Azərbaycanda müasir aqropark yaradılacaq

Azərbaycanda müasir aqropark yaradılacaq
# 02 mart 2016 13:42 (UTC +04:00)


Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda aqrar elm sahəsində ciddi irəliləyişlərə nail olmaq üçün elmi tədqiqat müəssisələrinin yenidən qurulması, planlı modernləşmənin həyata keçirilməsi, molekulyar-genetik tədqiqatların aparılması üçün potensialın yaradılması vacibdir.

APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkbərov AMEA Rəyasət Heyətinin iclasında çıxışı zamanı təklif edib ki, seleksiyanın dövlətin mənafeyinə və bazarın tələbatına uyğun yeni strategiyası, prioritet bitkilərin seleksiyası üzrə dövlət proqramları hazırlanaraq həyata keçirilməlidir.

Onun sözlərinə görə, strategiya və proqramlar əsasında prioritet ərzaq bitkilərinin yüksək məhsuldar, davamlı sort, forma və hibridlərin yaradılması üçün seleksiya metodlarının tətbiqi vacibdir: “Yüksək məhsuldar sortların seçilməsinə imkan yaratmaq üçün dövlət sort sınağı sistemi təkmilləşməli, bütün torpaq-iqlim şəraitlərini əhatə etməlidir. Keyfiyyətli məhsulun alınmasının əsas şərtlərindən biri də toxumçuluq işinin elmi əsasda düzgün qurulmasıdır”.

Z. Əkbərov əlavə edib ki, AMEA-nın "Xızı" Kənd Təsərrüfatı İstehsalat Kompleksinin bazasında aqrobiznes sektorunun bütün sahələrini əhatə edəcək müasir aqroparkın yaradılması nəzərdə tutulur.

Onun sözlərinə görə, kənd təsərrüfatının inkişafı üçün müasir informasiya texnologiyalarından istifadə etməklə sahənin tam elektronlaşdırılması dövrün tələbidir. O qeyd edib ki, torpaq, su, bitki və s. haqqında biliklərin, təhlillərin, kartoqramların, kadastr və müasir texnologiyalar haqqında kompleks məlumatların toplandığı interaktiv rəqəmsal ekspert sistemləri də yaradılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR