Azərbaycanda ilk iri aqrar kompleksləri artıq payızda yaradılacaq

Azərbaycanda ilk iri aqrar kompleksləri artıq payızda yaradılacaq
# 21 fevral 2011 10:06 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi torpaqlara nəzarət şöbəsinin müdiri Qurbanəli Hüseynov «APA-Economics»ə bildirib ki, təqribən 20 rayon ərazisində seçilmiş torpaq sahələrinin ümumi ərazisi 200 min hektardan artıqdır: «Bura Qazax, Samux rayonları və Kür-Araz ovalığına daxil olan ərazilər aiddir. Ümumiyyətlə çalışırıq ki, suvarmada əsasən Kür çayının suyundan istifadə olunsun».

Q.Hüseynovun sözlərinə görə, bu torpaqların bir hissəsində əkin işləri payızadək başlanmalıdır: «Payıza qədər həmin torpaqların bir hissəsi əkinə hazır olmalıdır ki, 2012-ci ilin məhsulu üçün əkilə bilsin».

Hələlik ilk əkin sahələrinin harada olacağı bilinmir. Bu, həmin ərazilərin meliorasiya cəhətdən hazır olmasından asılı olacaq: «Hansı ərazidə su təchizatını qurmaq daha tez və ucuz başa gələrsə, ilk mərhələdə əkin işləri orada aparılacaq». Şöbə müdiri bildirib ki, bu sahələrdə iş aparmaq üçün iş adamları arasında tenderin elan olunması nəzərdə tutulur.

Bununla yanaşı, «Azərbaycan Meliorasiya və Su Təsərrüfati» ASC-də işlərin belə tez başa çatacağına şübhə edirlər. ASC-nin sədr müavini Məmmədsadıq Quliyev «APA-Economics»ə bildirib ki, meliorasiya qurumu bununla bağlı təkliflərini verib, amma payızadək hansısa ərazidə işlərin başa çatdırılması inandırıcı deyil: «İşin həcmi çox böyükdür və payızadək başa çatdırmaq mümkün deyil».

Q.Hüseynovun sözlərinə görə, bu ərazilərdə təkcə toxumluq taxıl deyil, yonca, qarğıdalı və digər bitkilər əkiləcək: «Amma əsas istiqamət taxıl olacaq».

Xatırladaq ki, yeni komplekslərin yaradılması toxumluq taxıla tələbatı ödəməyə imkan verəcək. Bundan başhqa, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri hesab edirlər ki, burada əldə ediləcək toxumluq taxılın gələcəkdə xaricə ixracı da mümkündür. Hələlik ölkədə 10-15 belə kompleksin yaradılmasıplanlaşdırılır.

Qeyd edək ki, belə aqrar komplekslərinin böyük hissəsinin qış otlaqlarında yaradılması ilə əlaqədar olaraq gələcəkdə ölkədə heyvandırlığın tədricən tövlə rejiminə keçirilməsi də nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR