Bakı-APA. Azərbaycanın Macarıstandakı səfirliyinin və Macarıstan Milli Olimpiya Komitəsinin (MOK) birgə təşkilatçılığı ilə “Bakı-2015” I Avropa Oyunlarında iştirak edəcək macar komandasının Azərbaycana yola salınması ilə bağlı mərasim keçirilib.
Səfirlikdən APA-ya verilən məlumata görə, oyunlara Macarıstandan 200-dən çox atlet qatılacaq. Bütünlükdə isə macar komandasının tərkibinə 300 nəfərə yaxın idmançı və idman mütəxəssisi daxildir.
Macarıstan MOK-nin baş katibi Bence Çabo Bakıda yüksək səviyyədə təşkil olunan Birinci Avropa Oyunları ilə Avropa idmanının tarixində yeni səhifə açıldığını bildirib. O, ev sahiblərinin əsl idman mübarizəsi üçün tələb olunan bütün şəraiti yaratdığını deyib və Bakının təcrübəsinin sonrakı illərdə bu cür böyük idman yarışlarının keçirilməsinə ev sahibliyi edəcək ölkələr üçün zəruriliyini vurğulayıb.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev son illərdə ölkəmizdə idmanın inkişafına göstərilən yüksək qayğıdan söz açaraq, Bakının 49 Avropa ölkəsindən gələcək 6 min atleti yüksək səviyyədə qəbul etməyə hazır olduğunu bildirib.
Macarıstan Milli Resurslar Nazirliyinin dövlət katibi İştvan Simiçko və Macarıstan MOK-nin icraçı direktoru Laslo Fabian çıxışlarında macar idmançıların qarşısında duran vəzifələrdən danışıblar.
Macar idmançıların ilk dəstəsinin Bakıya iyunun 6-da yola düşməsi nəzərdə tutulur.