Ucarda taxıl biçini bahalaşıb

Ucarda taxıl biçini bahalaşıb
# 05 iyun 2012 13:32 (UTC +04:00)
Ucar. Zahid Abışov - APA. Ucar rayonunda taxıl biçini bahalaşıb. APA-nın yerli bürosunun məlumatına görə, artıq bir neçə gündür Aran bölgəsində taxıl biçininə başlansa da, biçimin qiymətində artım müşahidə olunur.

Ötən illərdə kənd sakinləri hər hektar taxılın biçini üçün 27-30 manat ödəyirdisə, bu il Ucar rayonunda bu rəqəm 35-40 manata qaldırılıb. Qonşu Göyçay və Zərdab rayonlarında isə taxıl biçiminin qiyməti ötən illərdə olduğu kimi 27-30 manat təşkil edir.

Əkinçiliklə məşğul olan kənd sakinləri min bir əziyyətlə əkib becərdikləri məhsulun yığılmasında qiymət artımı ilə yanaşı, kombayn qıtlığının da olduğunu deyirlər. Onların sözlərinə görə, hər kənddə 1 və ya 2 kombayn işləyir ki, bu da becərilmiş taxılın vaxtında itkisiz yığılması üçün kifayət etmir.

Ucar Rayon İcra Hakimiyyətindən bildirilib ki, 28 kənddə taxıl biçininə 44 kombayn cəlb olunub ki, bunlardan da 18-i digər rayondan gətirilmə kombaynlardır. Buna baxmayaraq, rayonda kombayn qıtlığı var. Lakin hər hektar taxılın biçini üçün 35-40 manat deyil, 27 manat tələb olunur. Bununla bağlı bütün kombayn sahiblərinə tapşırıq verilib: “Qiymət artımı barədə bizdə heç bir məlumat yoxdur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR