Azərbaycanda ötən il taxıl və kartof istehsalı azalıb

Azərbaycanda ötən il taxıl və kartof istehsalı azalıb
# 19 yanvar 2011 08:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3,9 mlrd. manat təşkil edərək 2009-cu ildəkinə nisbətən 2,2% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində istehsalat bitkiçilik məhsulları üzrə faktiki qiymətlərlə 8,9% azalııb, heyvandarlıq məhsulları üzrə isə 6,1% artıb. Taxıl və kartofu çıxmaqla bitkiçiliyin qalan sahələri üzrə artım tempi 3,4%, ümumi məhsul üzrə isə 5% təşkil edib.

Ötən il qarğıdalı da daxil olmaqla ölkədə 966,7 min hektar sahədən, hər hektardan orta hesabla 20,7 sentner olmaqla, ilkin çəkidə 2 000,9 min ton taxıl məhsulu toplanıb və 2009-cu ilə nisbətən əkin sahəsinin və məhsuldarlığın azalması nəticəsində 33% azalıb.

Hesabat ilində xam pambığın istehsalı 37,3 min ton olmaqla 2009-cu illə müqayisədə 17% artıb. Artımın əsas səbəbi əkin sahəsinin 2009-cu ildəki 20,6 min hektardan 2010-cu ildə 30,2 min hektara qədər artması olub.

Tütün istehsalı 2009-cu ilə nisbətən 24,3% artaraq 3,2 min tona çatıb. Tütün istehsalının artmasına əkin sahəsinin 2009-cu illə müqayisədə 12,6% genişləndirilməsi təsir göstərib.

Bununla yanaşı, ölkədə ötən il 8,5 min hektar sahədə emal üçün şəkər çuğundurunun əkini aparılıb və həmin sahələrdən 256,5 min ton məhsul götürülüb. Nəticədə, 2009-cu ilə nisbətən şəkər çuğundurunun istehsalı 33,6% və ya 65 min ton artıb.

Hesabat ilində sahələrdən 953,7 min ton kartof, 1 181,1 min ton tərəvəz məhsulu toplanıb və 2009-cu ilin müvafiq dövrünə nisbətən kartof istehsalı 3% azalıb, tərəvəz istehsalı isə 0,2% artıb. Bostan məhsulları istehsalı 5,5% artaraq 433,5 min tona çatıb. Bununla yanaşı, 2010-cu ildə hektarın orta məhsuldarlığı kartof üzrə 4 sentner azalıb, tərəvəz üzrə 2 sentner, bostan məhsulları üzrə isə 5 sentner artmaqla müvafiq olaraq 145, 142 və 137 sentnerə bərabər olub.

Bundan başqa, 2010-cu ildə 729,3 min ton meyvə və giləmeyvə, 129,5 min ton üzüm istehsal edilib və 2009-cu illə müqayisədə meyvə istehsalı 1,5%, üzüm istehsalı isə 0,3% artıb.

Hesabat ilində ölkədə yaşıl çay yarpağı istehsalı 22% artaraq 545 tona çatıb.

Bu ilin məhsulu ücün təmiz herik şumu da daxil olmaqla 1 017,8 min hektar və ya əvvəlki ilin müvafiq dövründəkindən 2,6% cox sahədə şum qaldırılıb, 925,9 min hektarda dən və yaşıl yem üçün, o cümlədən 915,3 min hektar payızlıq taxıl səpilib. Dənlik taxılın 72,2%-i və ya 660,5 min hektarı buğda, 27,8%-i və ya 254,7 min hektarı arpa əkini sahəsidir. Əvvəlki ilin müvafiq dövrünə nisbətən dən üçün taxılın əkin sahəsi 0,7%, o cümlədən buğdanın əkin sahəsi 0,2%, arpanın əkin sahəsi isə 2,2% genişlənib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR