Nazir: “Azərbaycanla Fransa arasında aqrar sahədə əməkdaşlığı genişləndirmək üçün böyük potensial var”

Nazir: “Azərbaycanla Fransa arasında aqrar sahədə əməkdaşlığı genişləndirmək üçün böyük potensial var”
# 11 fevral 2015 16:05 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransa Senatının üzvü, keçmiş nazir Jan-Mari Bokelin başçılıq etdiyi Fransanın Elzas regionunun nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş. Mustafayev Azərbaycan və Fransa arasında siyasi və iqtisadi əlaqələrin uğurla davam etdiyini, ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində yüksək səviyyəli görüşlərin və qarşılıqlı səfərlərin önəmini qeyd edib. Bildirilib ki, iki ölkə arasında ticarət əlaqələri genişlənir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir, Fransız şirkətləri ölkəmizdə neft-kimya, qida sənayesi, kənd təsərrüfatı, maşınqayırma, turizm və s. sahələrdə uğurla fəaliyyət göstərirlər. “Azərbaycan Fransanın bir sıra regionları ilə fəal əməkdaşlıq edir. Elzas regionundan olan nümayəndə heyətinin Azərbaycana səfəri Fransa regionları ilə əlaqələrin daha da genişləndirilməsinə öz töhfəsini verəcək”, - deyə nazir bildirib.

Azərbaycan ilə Elzas regionu arasında əməkdaşlığın genişləndirilməsi imkanları barədə danışan Ş. Mustafayev sənaye sahəsində, eləcə də sənaye parklarında Fransız şirkətlərinin iştirakı, kənd təsərrüfatı, şərabçılıq və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial olduğunu deyib. Nazir Azərbaycanın etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi olduğunu, ölkədəki siyasi və makroiqtisadi sabitliyi vurğulayaraq investorlar üçün əlverişli şərait yaradıldığını vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Ş. Mustafayev Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğunu və münaqişənin regional əməkdaşlığın inkişafına ən ciddi təhdid olduğunu vurğulayıb.

Jan-Mari Bokel iki ölkə arasında əlaqələrin inkişafını qeyd edib, iqtisadi əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Görüşdə iştirak edən digər fransalı qonaqlar əlaqələrin inkişafı perspektivləri barədə fikirlərini bölüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR