Azərbaycanda kənd təsərrüfatı istehsalı I yarımillikdə 5% artıb

Azərbaycanda kənd təsərrüfatı istehsalı I yarımillikdə 5% artıb
# 01 avqust 2013 12:46 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci yarısında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsul istehsalının faktiki qiymətlərlə dəyəri 2,123 mlrd. manat olub və 2012-ci ilin müvafiq dövrünə nisbətən 4,9%, o cümlədən bitkiçilik məhsulları istehsalı 4,5%, heyvandarlıq məhsulları istehsalı isə 5,1% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ölkədə yazlıq bitkilərin əkini əsasən başa çatıb. İyunun 24-ü vəziyyətinə olan məlumatlara görə, 363,1 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 71,8 min hektarda dənli və dənli paxlalı bitkilər, 65,3 min hektarda kartof, 77,2 min hektarda tərəvəz bitkiləri, 28,5 min hektarda ərzaq üçün bostan bitkiləri, 23,4 min hektarda pambıq, 9,3 min hektarda dən üçün günəbaxan, 5,5 min hektarda şəkər çuğunduru, 1,2 min hektarda tütün, 73,5 min hektarda çoxillik, 3 min hektarda isə birillik otlar əkilib.

Tarlalarda və meyvə bağlarında bitkiçilik məhsullarının yığımı davam edir. İyulun 4-ü vəziyyətinə ilkin çəkidə 1 607,7 min ton taxıl məhsulu yığılıb.

Mövsümün əvvəlindən sahələrdən 274,9 min ton və ya keçən ilin müvafiq dövründəkindən 11,8% çox kartof, 343 min ton (+8,8%) tərəvəz, 35,6 min ton (-25,9%) ərzaq üçün bostan məhsulları, 80,3 min ton (+12,1%) meyvə və giləmeyvə toplanıb, 66,7 ton (+23,5%) tütün yarpağı yığılıb. Çay plantasiyalarından 288,8 ton yaşıl çay yarpağı yığılıb, 2012-ci il iyulun 1-nə nisbətən onun istehsalı 4% artıb.

Bundan başqa, 2013-cü ilin birinci yarısında diri çəkidə 221,5 min ton ət, 913 min ton süd, 685,4 mln. ədəd yumurta istehsal edilib və 15 min ton qoyun yunu qırxılıb. Ötən ilin birinci yarısına nisbətən ət istehsalı 6,9 min ton və ya 3,2%, süd istehsalı 56,6 min ton və ya 6,6%, yumurta istehsalı 85 mln. ədəd və ya 14,2%, yun istehsalı isə 378 ton və ya 2,6% artıb.

İyulun 1-i vəziyyətinə keçən ilin eyni dövrü ilə müqayisədə qaramalın sayı 1% artaraq 2 730,7 min başa, o cümlədən inək və camışların sayı 1,2% artaraq 1 308,9 min başa, qoyun və keçilərin sayı 1% artaraq 8 832,7 min başa çatıb. İri buynuzlu mal-qaranın 47,9%-ni məhsuldar inək və camışlar təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR