Azərbaycanın «Şurabad Quşçuluq» şirkəti istehsalı genişləndirir

Azərbaycanın «Şurabad Quşçuluq» şirkəti istehsalı genişləndirir
# 19 may 2010 11:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Şurabad Quşçuluq» şirkəti yeni istehsal sahələri yaratmağı planlaşdırır. Bu barədə «APA-Economics»ə «Şurabad Quşçuluq» MMC-nin satış müdiri Mehrdad Qasım Əfqan məlumat verib.

Şirkət rəsmisinin sözlərinə görə, hazırda kompleks daxilində 60 min baş ana quşun saxlanılması üçün yeni sex tikilir: «Bu sexin tikintisi 6 ay ərzində yekunlaşacaq. Burada «Şurabad Quşçuluq» özü üçün cücə istehsal edəcək. Bunun üçün Avropa ölkələrindən yeni inkubator avadanlıqları da sifariş verilib. Həmin avadanlıqlar yeni sexdə quraşdırılacaq. İlin sonunda «Şurabad Quşçuluq» Azərbaycanda özünü cücə ilə təmin edən ilk fabrik olacaq».

Şirkət bundan sonra yumurta satışına da başlayacaq. Həmçinin diri cücənin və quş ətinin Gürcüstana və digər ölkələrə ixracı həyata keçiriləcək.

M.Q.Əfqan onu da bildirib ki, cücə sexi istifadəyə veriləndən sonra «Şurabad Broyler»in markası ilə satışa çıxarılan quş ətinin qiymətində enmələr mümkündür.

Qeyd edək ki, 2005-ci ildən fəaliyyət göstərən «Şurabad Quşçuluq» MMC hazırda cücəni İrandan gətirir. İllik istehsalı 300 min baş diri quş olan şirkətin şəriət qaydaları ilə fəaliyyət göstərən, saatda 7 min quş kəsən istehsalat sahəsi mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR