Dünya Bankı Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına dair əsas hədəflərini müəyyənləşdirib

Dünya Bankı Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına dair əsas hədəflərini müəyyənləşdirib
# 19 iyun 2012 15:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Dünya Bankı (DB) Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafında əsas hədəflərini müəyyənləşdirib. «APA-Economics»in məlumatına görə, bu barədə iyulun 1-də vəzifəsini tərk edən DB-nin Cənubi Qafqaz üzrə regional meneceri Əsəd Alam bildirib.

Onun sözlərinə görə, DB-nin əsas məqsədi Azərbaycanın kənd təsərrüfatı sahəsində məhsuldarlığın və toxumların keyfiyyətinin artırılmasına nail olmaqdır: «Eyni zamanda biz kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə bazar arasında əlaqənin yaradılmasını yaxşılaşdırmaq, yəni müxtəlif anbarların tikintisini həyata keçirmək, sahənin maliyyələşdirməsini bir qədər də artırmaq və s. nail olmaq niyyətindəyik. Azərbaycanda kənd təsərrüfatı sahəsinin potensialından tam istifadə etmək üçün qeyd edilənlər tam icra olunmalıdır».

Kənd təsərrüfatı sahəsində 2013-cü ildə yeni layihələrin həyata keçirəcəyini bildirən Ə.Alam onu da qeyd edib ki, Azərbaycan hökuməti ilə danışıqlardan sonra DB bu sahədə yeni layihələrə daxil olacaq komponentləri müəyyənləşdirəcək.

«Biz həmçinin Azərbaycanda kənd təsərrüfatı sahəsində boşluqların aradan qaldırılması, sahənin kommersiyalaşdırılmasına, ilkin və emal olunan məhsulların rəqabətə davamlılığına nə cür nail olmaq olar, ixrac yönümlü məhsulların istehsalının artırılması və s. istiqamətdə təhlillər aparırıq», - deyə Ə.Alam bildirib.

Qeyd edək ki, bu vəzifədə 3,5 il çalışan Ə.Alamı bundan öncə Cənubi Qafqaz regionu üzrə nəqliyyat proqramının rəhbəri vəzifəsində çalışan Henri Kerali əvəz edəcək. O, vəzifəsinin icrasına cari ilin iyulun 1-dən etibarən başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR