Azərbaycanda baş vermiş çay daşqınları nəticəsində 60 min hektar torpaq sahəsinə ziyan dəyib

Azərbaycanda baş vermiş çay daşqınları nəticəsində 60 min hektar torpaq sahəsinə ziyan dəyib
# 21 iyun 2010 11:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Kür və Araz çaylarında baş vermiş daşqınlar nəticəsində təxminən 60 min hektar əkin və örüş sahəsinə ziyan dəyib. «APA-Economics»in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

İ.Abasovun sözlərinə görə, bunun 26 min hektardan çox hissəsini taxıl, 22,8 min hektarını yonca, qalan hissəsini kartof, bostan, şəkər çuğunduru və digər məhsul sahələri təşkil edir.

«Hazırda dəyən ziyanın məbləği araşdırılır. Kompensasiyanın verilməsi hökumət tərəfindən həyata keçirilir. Bu, fövqəladə hal olduğundan, kompensasiyaların verilməsi də Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçiriləcək», - deyə İ.Abasov vurğulayıb.

Nazir bazarlarda daşqınlardan istifadə edərək bəzi bostan və tərəvəz məhsullarının qiymət artımının yaradılması barədə deyilənlərlə də razılaşmayıb. Qiymətlərin müəyyən qədər aşağı düşdüyünü deyən İ.Abasovun sözlərinə görə, bu gün bostan və tərəvəz məhsullarının satış qiyməti 2009-cu ildə mövcud olan qiymətlərdən yuxarı deyil.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR