Azərbaycanın kənd təsərrüfatı naziri Dünya Bankının nümayəndəsi ilə görüşüb

Azərbaycanın kənd təsərrüfatı naziri Dünya Bankının nümayəndəsi ilə görüşüb
# 17 avqust 2011 09:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Dünya Bankının (DB) Azərbaycan üzrə meneceri Cozef Ouenlə (Joseph Owen) görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşün əsas məqsədi «Azərbaycanda kənd təsərrüfatı investisiyaları layihəsi»nin ikinci mərhələsi (AzRİP-II) ilə bağlı məsələləri müzakirə etmək və Azərbaycanın kənd təsərrüfatı strategiyası barədə fikir mübadiləsi aparmaqdan ibarətdir.

Görüş zamanı İ.Abasov Azərbaycanın son illərdə uğurlu inkişafının təmin edilməsində, kənd təsərrüfatı sektoru da daxil olmaqla qeyri-neft sektorunun inkişafında bir sıra beynəlxalq təşkilatlarla yanaşı DB-nın da böyük rolunu xüsusilə vurğulayıb. O, qeyd edib ki, DB tərəfindən müxtəlif dövrlərdə Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi beynəlxalq təcrübənin, aqrar sahədə mütərəqqi dəyişikliklərin və nailiyyətlərin Azərbaycanın kəndlərinə nüfuz etməsinə, həmçinin kredit və maliyyə resurslarına fermerlərin çıxışının asanlaşmasına səbəb olub.

Nazir həmçinin, AzRİP-in uğurlu nəticələri onun davam etdirilməsi üçün əsaslı zamin yaratdığından və bu istiqamətdə əlavə maliyyələşmə layihəsinin icra olunduğunu, AzRİP-II üzrə hazırlıq işlərinin yekunlaşdığını nəzərə çatdırıb. Nazir bildirib ki, Azərbaycan gələcəkdə də bu qurumla əməkdaşlığını davam etdirəcək.

Öz növbəsində C.Ouen əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün bundan sonra da öz səylərini əsirgəməyəcəyini bildirib.

Qeyd edək ki, AzRİP-II layihəsinin ümumi dəyəri 54 mln. ABŞ dolları həcmində olacaq. Bundan 30 mln. dolları DB-nın üzvü olan Beynəlxalq İnkişaf Agentliyi (IDA), 20 mln. dolları Azərbaycan hökuməti, 4 mln. dolları isə icmaların payına düşəcək. Layihənin həyata keçirilməsi kənd yerlərində infrastrukturun yaxşılaşması, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı yerlərdə miqrasiyanın azaldılmasına dəstək verəcək.

Xatırladaq ki, AzRIP çərçivəsində DB Azərbaycana 21,1 mln. dollar ayırıb. Layihə Azərbaycanın 21 rayonunun əhatə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR