanı seçmə üsulla ovlanaraq götürülən 18 baş çöl quşunun patoloji materialı, ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1130 baş ev quşunun qan nümunələri, eləcə də 2 baş ev quşunun patoloji materialı Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib: “Müayinə olunmuş nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib. Monitorinq köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara rast gəlinməyib”.

Y. Xanvəli bildirib ki, “quş qripi”nin köçəri quşlar vasitəsilə yayılması ehtimalını hər zaman diqqət mərkəzində saxlayan DBX monitorinqləri bundan sonra da davam etdirəcək. Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin yanvarın 18-də başlanması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR