Prezident İlham Əliyev: “Keçən il kənd təsərrüfatı 4,1 faiz artıb”

Prezident İlham Əliyev: “Keçən il kənd təsərrüfatı 4,1 faiz artıb”
# 10 yanvar 2018 20:37 (UTC +04:00)

“Əminəm ki, 2018-ci il də kənd təsərrüfatının inkişafı üçün uğurlu olacaqdır. Keçən il kənd təsərrüfatı 4,1 faiz artıb. Bu, yaxşı göstəricidir. Biz həm ərzaq təhlükəsizliyi məsələlərini həll edirik, həm də kənd təsərrüfatının bizim üçün ənənəvi olan texniki sahəsini inkişaf etdiririk.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı qeyd edib ki, keçən il bölgələrdə pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirələr keçirilib, bir neçə dövlət proqramı qəbul edilib: “Biz görürük ki, bu sahələrdə çox böyük inkişaf var. Bu sahələrə göstərilən diqqət həm iş yerlərinin yaradılmasına gətirib çıxarır, həm də ixrac potensialımızı artırır. Digər sahələrdə - sitrusçuluq, çayçılıq, çəltikçilik sahələrində də inkişaf var. Heyvandarlığa çox böyük diqqət göstərilir və bu il ölkəmizə minlərlə baş cins mal-qara gətiriləcək. Bilirəm ki, 40-dan çox aqroparkın arasında heyvandarlıq arqoparkları da önəmli yer tutur. Beləliklə, əminəm ki, biz yaxın gələcəkdə özümüzü ət və süd məhsulları ilə tam şəkildə təmin edəcəyik”.

Prezident deyib ki, yeni kənd təsərrüfatı texnikasının alınması üçün 160 milyon manat vəsait nəzərdə tutulub: “Burada əsasən taxılbiçən, pambıqyığan kombaynlar, traktorlar, qoşqular, digər avadanlıq nəzərdə tutulur. Keçən il isə ölkəmizə 10 min kənd təsərrüfatı texnikası gətirilib. Dövlət vəsait ayırır, texnika gətirir, lizinq yolu ilə fermerlərə verir. Əlbəttə ki, rentabellilik olmalıdır. Bəzi sahələr rentabelli sahələrdir, bəzi sahələr subsidiya hesabına yaşamalıdır. Bu, inkişaf etmiş ölkələrdə də belədir. Orada da subsidiyalar var, orada da dövlət fermerləri dəstəkləyir ki, ərzaq təhlükəsizliyi təmin edilsin, iş yerləri yaradılsın. Biz də bu yolla gedirik. Ona görə əgər hansısa kənd təsərrüfatı sahəsində istehsal o qədər də rentabelli deyilsə, bu, böyük faciə deyil, bundan faciə düzəltmək lazım deyil. Dövlət ilkin mərhələdə öz dəstəyini göstərir, bundan sonra hər şey yoluna düşəcək. Necə ki, biz indi kənd təsərrüfatının istehsalında bu artımı görürük. Əgər dövlət lazım olan vaxtda öz dəstəyini göstərməsəydi, bu gün kənd təsərrüfatında 4,1 faiz artımdan söhbət belə gedə bilməzdi və əksinə, bəlkə də bu sahə tənəzzülə uğrayardı. Biz indi meliorativ tədbirlər də görürük. Biz unudulmuş sahələri də bərpa edirik, o cümlədən zeytunçuluğu. Bu il minlərlə hektarda zeytun bağları salınacaq. Arıçılığın da çox böyük ixrac potensialı var. Azərbaycan dünya miqyasında arıçılıq, bal istehsalı sahəsində önəmli yer tuta bilər, müvafiq göstərişlər verilib. Əminəm ki, 2018-ci ildə yaxşı nəticələr olacaqdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR