Azərbaycan prezidenti Şəki şərab zavodunun açılışında iştirak edib

Azərbaycan prezidenti Şəki şərab zavodunun açılışında iştirak edib
# 17 noyabr 2011 19:22 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, dövlət başçısına məlumat verilib ki, 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq yaradılan zavodun ümumi sahəsi 7,8 hektardır. Tikintisinə 2008-ci ildə başlanılan zavod ildə 3 min ton üzüm emal etmək gücünə malikdir. Lakin gələcəkdə bu rəqəmin 10-15 min tona çatdırılması nəzərdə tutulub.
Sonra dövlət başçısı zavodu işə salan düyməni basıb.
Məlumat verilib ki, burada üzümün qəbulu, fermentləmə, texnoloji emal, markalı şərabların istehsalı və qablaşdırma sexləri yaradılıb. Üzümün qəbulu sexində ağ və qırmızı üzüm növləri üçün iki qəbuledici bunker, üzüməzən avadanlıq quraşdırılıb. Burada iki xətt ağ və qırmızı, bir xətt isə elit şərabların istehsalı üçün nəzərdə tutulub. Sexdə, həmçinin Azərbaycanda ilk dəfə üzümün tumlarını ayıran qurğu da quraşdırılıb. Digər sexlər də ən son avadanlıqla təchiz edilib. İstehsal prosesi kompyuterləşdirilmiş sistemlə idarə edilir.
Qablaşdırma sexi ilə tanışlıq zamanı bildirilib ki, burada qurulmuş müasir avadanlıq saatda 3 min şüşə şərab doldurmağa imkan verir. Bu zavodda ilkin mərhələdə süfrə şərablarının istehsalı nəzərdə tutulub. Sexdə qablaşdırılan şərablar “Çinar” markasının texnologiyasına uyğun hazırlanır. İstehsalın sonrakı mərhələsində “Şəki”, “Çələbi”, “Karvansaray”, “Xan sarayı” adı ilə şərabların istehsalı planlaşdırılır. İstehsalın üçüncü mərhələsində, yəni 2012-ci ildən kəmşirin, portveyn və desert tipli şərabların istehsalına üstünlük veriləcək. İstehsalın dördüncü mərhələsində isə konyak spirti və konyak istehsalı sexinin yaradılması planlaşdırılır. Şərab zavodunda istehsal üçün üzüm məhsulunun tədarükündə Şəki ilə yanaşı, əsasən Oğuz və Qəbələ rayonlarının potensialından da istifadə olunacaq. Kənar asılılıqdan yaxa qurtarmaq məqsədi ilə müəssisənin nəzdində 200 hektar üzüm bağı salınması nəzərdə tutulur. Üzüm bağlarının salınması zamanı yerli sortlara – “Mədrəsə”, “Bayanşirə” və “Şirvanşah”a üstünlük veriləcək.
Dövlət başçısı istehsalat korpusunda hazır məhsulun saxlanması anbarı ilə tanış olub. Bildirilib ki, markalı şərabların istehsalı sexində Fransadan gətirilmiş palıd ağacından hazırlanan, hər biri 228 litrlik çəllək qoyulub. Bu, şərabın daha yüksək keyfiyyətlə saxlanmasına imkan verir.
Qeyd edilib ki, məhsulun rəqabətədavamlı olması məqsədi ilə zavodda quraşdırılan avadanlığın hamısı İtaliyanın bu sahədə ixtisaslaşmış şirkətinin istehsalıdır. Texnoloji avadanlığın daşınması, quraşdırılması və sınaqları da italiyalı mütəxəssislərin rəhbərliyi və iştirakı ilə aparılıb. Zavodun ərazisində ikimərtəbəli inzibati bina, istehsalat proseslərinə və hazır məhsullara texniki-kimyəvi və mikrobioloji nəzarət üçün laboratoriya, yeməkxana, konfrans zalı yaradılıb. Burada, həmçinin qonaq evi də inşa olunub. Zavodun həyəti də abadlaşdırılıb, yaşıllıq zolağı salınıb.
Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirib, kollektivə uğurlar arzulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR