Azərbaycana xaricdən gətirilən taxıl və un yenidən ƏDV-yə cəlb olunub

Azərbaycana xaricdən gətirilən taxıl və un yenidən ƏDV-yə cəlb olunub
# 11 iyul 2011 15:16 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” qərarını dəyişib.

Hökumətin yeni qərarına əsasən, iyulun 10-dan etibarən ölkəyə gətirilən taxıl və un yenidən ƏDV-yə cəlb olunur.

Qeyd edək ki, Nazirlər Kabinetinin 3 dekabr 2010-cu il tarixli qərarı ilə ölkəyə gətirilən buğda və unun avqustun 1-dək ƏDV-dən azad edilməsi qərara alınmışdı. İndi isə İqtisadi İnkişaf, Maliyyə, Kənd Təsərrüfatı və Fövqəladə Hallar nazirliklərinin rəylərini nəzərə alaraq bu müddət iyulun 10-na qədər azaldılıb. Yəni bundan sonra xaricdən gətirilən buğda və undan («Buğda və meslin» və «Buğda unu və ya buğda-çovdar unu») 18%-lik ƏDV tutulacaq.

Taxıl və unun ƏDV-dən azad edilməsi xaricdən bu məhsulların gətirilməsini kəskin artırmışdı. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, bu ilin ilk 5 ayında ölkəyə buğda idxalı ötən ilin eyni dövrünə nisbətən 50%, un idxalı isə 74 dəfə artıb. İndi isə yeni qərar xaricdən idxalı azaltmalıdır. Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi Sabir Vəliyev «APA-ECONOMICS»ə bildirib ki, yeni qərar daxili bazarı qorumaq, yerli taxıl istehsalçıların maraqlarını qorumaq və onları taxıl istehsalına həvəsləndirmək üçün atılıb. Belə ki, xaricdən gətirilən taxılın ƏDV-yə cəlb olunması onu bahalaşdırdığına görə yerli taxıla tələbat artacaq. Bununla yanaşı, idarə rəisi son qərarın çörəyin bahalaşmasına səbəb olmayacağını bildirib: «Yerli istehsal olunan taxıl kifayət qədər olduğuna görə bu qərar çörəyin qiymətinin artmasına səbəb olmayacaq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR